Azərbaycanla İtaliya arasında münasibətlər klassik diplomatik çərçivəni çoxdan aşaraq Avropa–Cənubi Qafqaz xəttində formalaşan ən sabit və funksional strateji tərəfdaşlıq modellərindən birinə çevrilib. Bu münasibətlərin əsası siyasi bəyanatlara söykənmir, konkret iqtisadi və enerji layihələri üzərində qurulmasıdır.
Enerji-tərəfdaşlığın “sərt nüvəsi”
Bu gün Azərbaycan–İtaliya əlaqələrinin mərkəzində enerji dayanır və bu, təsadüfi deyil. İtaliya Azərbaycanın Avropadakı ən böyük enerji tərəfdaşıdır. Statistikaya görə, İtaliyada istehlak olunan neftin təxminən 17 faizi Azərbaycan mənşəlidir.
Bununla yanaşı, Cənub Qaz Dəhlizi və onun əsas seqmentlərindən biri olan TAP layihəsi də iqtisadi yönlüyü ilə yanaşı, həm də Avropanın enerji təhlükəsizliyi arxitekturasının mühüm elementidir. Azərbaycan qazının bu marşrutla Avropaya çıxarılması həm İtaliyanın enerji şaxələndirməsinə, həm də Aİ-nin Rusiya asılılığını azaltmaq strategiyasına xidmət edir.
Başqa sözlə, Bakı–Roma xətti Avropa enerji balansında strateji rol oynayan bir mexanizmə çevrilib.
Rəqəmlər nə deyir?
İqtisadi göstəricilər bu tərəfdaşlığın miqyasını açıq şəkildə ortaya qoyur.
2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 11,3 milyard dolları ötüb. Bu, İtaliyanın Cənubi Qafqazla ticarətinin 85 faizini təşkil edir. Azərbaycanın xarici ticarətində İtaliyanın payı 24 faizə çatır.
Bu rəqəmlər göstərir ki, İtaliya xüsusilə Avropa istiqamətində Azərbaycanın əsas iqtisadi “qapısıdır”.
Siyasi iradə, strateji sənədlər və lider diplomatiyası
İki ölkə arasında münasibətlərin bu səviyyəyə çatmasında siyasi iradə həlledici rol oynayıb. 2014-cü ildə imzalanmış strateji tərəfdaşlıq sənədi və sonrakı illərdə qəbul edilən birgə bəyanatlar əməkdaşlığın institusional bazasını formalaşdırıb.
Daha sonra 2020-ci ildə “çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsi” barədə sənəd bu əlaqələri yeni mərhələyə çıxardı.
Bu sənədlər bir məsələni göstərir, Azərbaycan–İtaliya münasibətləri situativlikdən uzaqdır, uzunmüddətli strateji plan üzərində qurulub.
İtaliya şirkətləri, iqtisadi inteqrasiyanın real daşıyıcıları
Əlaqələrin dərinliyini göstərən əsas amillərdən biri də İtaliya şirkətlərinin Azərbaycandakı aktivliyidir. “ENI”, “Saipem”, “Bonatti” kimi iri şirkətlər enerji və infrastruktur layihələrində milyardlarla avro dəyərində müqavilələr həyata keçiriblər.
Görünən odur ki, məsələ idxal–ixrac münasibətlərini adlayaraq real investisiya və texnoloji transfer prosesi fazasına keçib. Eyni zamanda SOCAR-ın İtaliya bazarında aktivləşməsi, xüsusilə downstream sektoruna daxil olması, münasibətlərin “iki istiqamətli” xarakter aldığını göstərir.
Yeni mərhələ, enerji sonrası əməkdaşlıq
Son illərdə diqqət çəkən məqam odur ki, əməkdaşlıq təkcə enerji ilə məhdudlaşmır. Təhsil sahəsində İtaliya–Azərbaycan Universiteti layihəsi, mədəniyyət və humanitar əməkdaşlıq, kosmos, müdafiə və sənaye sahəsində memorandumlardan ibarət geniş paketlər mövcuddur. Bu tendensiya göstərir ki, tərəfdaşlıq “resurs əsaslı model”dən “bilik və texnologiya əsaslı model”ə transformasiya edir.
Geosiyasi nəticə, Azərbaycan üçün Avropa platforması
İtaliya Azərbaycan üçün həm də Avropa İttifaqı daxilində mühüm siyasi dayaqlardan biridir. Tarixən də Roma Bakı ilə əməkdaşlıqda balanslı və praqmatik mövqe sərgiləyib. Bu gün isə İtaliya faktiki olaraq Azərbaycanın Avropa enerji bazarına inteqrasiyasında “qapı ölkə” rolunu oynayır.
İndi Azərbaycan–İtaliya münasibətləri klassik ikitərəfli əməkdaşlıq modelindən fərqlənir. Bu tərəfdaşlıq enerji təhlükəsizliyi üzərində qurulub, konkret iqtisadi nəticələr verir, siyasi sənədlərlə möhkəmlənib və getdikcə çoxşaxəli xarakter alır.
Məhz bu səbəbdən bu əlaqələri “strateji tərəfdaşlıq” kimi qiymətləndirmək doğru olmaz, əlaqələri “funksional ittifaq modeli” kimi xarakterizə etmək daha doğru görünür. Əgər mövcud dinamika qorunarsa, Azərbaycan–İtaliya xətti yaxın illərdə Avropa ilə inteqrasiyanın əsas sütunlarından birinə çevrilə bilər.
Elnur ƏMİROV