Prezidentin yaxın çevrəsində təmsil olunmaq, dövlət idarəçiliyində mühüm vəzifə tutmaq, sonra isə həmin komandadan ayrılaraq müxalifətin birləşməsi üçün çalışmaq... Onun siyasi bioqrafiyası Azərbaycanın müstəqillik tarixinin müxtəlif mərhələlərini özündə birləşdirir.
Modern.az saytının “Siyasətdən gedənlər” rubrikasında bu dəfə 90-cı illərdə hakimiyyət daxilində qərarların hazırlanması prosesində iştirak edən, daha sonra müxalifətə keçən, hazırda isə ictimai-siyasi proseslərə ekspert kimi şərh verən Eldar Namazovdan bəhs olunur.
Onun bioqrafiyasında Prezidentin köməkçisi kimi yüksək vəzifə tutmaqla yanaşı, deputatlıq, Azərbaycan Şahmat Federasiyasına rəhbərlik, müxalifətin birləşməsi təşəbbüsləri və sonrakı analitik fəaliyyəti də mühüm yer tutur. Bəs tarixçi kimi fəaliyyətə başlayan Eldar Namazov necə oldu ki, Prezidentin yaxın köməkçilərindən birinə çevrildi və sonradan siyasi fəaliyyətinin istiqamətini dəyişdi?
Poyludan başlayan yol

Eldar Saqif oğlu Namazov 1956-cı il dekabrın 23-də Ağstafa rayonunun Poylu kəndində anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil alıb. Sonradan elmi fəaliyyətlə məşğul olub, tarix elmləri namizədi elmi dərəcəsinə yiyələnib.
Onun siyasətə gəlişi təsadüfi olmayıb. Qarabağ münaqişəsinin başladığı, milli azadlıq hərəkatının gücləndiyi illərdə ictimai-siyasi proseslərdə iştirak edən ziyalılardan biri kimi tanınıb.
Modern.az-a verdiyi əvvəlki müsahibələrindən birində Eldar Namazov 1989-cu ilədək elmi fəaliyyətlə məşğul olduğunu, Azərbaycan Elmlər Akademiyasında çalışdığını və Qarabağ münaqişəsinin başlanmasından sonra politologiya istiqamətində fəaliyyətə qoşulduğunu bildirib.
"Məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə daxil oldum. Bu elmlə mən 1989-cu ilədək məşğul oldum. Azərbaycan Elmlər Akademiyasının Tarix kafedrasının şöbə müdiri idim. Qarabağ konflikti başlayandan sonra isə artıq Azərbaycanda politologiya elmi yaranmağa başlayanda Elmlər Akademiyasında ilk politologiya şöbəsi mənim iştirakımla yarandı”.
Eldar Namazov siyasi proseslərə birbaşa dövlət vəzifəsindən deyil, əvvəlcə tarixçi və ictimai-siyasi şərhçi kimi daxil olub. Onun elmi fəaliyyətinin istiqaməti də ölkədə baş verən siyasi hadisələrin təsiri ilə dəyişib.
Özünün dediyinə görə, 90-cı illərin əvvələrində “Azadlıq” qəzeti yeni yarananda Nəcəf Nəcəfov onu da əməkdaşlığa dəvət edib. Bu dəvəti qəbul edən Eldar Namazov bir müddət qəzetin siyasi icmalçısı olub.
Heydər Əliyevin komandasına necə gəldi?

1990-cı illərin əvvəlləri Azərbaycanın siyasi həyatında kəskin dəyişikliklər, hakimiyyət uğrunda mübarizə və yeni dövlət institutlarının formalaşması ilə yadda qalıb.
Eldar Namazov vəzifəyə gəlməsi barədə Modern.az-a verdiyi əvvəlki müsahibələrindən birində deyib:
“Azərbaycanda Qarabağ münaqişəsi başlayandan sonra bütün hakimiyyətlər mənə vəzifə təklif etmişdilər. Özü də konkret vəzifələr. Bir dəfə Tamerlan Qarayev məni yanına dəvət etdi, dedi ki, Prezident Ayaz Mütəllibov özünə milli məsələlər üzrə müşavir təyin etmək istəyir. Sənin namizədliyin nəzərdə tutulub və biz sabah bir yerdə onun yanına getməliyik. Mən dedim, minnətdarlığımı bildirərəm. Ancaq heç bir dövlət vəzifəsində çalışmaq istəmirəm. Qarabağ məsələsi ilə bağlı nə kömək lazım olsa, əlimdən gələni edərəm.
Həqiqətən də mən bunu bütün hakimiyyətlər dövründə etmişdim. Bütün tədbirlərdə iştirak edirdim. Yeltsinlə Nazarbayev Qarabağa uçanda onları müşayiət etmişəm. Heç bir vəzifədə olmaya-olmaya.
Yaqub Məmmədov da bir neçə ay Azərbaycana rəhbərlik edəndə onunla Qarabağ danışıqlarında iştirak etmək üçün İrana uçmuşam. Yəni hakimiyyətdə kimin olmasından asılı olmayaraq, əlimdən gələn köməyi edirdim.
Xalq Cəbhəsinin hakimiyyəti dövründə Azərbaycanda Xarici Əlaqələr Nazirliyi var idi. Oradan zəng etdilər ki, Eldar müəllim, biz çox şad olduq, burada kollegiyada elan etdilər ki, siz nazirliyə gəlirsiniz. Onda mən təcili Prezident Aparatına zəng vurdum. İsa Qəmbərlə əlaqə yaratdım. Bildirdim ki, İsa bəy, mənə belə bir xəbər çatdırıblar. Amma mənim bu məsələyə heç bir razılığım alınmayıb. Xahiş edirəm, bunu nəzərə alasınız. O dedi ki, axı mənə deyiblər ki, sizin razılığınız alınıb. Bildirdim ki, ona səhv məlumat veriblər...
Firudin Cəlilov da mənə zəng edib dedi ki, parlamentin yanında Strateji Araşdırmalar Mərkəzi yaradılır. Rəhbərliyə sizin namizədliyiniz irəli sürülüb. Ondan da imtina etdim.
Yəni belə hallar dəfələrlə olub. 1988–1993-cü illər arasında mənə 5-6 dəfə vəzifə təklif olunub. İmtina etmişəm. Çünki mən müstəqil fəaliyyət göstərmək istəyirdim. Öz mərkəzim var idi. Orada Tofiq Zülfüqarov, politoloq Leyla Əliyeva ilə çalışırdıq. Bundan əlavə, elmlə məşğul olurdum. Bu da məni qane edirdi”.
Amma 1993-cü ildə mərhum Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Eldar Namazov dövlət idarəçiliyində mühüm vəzifəyə təyinat aldı. O, 1993–1999-cu illərdə Prezident Katibliyinin rəhbəri və Prezidentin köməkçisi vəzifələrində çalışdı.
E.Namazov həmin vəzifəyə necə təyin olunduğunu xatırlayarkən deyib:

“Heydər Əliyev hakimiyyətə gələndən sonra da mən vəzifəyə gəlməyə əvvəlcə razılıq vermədim. 1993-cü ildə dövlət katibi Lalə Şövkət Hacıyeva məni Prezident Aparatına dəvət etdi. Dedi ki, Heydər Əliyevlə biz qərara gəlmişik ki, səni komandamıza daxil edək. Amma təkliflərimiz fərqlidir. Heydər Əliyev istəyir ki, sən onun köməkçisi olasan, mən isə daxili siyasət üzrə dövlət müşaviri vəzifəsini təklif edirəm. Mən dedim ki, bu vəzifələrdə çalışa bilmərəm. Ona görə ki, bu, çox böyük məsuliyyətdir. Mən heç vaxt dövlət orqanında işləməmişəm. Təcrübəm yoxdur.
Lalə xanım mənim yanımda Heydər Əliyevə zəng elədi və dedi: "Eldar Namazov mənim yanımda oturub, mən ona hər iki vəzifəni təklif etdim, o isə imtina edir". Onda Heydər Əliyev dedi ki, qoy qalxsın mənim yanıma.
Mən Heydər Əliyevin yanına qalxdım. Heydər Əliyev çox güclü psixoloq idi. Hər bir insanla hansı dildə danışmağı bilirdi. Ona görə də mən kabinetə girən kimi onun ilk sözü bu oldu: “Sən niyə bizə kömək etmək istəmirsən? Ölkədə vəziyyət belədir, oradan ermənilər hücum edir, buradan ölkənin daxilində vəziyyət qarışıqdır”.
Mən ona dedim ki, sizə kömək etməkdən boyun qaçırmıram, amma bu vəzifənin məsuliyyətini anladığım üçün imtina edirəm.
Onda Heydər Əliyev Lalə Şövkətə zəng elədi, dedi ki, bizim aparatda daha hansı vəzifələr, boşdur, daha aşağı vəzifələr var? Lalə xanım telefonda ona hansı vəzifələrin boş olduğunu sadalamağa başladı. O da telefonda sadalayırdı: filan şöbənin müdiri. Heydər Əliyev də mənə deyirdi: filan şöbənin müdiri. Mən deyirdim ki, yox, mənlik deyil.
Axırda analitik xidmətin rəhbəri vəzifəsini dedi. Mən dedim ki, bəli, bu iş mənim indi çalışdığım işə uyğundur. Dedim, bu vəzifədə işləyərəm. Əgər işim sizi qane etsə, sonradan hansısa vəzifəyə keçməyimi məsləhət bilsəniz, keçirərsiniz.
Ondan sonra bir neçə ay keçdi. Heydər Əliyev məni yanına çağırdı, dedi: “Bilirsən nə var, mən indi neçə il gözləməliyəm ki, sən təcrübə yığasan? Sabahdan səni köməkçi vəzifəsinə təyin edirəm”. Bax, belə oldu mənim o vəzifəyə təyin olunmağım”.
Bu vəzifə ona dövlət başçısının yaxın siyasi çevrəsində işləmək imkanı verirdi. Eldar Namazov sonralar müsahibələrində Heydər Əliyevlə iş təcrübəsi, dövlət idarəçiliyi və Qarabağ münaqişəsi ilə bağlı qərarların hazırlanmasında iştirakı barədə danışıb.
O, həmin dövrü sadəcə vəzifə tutduğu illər kimi təqdim etməyib. 2018-ci ildə Modern.az-ın “Qarabağ söhbəti” layihəsinə verdiyi müsahibədə Təhlükəsizlik Şurasının işində iştirakından tutmuş xarici siyasət və milli təhlükəsizlik məsələlərinə qədər üzərinə düşən vəzifələrdən bəhs edib.
Deputatlıq fəaliyyəti...
Eldar Namazovun siyasi bioqrafiyasında az xatırlanan məqamlardan biri parlament fəaliyyəti ilə bağlıdır. O, müstəqil Azərbaycanın ilk çağırış Milli Məclisində təmsil olunub. 1995-ci il noyabrın 12-də keçirilən seçkilərdə 50 saylı Ağstafa seçki dairəsindən Milli Məclisə deputat seçilib. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvü olub.
Eldar Namazovun deputat olduğu dövr Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələsinə təsadüf edirdi. Ölkədə yeni dövlət institutları formalaşır, xarici siyasətin prioritetləri müəyyənləşdirilir, Azərbaycan beynəlxalq təşkilatlarla və ayrı-ayrı dövlətlərlə münasibətlərini inkişaf etdirməyə çalışırdı.
Parlament fəaliyyəti onun Heydər Əliyevin komandasında çalışdığı illərlə üst-üstə düşüb. Həm qanunverici orqanda təmsil olunub, həm də Prezidentin yaxın köməkçilərindən biri kimi fəaliyyət göstərib.
Şahmat taxtasının arxasında siyasətçi: federasiya rəhbərliyi

Eldar Namazovun bioqrafiyasında çoxlarının diqqətindən yayınan başqa bir vəzifə də var: o, 1995–2002-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti olub. Bu fakt onun siyasi karyerasının ən fəal mərhələlərindən biri ilə üst-üstə düşür.
Federasiyaya rəhbərlik etdiyi illər həm parlament fəaliyyəti, həm də dövlət idarəçiliyindəki vəzifəsi ilə paralel gedib.
Eldar Namazovun federasiya rəhbəri olduğu dövr Azərbaycan şahmatının yeni nəslinin yetişməsi baxımından da yadda qalıb. 1998-ci ildə Prezident Heydər Əliyev gənc şahmatçılar Teymur Rəcəbov və Vüqar Həşimovun dövlət himayəsinə götürülməsi ilə bağlı sərəncamlar imzalamışdı. Teymur Rəcəbov 2001-ci ildə, 14 yaşında qrossmeyster adını qazanaraq beynəlxalq şahmat tarixində diqqət çəkmişdi.
Bu hadisələr həmin dövrdə ölkədə gənc şahmatçılara göstərilən diqqətin miqyasını anlamağa kömək edir. Bununla belə, mövcud məlumatlar həmin nəticələri şəxsən Eldar Namazovun rəhbərliyi ilə əlaqələndirməyə əsas vermir.
2002-ci ildə federasiyanın rəhbərliyində dəyişiklik baş verdi. Azərbaycan şahmatının tanınmış simalarından olan beynəlxalq qrossmeyster Aynur Sofiyeva federasiyanın prezidenti oldu və bu vəzifəni 2007-ci ilədək icra etdi.
İstefa ərizəsini niyə əvvəlcədən yazmışdı?
E.Namazovun siyasi bioqrafiyasının bu mərhələsi mühüm sual doğurur: Prezidentin etimad göstərdiyi şəxslərdən biri olan bir adamı sonradan həmin vəzifədən ayrılmağa nə vadar etdi?
Onun siyasi həyatının ən çox müzakirə olunan məqamlarından biri məhz 1999-cu ildə Prezident Katibliyinin rəhbəri vəzifəsindən ayrılmasıdır.
Həmin ilin oktyabrında onunla yanaşı, Prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Vəfa Quluzadə və xarici işlər naziri Tofiq Zülfüqarov da vəzifələrindən gediblər. O dövrdə beynəlxalq mediada bu istefaların Qarabağ münaqişəsinin həlli ilə bağlı mümkün güzəştlər və danışıqlar prosesi ilə əlaqəli olduğu barədə məlumatlar dərc edilirdi.

E.Namazov sonradan bu məsələni özü də şərh edib. 2018-ci ildə Modern.az-a verdiyi müsahibədə bildirib ki, istefa ərizəsini ilk dəfə 1998-ci ilin əvvəlində yazıb. Lakin həmin vaxt Heydər Əliyevin səhhətində ciddi problem yarandığı və Prezident müalicəyə getdiyi üçün ərizəni təqdim etməyib.
Onun sözlərinə görə, Prezidentin səhhəti bərpa olunduqdan və işə qayıtdıqdan bir neçə ay sonra istefa ərizəsini təqdim edib.
“Əslində, mən iki dəfə istefa ərizəmi yazmışam. Birinci dəfə real istefamdan təxminən bir il əvvəl olmuşdu. Onda Qarabağ məsələsi ilə bağlı deyildi. O zaman istefam reallaşmadı, çünki Prezident xəstələndi, Gülhanəyə getdi, müalicə olundu. Onda mən niyyətimi bildirə, istefa ərizəmi təqdim edə bilməzdim. Gözləyirdim ki, müalicəsi bitsin, tam bərpa olunub işə başlasın.
Elə də oldu. Uzun müalicədən sonra Heydər Əliyev Bakıya qayıtdı. Əvvəlki kimi mən də bütün vəzifələrimi yerinə yetirirdim. Tam bərpa olunandan sonra Qarabağla bağlı məqamlar yetişdi. O zaman tək mən deyil, rəhmətlik Vəfa Quluzadə və Tofiq Zülfüqarov da istefa verdik.
O istefam da Azərbaycana çox böyük təhlükə yaradan prosesin qarşısını almaq xarakteri daşıyırdı. Onda bizim istefamızdan bir müddət sonra İstanbulda ATƏT-in sammiti keçirildi. Sammitin qərarlarında Qarabağla bağlı bəzi məqamların həll edilməli olduğu göstərilirdi.
Azərbaycanda üç vəzifəli şəxsin istefa verməsi və İrəvanda parlamentdə güllələnmə hadisəsi bunun qarşısını aldı. Həmin təhlükəli proseslərlə bağlı iki hadisə baş verdi. Azərbaycanda könüllü şəkildə üç vəzifəli şəxs istefaya getdi. Ermənistanda isə Robert Köçəryandan savayı, bütün ölkə rəhbərliyini qırdılar.
Hadisələr elə inkişaf edə bilərdi ki, əksinə də ola bilərdi. Azərbaycanda elə terror aktları törədilə bilərdi...
Hesab edirəm ki, biz həmin vəziyyətdən çox az itkilərlə çıxdıq.

Bundan sonra Heydər Əliyev mənə təklif göndərdi ki, vəzifəyə qayıdım. Hətta daha böyük vəzifə təklif olundu. Müxtəlif obyektiv və subyektiv səbəblər var idi. Bildirdim ki, artıq vəzifədən getmişəm, ictimai fəaliyyətə öyrəşmişəm və bu yolda addımlamaq istəyirəm. Tofiq Zülfüqarov dəvət olundu və səfir kimi fəaliyyətinə davam etdi. Heydər Əliyev tədbirlərdə məni görəndə, jurnalistlərin qarşısında da sual verirdi ki, niyə getdin?”
Hakimiyyətdən ayrıldı, amma siyasətdən getmədi
Eldar Namazovun 1999-cu ildəki istefası onun siyasi fəaliyyətinin sonu olmadı. Əksinə, sonrakı illərdə o, ictimai-siyasi proseslərdə iştirakını davam etdirdi.
2001-ci ildən “Azərbaycan Naminə” İctimai Forumunun prezidenti kimi fəaliyyət göstərməyə başladı. Daha sonra siyasi şərhlər, xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə araşdırmalarla məşğul oldu.
2005-ci ildə parlament seçkiləri ərəfəsində “Yeni Siyasət” – “YeS” seçki blokunun yaradılmasında iştirak etdi. Bu blok ənənəvi siyasi qüvvələrdən fərqli alternativ təqdim etməyə çalışan müxtəlif şəxsləri və təşkilatları bir araya gətirirdi.
“YeS” blokunun ümumilikdə səkkiz üzvü var idi: Eldar Namazov, Yaqub Məmmədov, Vahid Əhmədov, Əli Məsimli, Rəhim Hüseynov, Eldəniz Quliyev, Rəşid Hacılı və Samir Cəfərov.

Bununla da vaxtilə Prezidentin yaxın köməkçisi olmuş Eldar Namazov müxalif siyasi qüvvələrlə əməkdaşlıq edən və alternativ siyasi platformanın formalaşdırılmasına çalışan fiqura çevrildi.
Amma “YeS” blokunun fəaliyyəti uzunmüddətli siyasi təşkilatlanmaya çevrilmədi. Onun fəaliyyətinə 2005-ci il təkrar parlament seçkilərindən sonra faktiki olaraq xitam verildi.
“El” Hərəkatı və Milli Şura: yenidən böyük siyasətdə
Eldar Namazovun adı növbəti dəfə 2013-cü ildə müxalifətin birləşməsi təşəbbüsləri ilə gündəmə gəldi.
O, “El” Hərəkatının rəhbərlərindən biri kimi çıxış edir, müxtəlif siyasi qüvvələrin ortaq platformada birləşməsini müdafiə edirdi. Həmin ilin mayında yaradılan Demokratik Qüvvələrin Milli Şurasının formalaşdırılmasında da iştirak etdi.
Milli Şura 2013-cü il prezident seçkiləri ərəfəsində müxtəlif müxalifət partiyalarını, ictimai xadimləri və ziyalıları bir araya gətirməyə çalışan siyasi platforma idi. Qurumun əsas məqsədlərindən biri prezident seçkilərində vahid namizəd ətrafında birləşmək idi.

Lakin proses gözlənilən kimi inkişaf etmədi. Milli Şuranın vahid namizəd məsələsi ətrafında müzakirələr, Rüstəm İbrahimbəyovun namizədliyi ilə bağlı problemlər və müxalifət daxilində fikir ayrılıqları gündəmə gəldi.
Eldar Namazov da həmin proseslərin mərkəzində idi. Sonradan Milli Şuradan ayrıldı və qurumun fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirdi.
Siyasətdən getdi, şərhçiliyə başladı
Eldar Namazovun həyat yolunu “Siyasətdən gedənlər” rubrikası üçün maraqlı edən məqam onun klassik mənada siyasətdən tamamilə uzaqlaşması deyil.

O, sonrakı illərdə də ictimai-siyasi proseslərə münasibət bildirib, Qarabağ münaqişəsi, Azərbaycan-Rusiya münasibətləri, regional təhlükəsizlik və xarici siyasət məsələləri barədə şərhlər verib.
Deməli, onun siyasi fəaliyyətdən sonrakı həyatı tam susqunluq və ictimai səhnədən yoxa çıxmaqla səciyyələnmir. O, partiya və hərəkatlar ətrafında qurulan fəal siyasi mübarizədən çəkilərək daha çox ekspertlik, analitik fəaliyyət və ictimai-siyasi şərhçilik istiqamətinə yönəlib.
Eldar Namazov 2021-ci ildən İctimai Televiziyada şərhçi kimi fəaliyyət göstərir. Politoloq İTV-nin “Aydınlıq” verilişinə aparıcılıq edib.
Bu gün Eldar Namazovun adı yalnız siyasi şərhlər və strateji məsələlərlə bağlı çıxışlarda çəkilir.
A.Qorxmaz