Modern.az

Ölü can...

Ölü can...

Ölkə

1 Aprel 2010, 11:27

“... qarşıda duran qocalıq dəhşətlidir, qorxuncdur, o heç bir şeyi geri vermir! Qəbir ondan mərhəmətlidir, heç olmasa qəbrin üstündə yazılır ki, “Burada insan dəfn edilmişdir”, lakin amansız qocalığın soyuq, hissiz üzündə heç bir şey oxuya bilməzsiniz!”

                N. V. Qoqol   

 

                                                                                                                         

Akstafa rayonu. Kəndin bir daxmasında yaşayan qoca ata və ölümünə sayılı günlər qalan oğlu. O, son günlərini qoca kişinin yanında keçirmək istədi. Paytaxtda yaşayan xanımından və qızından uzaqda...

Qızı Fəridə (ad şərtidir) ailənin yeganə övladıdır. Fəridə bizə ailə hekayətin danışır. Fəridənin valideynləri 1994-cü ildən rəsmən ayrılıblar. Atası Etibar Cabbarlı ( ad və soyad şərtidir) ikinci dəfə evləndikdən sonra, anası Sənubər Məhərrəmli (ad və soyad şərtidir) də ailə həyatı qurub. Fəridənin dediyinə görə, atasının ikinci evlilikdən bəxti gətirməyib. İkinci evlilikdən olan xanımı Minayə Rüstəmli (ad və soyad şərtidir) onun qazancı ilə ev aldıqdan sonra, atasını evə qoymayıb. “Atamın səhhəti ilə bağlı problemləri vardı. Rusiyada müalicə almağa getdi. Həkimlər onu cərrahiyyə əməliyyatına götürdülər. Bir müddət xəstəxanada qalandan sonra Bakıya qayıtdı. Minayə atamı evə qoymadı. Evin qıfılını da dəyişmişdi. Atam səhhətinin pisləşdiyi vaxtda bacısının, qardaşının, atasının  yanında qalmalı oldu”.

Etibar Cabbarlı bir müddət qohumlarının evində yaşadıqdan sonra Akstafaya, atasının yanına gedir. Uzun sürən xəstəlikdən sonra orada dünyasıını dəyişir. O, qaraciyər çatışmazlığından vəfat edir.

Minayə Rüstəmli Fəridənin ittihamları ilə razılaşmır. “Fəridə deyir ki, mən evi Etibarın pulu ilə almışam. Etibarın daimi iş yeri olmayıb. İki ay işləyəndə beş-altı ay işsiz qalırdı. İşlədiyi vaxtda da aldığını içkiyə verirdi”. Məktəbdə müəllimə işlədiyini deyən Minayə xanım yüksək maaş aldığını və əlavə qalan vaxtda uşaq hazırlaşdırdığını qeyd edir. Bu gəlirləri və qardaş-bacısından borc aldığı pulla ev aldığını deyir: “Etibarın o evin alınmasında bir manat da pulu çıxmayıb. Mən ev alanda o, Rusiyada idi. Evin alınmasından heç  xəbəri olmayıb”. Minayə xanım deyir ki, əri Rusiyadan qayıdandan sonra həkimə aparıb və ona xəstəxanada yatmalı olduğunu deyiblər. İyirmi  gün xəstəxanada qaldığı vaxtda ərinə lazımınca qulluq göstərib. “Xəstəxanadan çıxandan sonra da mənim yanımda qalıb. Evin açarın dəyişməmişəm, Etibarı da evdən qovmamışam”. Minayə Rüstəmli əlavə edir ki, əri xəstəliyinin ölümcül olduğunu bilirdi, ona görə də onu  məcbur edirdi ki, evi satsın. Buna razılıq vermədiyinə görə əri evdən gedib.

M.Rüstəmli deyir ki, Fəridə atasına qarşı kobud davranıb. “Fəridə və anası Sənubər onu dəfələrlə döyüb. Paltarlarını cırıq-cırıq edib, evdən qovublar. Qızı olacaq adam “sən mənim atam deyilsən, mənim atam var” deyib, onu qapıdan qovub. Etibarı “qızıllarımızı oğurlamısan”  deyə tutdurublar. Bir həftə polislər onu saxladıqdan sonra azad ediblər. Etibar daim deyirdi ki, o adda qızı yoxdur”.

Etibar Cabbarlı Akstafaya getməmişdən öncə Yasamal rayonu VVADQ (Vətəndaş Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı) şöbəsinə  Minayə Rüstəmli ilə olan nikaha xitam verilməsi üçün ərizə təqdim edib. Minayə boşanmağa gəlmədiyinə görə icra orqanı nikaha xitam verə bilməyib. Fəridə isə deyir: “Atam Xətai rayon Məhkəməsində nigahın pozulmasına dair iddia ərizəsi verib, ancaq Minayə Rüstəmli yenə də məhkəməyə gəlməyib. Atamın vəfat etməsindən xəbəri olmayan hakim iddianı təmin edib və nikahın pozulmasına dair qətnamə qəbul edib.”

Etibar Cabbarlının ölümündən bir aya yaxın vaxt keçsə də, bundan xəbərdar olunmayan  hakim  mərhumun boşanmaq haqqında iddiasını təmin edib.

Bir müddət sonra Minayə Rüstəmli nikahın pozulmasına dair məhkəmə qətnaməsindən apellyasiya şikayəti verib.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 163-cü maddəsinə əsasən,  nikahı ləğv edilmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.1 maddəsində göstərilir ki, “Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikah xitam verilmiş sayılır”.

Apellyasiya Məhkəməsi Xətai rayon məhkəməsinin 22 yanvar 2007-ci il tarixli nikahın pozulmasına dair qətnaməsini ləğv edib. Minayə Rüstəmlinin şikayəti təmin olunub. Fəridə Cabbarlı deyir ki, “Minayə Rüstəmli atamın ev üzərindəki ½  hissə payını əldə etmək üçün  apellyasiya şikayəti verib”.

O, Xətai rayon Məhkəməsinə yazdığı iddia ərizəsində Minayə Rüstəmlinin ləyaqətsiz vərəsə sayılmasını və vərəsəlik hüququndan məhrum edilməsini xahiş edib. Minayənin adına qeydiyyatdan keçirilmiş evin ½ hissəsini özünə və babası Mədət Cabbarova verilməsini  istəyib. Mədət Cabbarov eyni iddia ilə Xətai rayon Məhkəməsinə müraciət edib. Minayə Rüstəmli isə Konstitusiyanın 13-cü (Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur) və 29-cu (Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur) maddələrini əsas gətirərək iddianın ləğv olunmasını xahiş edib. Ardınca məhkəməyə qarşılıqlı iddia ərizəsi yazaraq Fəridənin iddia tələbinin əssasız hesab edilməklə rədd olunmasını, qızın ləyaqətsiz vərəsə sayılaraq vərəsəlik hüququndan məhrum olunmasını xahiş edib.

Azərbaycan dilinin izahlı lüğətində “ləyaqət” sözü “insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissi” kimi verilib. İkinci mənası qabiliyyət, bacarıq, istedad və iqtidardır. “Ləyaqətsiz” sözü isə “layiq olmayan, ləyaqəti olmayan, layiqsiz, nalayiq” kimi izah olunur. Sözün digər mənası “qabiliyyətsiz, bacarıqsız, istedadsız”dır.

Vəkil Namizəd Səfərov “ləyaqətsiz vərəsə” ifadəsini hüququ termin olaraq  uğurlu hesab etmir: “Məhkəmədə ləyaqətsiz sözü işlədiləndə, bu söz insanlara mənən toxunur. Hakim də o zaman deyir ki, müvafiq halda söhbət qanunda öz əksini tapmış sözdən gedir. Mənə elə gəlir ki, daha uyğun söz tapmaq olardı. “Ləyaqətsiz” sözü başqa mənalarda işlədilir. Lüğətlə qanunda işlədilən “ləyaqətsiz” sözü uyğun gəlmir.”

Ali Məhkəmənin Mülki işlər üzrə hakimi Əsəd Mirzəliyev “ləyaqətsiz vərəsə” ifadəsinin vərəsəyə münasibətdə deyildiyini əsas gətirir: “Qanun bu ifadəni həmin şəxsin həyatdakı digər hərəkətləri ilə bağlı demir. Vərəsə hesab olunan şəxs miras qoyan şəxsə qarşı qayri-qanuni hərəkətlərə yol verirsə, təbii ki, onu bu cür adlandırmaq olar”.

“Hüquqi Dövlət” Araşdırmalar Fondunun prezidenti, Vəkillər Kollegiyasının üzvü Müzəffər Baxışov hesab edir ki, “ləyaqətsiz vərəsə” ifadəsi həm Azərbaycan dili qanunlarına, həm də xalqımızın mentalitetinə görə ən uğurlu termindir.

“Ləyaqətsiz vərəsə” ifadəsinin hüquqi izahı Mülki Məcəllənin 1137-ci maddəsində belə göstərilib. “Ləyaqətsiz vərəsə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin”.

Hakim Əsəd Mirzəliyev Mülki Məcəllənin 1143-cü maddəsini əsas gətirərək qeyd edir ki, l”əyaqətsiz vərəsə” sayılma barədə iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyi  başlandığı andan 5 il ərzində irəli sürməlidirlər. Qanundan da aydın olur ki, bu, şəxsin sağlığında yox, ölümündən sonradır. O şəxslər iddia qaldıra bilər ki, həmin şəxs ləyaqətsiz vərəsə hesab olunanda onun mirasdakı payı artır.

Vəkillər Kollegiyasının üzvü Müzəffər Baxışov bu iki qanundan çıxış edərək deyir: “Qanunun məzmunundan belə çıxır ki, ləyaqətsiz vərəsəni elan etmə mirasdan sonrakı mərhələdə, əmlak payı əldə edənlərin iddiası ilə məhkəmə tərəfindən müəyyənləşdirilir. Bu məhkəmə işində ləyaqətsiz vərəsəliyin tətbiq edilməsinin heç bir hüquqi əsası yoxdur”.

Vəkil Namizəd Səfərovun fikrincə, ləyaqətsiz vərəsəliyi sübut etmək çox çətindir. Bunun üçün xüsusi sübutlar tələb olunur.

Hakim Əsəd Mirzəliyev bu fikirlə razılaşsa da, ləyaqətsiz vərəsənin miras qoyanın sağlığında açıqlanmasını qəbul etmir. “Aşağı instansiya məhkəmələrinin hakimləri, hakimliyə namizədlərlə görüşəndə onlar deyirlər ki, ləyaqətsiz vərəsənin elan olunması şəxsin sağlığında açılmalıdır. Bu, miras qoyanın sağlığında yox, vəfatından sonra ola bilər. Şəxs nə qədər sağdır, onun əmlakına miras demək olmaz”.

Əsəd Mirzəliyev “ləyaqətsiz vərəsə” elan olunmaqla bağlı qarşılıqlı iddiaları əssasız hesab edir. “Qızı ilə atasının münasibətləri pis olubsa, qızı ona hörmətsizlik edibsə, bu ləyaqətsiz vərəsə hesab olunması üçün yetərli deyil. Qanun göstərir ki, miras qoyanın son iradəsinə zidd gedən şəxs ləyaqətsiz vərəsə hesab olunur. Atasının sağlığında onunla münasibətləri pis olubsa, bu hələ ləyaqətsiz vərəsə hesab olunması üçün kifayət deyil.”

Fəridə Cabbarlının Minayə Rüstəmlinin boşanma məhkəməsinə gəlmədiyinə görə məhkəmənin təxirə salınmasını və beləliklə Etibar Cabbarlının son iradəsinə qarşı çıxmasını əsas gətirərərək onun “ləyaqətsiz vərəsə” hesab olunmasını məhkəmədən xahiş edir.  Hakim Ə.Mirzəliyev  bu iddia ilə razılaşmır. “Məhkəməyə gəlməmək işə baxılması üçün maneə deyil. Maneə o halda olur ki, cavabdeh tərəfə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməyibdir. Əgər lazımi qaydada xəbərdar olunubsa və məhkəməyə gəlməkdən imtina edirsə, müzakirələrə onun iştirakı olmadan baxılmasına məhkəmənin ixtiyarı var. Bu onun son iradəsinin ziddinə hərəkət hesab oluna bilməz. Bu cür qənaəti düzgün hesab etmirəm”.

Xətai Rayon Məhkəməsi hər iki iddiaçının “ləyaqətsiz vərəsə” elan olunması ilə bağlı iddialarını ləğv edən qətnamə qəbul edib. Hər iki iddiaçı Xətai rayon Məhkəməsinin qəbul etdiyi qətnamədən Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.  Miras davası davam edir. Onlara isə kənardan bir qəbir daşı baxır. Sevinc Vaqifqızı

  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir