AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
Çağdaş dövrdə milli ideologiya problemi ilə bağlı şüurlarımızda tərəddüd etməyimizin başlıca səbəbi odur ki, Azərbaycan xalqının ayrı-ayrı təbəqlərində, o cümlədən düşünən beynində kifayət qədər ziddiyyətlər vardır. Bu ziddiyyətlərin kökləri nədir? Bir tərəfdən, milli ideolgiya məsələsinə, Sovetlər Birliyi dövründə yaşamış insanların fərqli baxışları var. Biz istəsək də, istəməsək də bu bir reallıqdır ki, bugünkü Azərbaycan insanlarının xeyli qismi SSRİ dövründə tərbiyə və təhsil alıblar. Şübhəsiz, onların əksəriyyətinin milli ideya, milli ideologiya anlayışlarına özünəməxsus münasibətləri vardır. Bu münasibətdən dolayı onları ittiham etmək, əsasən doğru deyildir. Ancaq bu o da demək deyil ki, hökmən yeni nəsil onlarla hansısa məsələlərdə ya razılaşmalı, ya da inkar yolu tutmalıdır. Burada ilk növbədə, ortaq nöqtələr tapılmalı və uzlaşdırmalar olmalıdır.
Fikrimizcə, SSRİ dövrünün ziyalılarının milli ideya və milli ideologiya problemlərinə münasibətində, o dövrün təhsil və tərbiyəsi özünü çox büruzə verir. Bu bir növ onların əksəriyyətinin istəsə belə, qurtula bilmədiyi «xəstəlik»dir. Əgər uzun müddət bir nəslin şüuruna hər gün, hər saat, hər dəqiqə eyni informasiyalar yeridilərsə, eyni sözlər təkrarlanarsa bu təsirsiz ötüşməyəcəkdir. SSRİ ideoloqları da Azərbaycan işğal olunduqdan sonra addım-addım məhz milli şüuru öldürməyə və onu qeyri-milli şüurla əvəz etməyə çalışmışlardır.
SSRİ ideoloqları bunu həyata keçirmək üçün ilk dövrlərdə milli ziyalıların əksəriyyətinə toxunmamış, əksinə müəyyən mənada onlara milli varlıqlarını və dini kimliklərini ifadə etmək üçün «şərait» yaratmışlar. Ancaq çox keçmədən bəlli olmuşdur ki, bu zaman SSRİ rəhbərliyi və onun ideoloqları həmin zaman kəsiyində heç zaman milli ideyalardan (türkçülük və islamçılıqdan) dönməyəcək ziyalılarımızı bir-bir gözaltına almış, zaman-zaman repressiya etmişlərdir.
Bu zaman yalnız fiziki repressiya həyata keçirilməmişdir. Əslində fiziki repressiya SSRİ rəhbərləri və ideoloqları üçün məsələnin yalnız bir tərəfi idi. Onların əsas məqsədi Azərbaycan türk insanının milli şüurunu məhv etmək, onun yerində yeni bir nəsil yetişdirmək və yeni bir ictimai şüur formalaşdırmaq idi. Elə bir nəsil ki, türklüyə və islamlığa yad gözlə baxsın. Başqa sözlə, həm milli kimliyinə, həm də dininə nifrətlə böyüdülsün. Bunu həyata keçirmək üçün əvvəlcə milli ziyalılar represssiya olundu, daha sonra milli şüurun qeyri-milli şüurla, yaxud da sovet və beynəlmiləlçi əsaslı «milli şüur»la əvəz olunmasına başlandı.
Maraqlıdır ki, sovet və beynəlmiləlçi əsaslı «milli şüur» formalışdırılarkən yenidən repressiya olunmuşlara müraciət edildi, hətta onlara bəraət verildi, günahsız olmaları barədə məhkəmə qərarları çıxarıldı. Ona görə yox ki, SSRİ rəhbərləri və ideoloqlarının fiziki cəhətdən repressiya edib, mənəvi cəhətdən yoxsul buraxmaq istədikləri Azərbaycan türklərinə ürəkləri yanırdı. Əsla. Sadəcə, bu bəraətlər sovet və beynəlmiləlçi əsaslı «milli şüur»u Azərbaycan cəmiyyətində təbliğ etmək üçün lazım idi. Bu zaman repressiya olunmuş milli ziyalılara da ancaq sovet beynləmiləlçiliyi ideyası əsasında müraciət olunurdu.
Çünki SSRİ ideoloqları da yaxşı anlayırdılar ki, bir cəmiyyəti, milləti yaşadan onun sözün həqiqi mənasında milli ziaylı adına layiq olanlardır. Əgər cəmiyyəti, milləti yaşadan bu cür milli ziyalıllar yoxdursa, onda həmin millət də milli ruhdan yoxsul qalacıqdır. Əvəzində isə onu hansısa qeyri-müəyyən «Sovet ruhu», «Sovet beynəmiləlçiliyi» ideyaları ilə silahlanmış «milli ziyalılar» tutacaqdır. Beləliklə, sovet dövrünün milli ziyalısı da, ancaq onların istədiyi şəkildə milli ziyalı ola biləcək. SSRİ dövrünün yetişdirdiyi «milli ziyalı»nın türklüyə, islamlığa baxışı da yalnız və yalnız sovet beynəlmiləlçiliyi və xalqlar dostluğu ideyasından kənara çıxmayacaqdır.
Beləliklə, son 50 ildə Azərbaycanda milli ziyalınının yerini «Sovet ruhlu», «beynəlmiləlçi» ruhlu ziyalılar tutmağa başladı. Çünki fiziki repressiyalar nəticəsində 1920-1930-cu illərdəki «pantürkçü», «panislamçı» adı ilə damğalanmış milli ziyalılardan əsər-əlamət qalmamışdı. Onların əvəzində əsasən türklüyə, islamlığa az qala tamamilə yad gözü ilə baxan yeni bir ziyalı təbəqəsi və həmin təbəqənin də təmsil olunduğu Sovet Azərbaycanı nəsli yetişmişdi. Əlbəttə, Sovet Azərbaycanının milli ziyalısı və nəsli ilə 1930-cu illərə qədərki milli ziyalılar və nəsil arasında bağ əsasən qırılmış, aralarında bir uçurum yarıdılmışdı. Bu uçurum ilbəil daha da dərinləşdirilmiş, bunun da nəticəsi olaraq milli şüur ciddi şəkildə zədələnmişdir.
Bu mənada, bugünkü nəsilin xeyli bir hissəsinin milli şüuru əsasən, SSRİ dövründə formalaşmış sovet ruhlu şüurun yeni bir formasıdır. Belə demək mümkündürsə, burada daha çox müəyyən forma və məzmun dəyişmişdir. Ancaq mahiyyət etibarilə əsasən heç nə dəyişməmişdir. Məsələn, sovet dövründə təhsil və tərbiyəsi almış yaşlı nəsil arasında, əsasən türklüyünü, müsəlmanlığı dərk edənlərlə (etməyənlər yox) belə, yeni nəslin türklüyə, müsəlmanlığa baxışı eyni deyildir. Halbuki türklük və islamlıq mahiyyətcə bəllidir. Ancaq istər türklüyü və islamlığı qəbul edən, istərsə də qəbul etməyən bu sovet dövründə yaşımış nəsil və onların düşünən beyinləri milli ideyalara öz açılarından yanaşır və bunda da haqlı olmalarına əsla şübhə etmirlər.
Bu, heç də sadə bir məsələ deyildir. Əslində qısa zaman kəsiyində milli şüur məsələsində ciddi dəiyşikliklərin baş verməsini gözləmək sadəlövlhük olardı. Ancaq o da sadəlövlükdür ki, SSRİ dövründə sovet və beynəlmiləlçi ruhda yetişmiş ziyalılardan yeni nəslə milli ruh öyrətməyi, təbliğ etməyi gözləyək. Əlbəttə, burada istisnalar ola bilər. Ancaq bu istisnalar yeni nəslin milli şüurunun formalaşmasında ciddi rol oynaya bilməz.
Əlbəttə, ümumilikdə beynəlmiləlçilik ilk baxışda mənfi bir anlayış deyildir. Ancaq baxır ona hansı millət nə cür yanaşır. Əgər SSRİ dövründə Azərbaycan vətəndaşı da, Qazaxıstan vətəndaşı da, Rusiya vətəndaşı da eyni hüquqları malik olsyadı, eyni hüquqlarla yaşasaydılar, onda bu beynəlmiləlçilik yaxşı ideya olardı. Ancaq bundan sui-istifadə edib biri o birsini əzirdisə, bu saxta beynəlmiləlçilik idi.
Hər bir insan, vətəndaş ilk növbədə, yaşadığı, doğulduğu Vətənin, tapındığı Dinin, və təmsil olunduğu Millətin nümayəndəsidir. Yalnız bunları dərk edəndən sonra bəşəri ideyalardan çıxış edilə bilər. Necə ola bilər ki, kimsə doğulduğu andan kosmopolit olub qeyri-müəyyən bir dildə danışsın. Bu, normal olaraq mümkün deyil.
Bəşəri ideyalardan Hüseyn Caviddə, Əhməd Cavadda başqası da yaza bilər və yazıblar da. Yer kürəsi burada yaşayan bütün insanların vətənidir. Ancaq birinci insanın doğulduğu ərazi onun vətənidir. İlk növbədə, hər bir insan üzərində dayandığı Vətəninin, təmsil olunduğu millətin dəyərini biməlidir. Bundan sonra bəşəri ideyalarla çıxış etməsi normal bir şeydir.
Deməli, həmin dövrdə SSRİ rəhbərləri və ideoloqları üçün kommunizm, beynəlmiləlçilik, xalqlar dostluğu ideyaları ilk növbədə vətən, millət, din anlayışlarını insanların şüurundan çıxartmaq üçün bir ideoloji silah olmuşdur. Bu gün o özünü Azərbaycanda Qərbin, yaxud da Avropanın demokratik ideyaları şəklində büruzə verir. Eyni zamanda bizə qonşu dövlətlər də, bu və ya digər dərəcədə beynəlmiləlçiliyin müxtəlif təzahürləri şəklində millətin şüuruna müəyyən mənada təsiri göstərirlər.
Milli ideyalara münasibət yüz il bundan öncə başqa, indi müəyyən qədər bir qədər fərqli ola bilər. Mən də razılaşıram ki, bizim düşüncələrimizə təsir etməsində şərait, dövr və mühit çox böyük rol oynayır. Təbii ki, bu belədir. 10-20 ildən sonra cəmiyyətin həyatında yeni bir dönəmə qədəm qoyulsa, bugünkü fikirlər də öz qüvvəsini itirə, ən azı korrektələr ola bilər. Ancaq nə olursa-olsun tarixi olduğu kimi, düzgün yazmaq və demək lazımdır. Bu tarixi və milli şüurun formalaşması üçün çox vacibdir.
Bu mənada milli ziyalı sözündə və yazısında kampaniyalara uyğunlaşmaqdan deyil, obyektivlik və elmlikdən çıxış etməlidir. Yəni məsələnin qoyuluşu dəqiq ifadə olunmalıdır. Bu kor-koranə, xüsusilə məddahlıq və yaltaqlıq formasında olmamalıdır. Milli ziyalı hər hansı fikrini yazmaq və ifadə etmək üçün kimsədən göstəriş və yaxud da, icazə gözləməməlidir. Başqa sözlə, alim taftalogiya ilə məşğul olmamalıdır. Əksinə əsil milli ziyalı odur ki, onun fikrinə hörmət göstərsinlər, onunla razılaşmağa məcbur olsunlar.