Azərbaycanda anti-Qərb əhval-ruhiyyəsinin məchul bir müddətə qədər artan xətlə inkişaf edəcəyi versiyasını dövlət rəsmilərinin ardı-ardına verilən bəyanatlarından, səslənən ən son mövqelərindən çıxarılan məntiqi nəticə qüvvətləndirir. Məntiq bundan ibarətdir ki, lap yaxınlıqdakı qütb zəif hesab olunan, amma öz yırtıcı xüsusiyyətlərini saxlayan güclü dünyadır və ağzını əjdaha kimi açıb keçmiş imperiya ərazilərini udmaq üçün bütün potensialını xərcləməyə hazırdır, odur ki, onu qəzəbləndirmək yox, tumarlamaq metodunu seçən dövlətlər geosiyasi savaşda beli sınanlardan deyil, müqavimətini saxlayanlardan ola bilər. Dünyanın hazırkı siyasi savaş episentrinə zaman etibarilə yeni qədəmlər atan Qərbdən müvəqqəti uzaqlaşmaq ovqatının kökündə də, əslində bu reallıqlar dayanır, müəyyən məsələlərə görə kəskin tənqid edilmək yox.
Proseslərə realist yanaşma hakimiyyəti ağıllı qərarverən kimi təqdim etsə də, bu da var ki, yaranmış yeni münasibətlər qlobal mənada götürüldükdə, nə hakimiyyətə fayda verir, nə də Qərbə. Lakin fayda götürən iki tərəf var. Bu ziddiyyətlərdən Rusiyanın mənafelərinin xeyir görməsi şübhə doğurmur. Eyni zamanda, gurultulu romantizm ölkə daxilində hakimiyyətə gedən yolları açmaq istəyən qüvvələrə lazımdır və birmənalıdır ki, Azərbaycanda Qərb əleyhinə siyasətin güclənməsi siyasi partiyalar, vətəndaş institutları, hətta siyasi arenaya daxil olmaq planları cızanlara da fayda gətirir, çünki onların fəallaşmasına, mövqelərinin güclənməsinə, davamlı mövcudluqlarına ciddi şans yaradır.
Təbii ki, kifayət qədər tənqid olunan, ondan uzaq məsafə saxlamaq qərarı verən Azərbaycanın bu soyuq davranışları qarşılığında Qərb sakit durmaq istəməyəcək və narazı sosial təbəqəni idarə edən müxalif spektri zəif durumdan çıxarıb, güclü rəqibə çevirmək üçün hərəkətə keçəcək.
Məlumdur ki, 2003-cü ildən sonra Qərb təşkilatlarının müxalifətlə çalışma tempi xeyli zəiflədi, hakimiyyətə “stavka”nın uzun prosesə çevrilməsi ilə alternativ düşərgənin ciddi maliyyə sıxıntıları yarandı, siyasi mübarizənin effektli aparılması problemə çevrildi, beləliklə, seçkilərdə Qərb mövqeyinin müxalifətin mövqeyi ilə kəskin olmasa da, çarpazlaşması opponent düşərgənin ictimai rəydə uduzması ilə sonuclandı. Bu hal müxalifətin özünü bir müddət Qərbin əleyhidarına çevirdi və münasibətlərdə baş verən soyuqluğu gizlətmək mümkün olmadı. 2013-cü ilin prezident seçkisində hakimiyyətin rəqiblərinin Rusiya ilə əlaqələrə cəlb olunmasında da müxalifəti zəif hesab edib onunla təmasları səngidən Qərbın laqeydliyi rol oynadı.
Məhşur Milli Demokratiya İnstitutunun birdən-birə yoxa çıxması, xeyli zamandır ki, müxalifətin ətrafında görünməməsi də adıçəkilən siyasi cinahın vahid qüvvə halında çıxış etməsinə, tədbirlər seriyası müəyyənləşdirməsinə öz mənfi təsirini göstərdi. Qərb açıq-aşkar ayrı bir qüvvə axtarışındaydı. REAL hərəkatın rəhbəri İlqar Məmmədovun iqtidardakıları hədəfə alan çıxışları da təsadüfi deyildi. İ.Məmmədovun İsmayıllı hadisələrinə görə həbs olunması ilə bağlı narahatlıqlarda yerli QHT-lərdən, siyasi təşkilatlardan qabaq Qərb, Avropa çevrələri, səfirlərın etirazı önə çıxırdı. Lakin bu həbs anti-təbliğatın təbliğat olması həqiqəti ilə REAL hərəkatını parlaq siyasi ulduza çevirə bilmədiyinə görə, Qərb klassik müxalifətin qərargahının ünvanını hafizəsində bərpa etməyə məcbur olur. Çünki Azərbaycanda müxalif spektrin zəifləməsi onun indiki və gələcək maraqlarına cavab vermir. Hakimiyyətlə döyüşmək, o cümlədən, Rusiya amilinin qarşısına çıxmaq prosesində ona daxildən dəstək lazımdır. Opponent düşərgənin əsas sahibləri isə hakimiyyətlə siyasi dialoqu rədd edən, Rusiya faktorunun qarşısına çıxmaqda təcrübəsi olan siyasi qüvvələrdir və Qərbdən etibarlı dəstək şərti altında aparılan siyasi mübarizəni daha da radikallaşdırmağa hazır olacağına heç bir şübhə yeri qoymur. Cəmiyyətin radikallaşması Qərbə sərf etdiyi kimi, müxalifətə də sərf edir, ona görə ki, uzunömürlü müxalifətçilik onu günbəgün zəiflədib meydandan çıxarma qorxusu altında saxlayır. Digər tərəfdən, siyasi mübarizənin məqsədi hakimiyyət zirvəsinin fəthidir ki, cəmiyyətin güclü təpkisi və beynəlxalq himayə olmadan bunu real etmək qeyri-mümkündür. Xatırladaq ki, müxalifət liderlərinin son açıqlamalarında belə bir nüans qabarır ki, Ukraynada müxalifətə verilən dəstək Azərbaycan müxalifətinə verilmədiyinə görə, alternativlər irəli çıxa bilmir. Bütün bu aspektlərdən əminlik yaranır ki, Qərb müxalifəti süstlükdən çıxarmaq üçün ona nəfəs verməyi təxirəsalınmaz planına çevirəcək, beləliklə, parlament seçkiləri ərəfəsində opponent düşərgənin canlanması ilə fərqli siyasi mənzərə ortaya çıxacaq. Burada isə müxalifətdən hansısa qüvvənin ənənəvi şəkildə hakimiyyətin maraqlarından hərəkət etməyəcəyinə zəmanət yoxdur və bu ehtimal müxalifəti çətinliklərdən sığortalamır. Yəni, Qərb dəstəyi hələ müxalifətin uğuru demək deyil.
Çünki bu fakt da var ki, Respublika gününə həsr edilmiş dövlət tədbirində prezidentin nitqində də bir qətiyyət, prinsipiallıq tonu var idi. Bu ton və təkrar-təkrar vurğulanma belə bir fikir yaradırdı ki, heç hakimiyyət də sakit durmayacaq. Aparılması vacib olan sosial-siyasi islahatları dərinləşdirəcək, xalqla dövlətin birliyini daha da möhkəmləndirmək üçün zəruri addımlar atacaq. Ona görə ki, belə bir pozitiv tendensiya qarşıda hərəkətə keçməyi planlayacaq və bunun üçün müxalifətdən yapışacaq Qərbin Ukrayna presidentini Azərbaycanda təkrarlamaq imkanlarını minimuma endirir. Bu şəkildə başlayacaq müxalifət-iqtidar rəqabətin nəticəsində isə, udan təbii ki, xalq olacaq. Çünki xalqa islahatlar və bu islahatların nəticəsində problemlərin aradan qalxması lazımdır ki, hakimiyyət hazırda bu siyasətə hazırlıq aparır.