“Startap” şəhadətnaməsi olan şirkətlərin səhmlərinin satışından əldə edilən gəlir müəyyən şərtlərlə vergidən azad edilə bilər.
Modern.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, iştirak payı və ya səhm yalnız innovasiya fəaliyyəti ilə məşğul olan, mikro və ya kiçik sahibkarlıq subyekti sayılan və “Startap” şəhadətnaməsi, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsi almış hüquqi şəxsə aid olduqda, həmin payın və ya səhmin satışından əldə edilən gəlir vergidən azad ediləcək. Bunun üçün iştirak payı və ya səhm azı üç il saxlanılmalıdır. Güzəştin 2027-ci il yanvarın 1-dən 10 il müddətinə tətbiqi nəzərdə tutulur.
Dəyişikliklə fərdi sahibkar kimi fəaliyyət göstərən mikro və kiçik startapların innovasiya fəaliyyətindən əldə etdikləri gəlirə tətbiq olunan vergi güzəştinin müddəti də üç ildən yeddi ilə artırılır.
Layihədə kraudfandinq platformaları vasitəsilə startaplara investisiya qoyan fiziki şəxslərin əldə etdikləri qiymətli kağızların satışından gəlirlərə, müəyyən iştirak payları üzrə dividendlərə və vençur kapitalı fondlarının iştirakçılarına ödənilən dividendlərə də vergi güzəştləri təklif olunur.
Bundan başqa, müəyyən edilmiş tələblərə cavab verən akkreditə olunmuş investorun startaplara və park rezidentlərinə yatırdığı vəsait fərdi sahibkarın vergitutulan gəlirindən çıxıla biləcək. Bu məbləğ onun müvafiq il üzrə vergitutulan gəlirinin 50 faizindən çox ola bilməz. Güzəştdən yararlanmaq üçün, digər şərtlərlə yanaşı, əldə edilən iştirak payı və ya səhm azı üç il saxlanılmalıdır.
İnnovasiya məhsulunun hazırlanması ilə bağlı elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən uyğun xərclərin isə 2,5 əmsalla vergitutulan gəlirdən çıxılması nəzərdə tutulur.
Həmçinin “Startap” şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsi olan vergi ödəyicilərinin öz fəaliyyəti üçün xaricdən aldığı bulud hesablama, proqram təminatı və digər müəyyən rəqəmsal xidmətlər üzrə ödənişlərə vergi güzəşti təklif edilir. Bu xidmətlərin 2027-ci il yanvarın 1-dən 20 il müddətinə əlavə dəyər vergisindən azad olunması da layihədə yer alıb. Xidmətlər başqa şəxslərə təkrar təqdim edildikdə güzəşt tətbiq edilməyəcək.
Qanun qəbul olunacağı təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.