Azərbaycanda bu ilin yanvar-aprel aylarında bəzi iqtisadi göstəricilərdə azalma müşahidə olunub.
Modern.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə neft-qaz ÜDM-i ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalıb.
Məlumata görə, ümumi daxili məhsul (ÜDM) 39 milyard 875,1 milyon manat təşkil edib. Ümumi iqtisadi artım 0,2 faiz olsa da, bəzi sahələrdə geriləmə qeydə alınıb.
Statistikaya əsasən, neft-qaz ÜDM-i 12 milyard 135 milyon manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz, mart ayı ilə müqayisədə isə 1,2 faiz azalıb.
Bundan başqa, qeyri-neft-qaz sektoruna yönələn əsas kapital investisiyalarında da azalma müşahidə edilib. Belə ki, qeyri-neft-qaz sektoruna investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz azalıb.