Modern.az

Göründüyündən daha dərin proses - YƏNİ NƏ?

Göründüyündən daha dərin proses - YƏNİ NƏ?

Aktual

Bu gün, 10:52

Çağdaş dünyanın siyasi xəritəsi həm sərhədlərlə, həm də münasibətlər sistemi ilə və daha da dərin qatlarda – sivilizasiya səviyyəli davranış kodları ilə müəyyən olunur. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirdiyi fikirlər cari diplomatik mövqedən daha üstün – yeni bir geosiyasi düşüncə modelinin konturlarını ortaya qoyur.

Bəli, sülh praktik mexanizmdir və o, deklarasiya sayıla bilməz.
Azərbaycan-Ermənistan münasibətlərində son dönəmdə müşahidə olunan dinamika, klassik diplomatik ritorikanın hüdudlarını aşaraq praktik sülh mexanizminə çevrilməkdədir. Sülhün sənədlərlə birgə, logistik və iqtisadi axınlarda ifadə olunması bunu təsdiqləyir.

Örnək göstərsək, Azərbaycan ərazisi üzərindən Ermənistana minlərlə ton yükün çatdırılması, eyni zamanda neft məhsullarının ixracına başlanması sülhün artıq gerçək iqtisadi davranışa transformasiyasını göstərir. Bəli, bu, klassik anlamda “savaşsonrası mərhələ” olmaqdan daha irəli – qarşıdurmadan sonrakı mədəniyyətinin başlanğıcıdır. Bəli, bəli, mədəniyyətin!..
Belə addımlar qarşılıqlı güvənin institusional əsasını yaradır, regional kommunikasiya xəritəsini yenidən qurur və ən əsası, sülhü “məcburi pauza”dan “şüurlu seçim”ə çevirir.

Biz bu məqamda tarazlıq siyasətinin Bakı modelinə keçid edə bilərik.
Azərbaycanın irəli sürdüyü və qəbul olunmuş təşəbbüs – “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Bakıda keçirilməsi – tarazlıq prinsipinin siyasi institusionallaşmasıdır. Yəni söhbətin sadəcə diplomatik jestdən getmədiyi hər kəsə aydındır.

Ermənistanda keçirilən sammitə dəstək verilməsi və paralel olaraq Azərbaycanın ev yiyəliyi təklifinin qəbul olunması regiona yeni anlayış gətirir (yaxud onu möhkəmləndirir). Bəli, sülh kompromis olmaqdan irəli – qarşılıqlı legitimlikdir.

Bu, keçmiş Sovet məkanında nadir rast gəlinən yanaşmadır. Burada artıq “qalib-məğlub” dili işlək sayılmır və necə deyərlər, “bərabər iştirakçı” dili formalaşır.

Avropa ilə dialoq – bax, bu isə bizi işbirliyi və ziddiyyətin dialektikasına toxunmağa çağırır. 
Azərbaycanın Avropa strukturları ilə münasibətlərində diqqət çəkən məqam iki xəttin paralel mövcudluğudur: bir tərəfdə – Avropa Komissiyası ilə konstruktiv işbirliyi, digər tərəfdə isə – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası ilə ciddi fikir ayrılıqları vardır…
Bax, bu təzad özü təsadüfi deyil; əslində, bu, Avropanın öz içində mövcud olan normativ parçalanmanın xarici siyasətdə əksidir.
Azərbaycan Respublikasının irəli sürdüyü əsas tezis – “ikili standartların qəbuledilməzliyi” – milli maraq mövqeyi olmaqdan başqa, həm də daha geniş miqyasda beynəlxalq hüququn universallığına çağırışdır.
Əgər ərazi bütövlüyü prinsipi ayrıcalıqlı (selektiv) tətbiq olunursa, o zaman bu prinsip artıq hüquqi norma olmaqdan enir, konkret siyasi alətə çevrilir…

Onda belə çıxır, biz narrativ savaşa – informasiya məkanında qarşıdurmaya fokuslanmalıyıq.
Budur, günümüzdə qarşıdurma fiziki məkanlarla yanaşı, informasiya sahəsində də davam edir. –
Son illərdə Avropa Parlamenti tərəfindən qəbul edilən çoxsaylı qətnamələr və onların ritorikası bunu açıq-aydın göstərmirmi?
Bu durumda Azərbaycan öz suverenliyini bərpa edən aktor, regional sabitlik yaradan mərkəz və habelə, narrativ hücumlara məruz qalan subyekt kimi çıxış edir.
Bu isə yeni bir gerçəklik yaradır:
geosiyasət artıq həm də semantika savaşına çevrilib… – Yəni, sözlərin, anlayışların və anlamların üzərində gedən savaşa… Örnək verək: biz haqlı olaraq, “antiterror əməliyyatı” deyirik, Avropalı “barış biliciləri” – “sülhşünaslar” dönüb-dönüb “hücum” deyəcəklər… Hərçənd erməni hökuməti İrəvanda da, İrəvandan qıraqda da heç bu mövzuya yaxınlaşmaq istəmirlər – düz də edirlər – savaşöncəsinə qayıdıb-qayıdıb, barışı necə təmin edəcəksən? – Axı “Ermənistanın təhlükəsizliyinin qarantı Azərbaycandır”…

Sülhə sədaqət söz süzmək sayılmaz – o, strateji seçim olmalıdır.
Ən önəmli məqam isə budur ki, bütün təzyiqlərə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqliyini qoruyur. Bu, gücün daha yüksək formasıdır.
Çünki savaşı qazanmaq bir mərhələdirsə, sülhü qurmaq və onu davam etdirmək sivilizasiya mərhələsi – daha doğrusu, sivilizasion mərhələdir. Əgər sivilizasiya mərhələsi zamanın bölgüsüdürsə,
sivilizasion mərhələ məzmunun dəyişməsidir.

Beləliklə, yeni siyasi fəlsəfə yaranır…
Budur, Bakı ilə Brüssel arasında münasibətlər yalnız diplomatik çərçivədə incələnə bilməz; burada daha dərin proses gedir. Yəni: milli maraq ilə qlobal norma arasında balans axtarışı, regional liderlik ilə beynəlxalq legitimlik arasında körpü quruculuğu və ən əsası, savaşsonrası dönəmin yeni fəlsəfəsinin formalaşmasından danışırıq...
Azərbaycan bu prosesdə artıq yalnız iştirakçı kimi çıxış etmir və oyunun qaydalarını təklif edən aktora çevrilir.
Ona görə indi “Avropa Azərbaycanı necə qəbul edir?“ sualını “Azərbaycan Avropaya hansı yeni siyasi məntiqi təklif edir?” şəklində dəyişdirməkdə haqlıyıq.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV