Texnologiyalar parklarının rezidentlərində çalışan şəxslərin əməkhaqqına 20 il müddətinə sıfır faiz gəlir vergisi tətbiq edilə bilər.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, texnologiyalar parkının rezidentində, o cümlədən parkdan kənarda fəaliyyət göstərən rezidentində həmin fəaliyyət üçün çalışan fiziki şəxslərin aylıq əməkhaqqından gəlir vergisi 2027-ci il yanvarın 1-dən 20 il müddətinə sıfır faiz dərəcəsi ilə tutulacaq.
Texnopark rezidenti olan hüquqi şəxslərin müvafiq fəaliyyətdən əldə etdikləri gəlirin mənfəət vergisindən azad olunması müddətinin də 20 ilə çatdırılması təklif edilir. Eyni müddət həmin fəaliyyətdən əldə olunan gəlir hesabına ödənilən dividendlərə, fəaliyyətdə istifadə edilən əmlaka və torpağa tətbiq olunan vergi güzəştləri üçün də nəzərdə tutulur. Sənaye parklarının rezidentləri üzrə güzəşt müddəti 10 il olacaq.
İri sahibkarlıq subyekti olan texnopark rezidentləri bu güzəştlərdən yararlanmaq üçün ixrac gəlirlərinin ümumi gəlirlərdə müəyyən ediləcək minimum payı təmin etməli və ixracdan əldə etdikləri vəsaiti Azərbaycandakı bank və ya digər ödəniş hesablarına köçürməlidirlər.
“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, müvafiq fəaliyyətə cəlb olunan işçilər üzrə məcburi dövlət sosial sığorta haqqının hesablanmasında seçim imkanı da 2027-ci il yanvarın 1-dən 20 il müddətinə nəzərdə tutulur. Bu halda sığorta haqqı minimum aylıq əməkhaqqının dörd misli və ya işçinin əməkhaqqı əsasında hesablana biləcək.
Layihə qəbul edilərsə, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.