Modern.az

Siyasətdən gedənlər: Vüqar Bəyturan necə Vüqar Oruc oldu?

Siyasətdən gedənlər: Vüqar Bəyturan necə Vüqar Oruc oldu?

Reportaj

Bu gün, 07:30

Bir vaxtlar Türk Millətçi Partiyasının (TMP) başqanı idi. Müxalifət partiyalarını bir araya gətirən “Bizim Azərbaycan” blokunda təmsil olunur, prezident və parlament seçkilərində müxalif düşərgənin fəal simalarından biri kimi çıxış edirdi. Bu gün isə onu tamam başqa sahədə – qiymətləndirmə sektorunda görürük. Söhbət hazırda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri olan Vüqar Orucdan – köhnə adı ilə desək, Vüqar Bəyturandan gedir.

Modern.az saytı “Siyasətdən gedənlər” rubrikasında növbəti yazını təqdim edir.

Vüqar Oruc siyasi fəaliyyətinin ilk illərində cəmiyyətə Vüqar Bəyturan adı ilə tanınıb. Onun siyasi keçmişi 1980-ci illərin sonlarından başlayır.

Gənc yaşlarından siyasətdə

Vüqar Əlövsət oğlu Oruc 1975-ci ildə Masallıda anadan olub. O, əslinin Güney Azərbaycandan olduğunu bildirib. Özünün müxtəlif illərdəki açıqlamalarına görə, hələ 1988-ci ildə gənclər təşkilatının yaradılmasında iştirak edib.

1992-ci ildə Türk Millətçi Gənclər Təşkilatının yaradıcılarından olub. 1998-ci ildə isə Türk Millətçi Partiyasını yaradaraq onun başqanı olub.


Beləliklə, 1990-cı illərin sonunda Azərbaycanın siyasi səhnəsində millətçi istiqaməti ilə seçilən gənc partiya liderlərindən birinə çevrilib.

Lakin Türk Millətçi Partiyası uzun müddət dövlət qeydiyyatından keçə bilməyib. 2010-cu ildə Bəyturan özü verdiyi müsahibədə partiyanın təxminən 10 il ərzində qeydiyyata alınmamasından narazılıq etmişdi.

İsa Qəmbəri dəstəklədi, müxalifət blokuna rəhbərlik etdi

Vüqar Bəyturanın siyasi fəaliyyətinin ən aktiv dövrlərindən biri 2000-ci illərin əvvəllərinə təsadüf edir.

2003-cü il prezident seçkisində o, Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyib. Daha sonra müxalif partiyaların təmsil olunduğu “Bizim Azərbaycan” blokunda fəallaşıb.

2006-cı ildə Vüqar Bəyturan həmin blokun sədri seçilib. 2007-ci ildə isə növbəti iki il üçün yenidən sədr seçilməsi barədə qərar qəbul olunub. Həmin vaxt “Bizim Azərbaycan”da 8  müxalifət partiyası təmsil olunurdu.

Vüqar Bəyturan həmin illərdə yalnız formal partiya rəhbəri deyildi. O, müxalifətin vahid mövqedən çıxış etməsinə çağırışlar səsləndirir, 2008-ci il prezident seçkisində müxalifətin vahid namizədlə iştirak etməsinin vacibliyini müdafiə edirdi. Hətta bu məsələ ilə bağlı müxalifət partiyalarının rəhbərlərinə müraciət də ünvanlamışdı.

2008-ci ilin yayında isə onun siyasi karyerasında mühüm dəyişiklik baş verdi.


Türk Millətçi Partiyasından ayrıldı

2008-ci ilin iyulunda Vüqar Bəyturan Türk Millətçi Partiyasının başqanlığından və partiya üzvlüyündən istefa verdiyini açıqladı.

O, Milli Qurtuluş Partiyasına qoşuldu və həmin partiyanın qurultay səlahiyyətli konfransının Təşkilat Komitəsinə sədr seçildi. Bəyturan həmin vaxt istefasının səbəbləri barədə geniş danışmaq istəmədiyini bildirmişdi.

Qeyd edək ki, o zaman Milli Qurtuluş Partiyasının sədri Hatəmi Tantəkin idi.

2008-ci ilin sonlarında MQP-nin III qurultayında Vüqar Bəyturan partiyanın yeni başqanı seçildi.

Beləliklə, özünün yaratdığı Türk Millətçi Partiyasından ayrılan V.Bəyturan siyasi fəaliyyətini artıq Milli Qurtuluş Partiyasının rəhbəri kimi davam etdirməyə başladı.


2010-cu ildə mətbuata açıqlamalarının birində o, Milli Qurtuluş Partiyasına keçməsinin səbəbini izah etmişdi. Bildirmişdi ki, MQP ilə eyni ideoloji xəttə yaxınlığı onun bu partiyaya keçməsinin səbəblərindən biri olub.

2010-cu il: Əli Kərimliyə qarşı müxalif namizəd

Vüqar Bəyturanın siyasi fəaliyyətinin sonrakı mərhələsi də kifayət qədər maraqlıdır.

2010-cu il parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürdü. Həmin dairədə AXCP sədri Əli Kərimli də namizəd idi.

Yeri gəlmişkən, o zaman 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa xeyli iddialı sima vardı: Vüqar Bəyturan və Əli Kərimlidən başqa Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, deputat Əhəd Abıyev, mərhum Elçibəyin qardaşı oğlu Hürrü Əliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru Sevda Həsənova...


Vüqar Bəyturan seçki kampaniyası zamanı özünü müxalifət düşərgəsinin namizədi kimi təqdim edir, seçki prosesində qanun pozuntuları olduğunu iddia edir və bununla bağlı ölkə rəhbərliyinə, Mərkəzi Seçki Komissiyasına və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiyini bildirirdi.

Həmin vaxt onun Əli Kərimli ilə görüşü də mətbuatın gündəmi olmuşdu. Bəyturan sonradan verdiyi açıqlamada Əli Kərimliyə namizədliyini onun xeyrinə geri götürməyi təklif etdiyini demişdi.

Yəni 2010-cu ildə V.Bəyturan hələ də açıq şəkildə müxalif siyasi fəaliyyətin içində idi.

Qeyd edək ki, o zaman 31 saylı Suraxanı ikinci seçki dairəsindən parlamentə Fərəc Quliyev deputat seçildi.

YAP-a keçid

2010-ci il seçkilərindən sonra Vüqar Bəyturanın başqanı olduğu Milli Qurtuluş Partiyası Demokratiya Uğrunda İttifaq adlı siyasi blokda təmsil olunurdu. Quruma Azadlıq, Milli Qurtuluş və Azad Azərbaycan partiyaları daxil idi. 2012-ci ildə o, növbəlilik prinsipi ilə Demokratiya Uğrunda İttifaqa da rəhbərlik etdi.

Sonrakı illərdə isə onun siyasi aktivliyi azaldı, amma MQP-nin başqanı kimi yola davam edirdi.

Vaxtilə müxalifyönlü siyasi bloklarda təmsil olunan bu partiya tədricən mövqeyini dəyişərək, hakimiyyəti dəstəkləməyə başladı. Və nəhayət 2021-ci il martında Milli Qurtuluş Partiyasının hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşməsi barədə qərar verildi. Birləşmə barədə qərar YAP-ın VII qurultayında qəbul edildi. O zaman Milli Qurtuluş Partiyası ilə yanaşı, daha 6 siyasi təşkilat YAP-a qoşuldu.



2021-ci ilin sentyabrında YAP-ın Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən Milli Qurtuluş Partiyasının sabiq sədri Vüqar Bəyturana üzvlük vəsiqəsi təqdim olundu. Vəsiqəni ona şəxsən YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təqdim etdi.

Vüqar Bəyturan isə ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə təşəkkür etdi və bundan sonra YAP üzvü kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağına söz verdi.

Bəyturan getdi, Vüqar Oruc gəldi

Sonrakı illərdə Vüqar Bəyturanın siyasi fəaliyyətində daha bir maraqlı dəyişiklik baş verdi.

O, yavaş-yavaş siyasətdən uzaqlaşdı və tədricən Vüqar Bəyturan kimi deyil, Vüqar Oruc adı ilə də təqdim olunmağa başladı. 

Bu dəyişiklik təsadüfi deyildi. Bəlkə də, Vüqar bəy yeni fəaliyyətində keçmiş siyasi kimliyini daşımaq istəmirdi. Belə görünür ki, bir vaxtlar müxalifət bloklarında təmsil olunmuş Vüqar Bəyturan sonrakı dövrdə hakimiyyətlə əməkdaşlıq edən və YAP-a üzv olan Vüqar Orucu bir-birindən ayırmaq istəyib.

Beləliklə, siyasi səhnədə Vüqar Bəyturan kimi tanınan şəxs artıq Vüqar Oruc adı ilə yeni mərhələyə keçdi.

İndi siyasətçi yox, Qiymətləndiricilər Cəmiyyətinin rəhbəridir


Siyasi fəaliyyətdən uzaqlaşdıqdan sonra onun əsas işi iqtisadiyyat və qiymətləndirmə sahəsində oldu.

İqtisadiyyat Universitetindən məzun olan Vüqar Oruc 2019-cu ildə “Vecon Consulting” qiymətləndirmə şirkətini təsis edib və onun direktoru olub.
Bununla yanaşı, 2018–2022-ci illərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini işləyib.
2022-ci ilin mayında isə o, AQC İdarə Heyətinin sədri seçilib.

Vüqar Oruc 2025-ci il mayın 3-də isə AQC-nin VIII Hesabat-Seçki Konfransında ikinci müddətə – 2025-2028-ci illər üçün yenidən sədr seçilib.

Hazırda onun fəaliyyəti qiymətləndirmə sektoru, sahibkarlarla əməkdaşlıq və peşəkar birliklərin fəaliyyəti ilə bağlıdır.
AQC-nin məlumatına görə, Vüqar Oruc 2024-cü ildən Mərkəzi Bank yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının üzvüdür, eyni zamanda Azərbaycan Auditorlar Palatasının da üzvlüyünə qəbul edilib.

2026-cı ilin mayında AQC onun rəhbərliyi dövründə cəmiyyətin son bir ildəki fəaliyyətini açıqlayıb. Bildirilib ki, qurum 50-dən çox peşəkar qiymətləndirmə şirkətini birləşdirən platformaya çevrilib və müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edir.


A.Qorxmaz

Siyasətdən gedənlər: Deputat, rektor, nazir oldu - İndi nə iş görür?
Bu xəbər ilə bağlı
Siyasətdən gedənlər: Deputat, rektor, nazir oldu - İndi nə iş görür?
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi