Keçən əsrə qədərki ədəbiyyatın daş, qaya, gül, bülbül mədhiyyəsini başa düşdük. İnformasiya qıtlığı var idi. Azad fikir bildirmək imkanı yox idi. Yazıçı və şairlər məişət çərçivəsindən kənara çıxa bilmirdi. XXI əsrdə bu tip fatalist meylləri görmək, artıq iyrəncdi. Bu qədər informasiya bolluğu, gerçəkliklərə açıq imkanlar var ikən, axan çaya, uçan quşa şeir həsr etməyin yeri, məramı yoxdur. Ədəbi mühitdə prosseslər getdikcə dərinləşir, artıq ədəbiyyatın nüfuz dairəsi genişlənib. Yeni ədəbi cərəyanlar meydana gəlir. Üslublar bir-birini sürətlə yeniləyir. Son illərin Nobel mükafatı laureatlarına diqqət yetirdikdə, yazı dilinin, qaldırılan problemlərin sürətlə dəyişməsinin şahidi oluruq. Ədəbiyyatın başlıca vəzifəsi mövcud sosial, ictimai- siyasi məsələlərə göz yummamaqdır. Əbəs yerə deyilməyib ki, ədəbiyyat susursa, cəmiyyət bədbəxtdir. Artıq köhnəpərəstlik zamanı deyil. Stereotiplər qırılmalıdır.
"Dağlar oğlu","el qızı" tipli fatalist şair və yazıçılar bu xalqın "üzqarası"dır. Zəif yeridir. Xüsusən, bölgələrdə yaşayıb - "yaradan" "qəmli", "dəmli". "miskinli" təxəllüslü aşıq şairlər hələ də orta əsr poetik ədəbiyyatının təsiri altındadırlar. Yeniliklərə qarşı bütün istiqamətlərdə bağlıdırlar. Yanaqdakı qara xalın şərəfinə şeir külliyatları yaranır. Kimə lazımdır, nəyə xidmət edir axı, bunlar... Çox da keçmişə varmayaraq, XX əsr dünya ədəbiyyatına nəzər salın. İctimai-siyasi proseslərin bədii əksinə xeyli yer verilmişdir. Corc Oruell, Aleksandr Solijenitsin kimi fikir adamlarının əsərləri bəşər təfəkkürünün pasını yuyub, həqiqətlərə xəyali üçüncü gözlə yox, dörd gözlə baxmağı aşılamışdır. Bizimkilər isə ya ruh adamı olur, ya da burnunun ucundan qabağı düşünməyib, nə şiş yansın, nə kabab prinsipinə əsaslanır,"telli sazım", "könül tarım", "dəli kürüm" deyə-deyə ortada var-gəl edirlər.
Və keçən əsrin sonunda Azərbaycan ədəbiyyatına gələn "Postmodernizm" dalğası. Postmodern ədəbiyyat sələfi olan üslubları yeni fikir vasitələri ilə zənginləşdirib, ədəbiyyata yeni forma və məzmun vermək funksiyası daşıyır. Yəni, bir amala, ədəbiyyata xidmət edir. Daha bizdəki yarımçıq baryerini keçə bilməyən nümayəndələri kimi sələflərinə üsyan etmir. Onu ədəbiyyatdan silmək fikrinə düşmür. Yağışdan sonra çıxan göbələyə bənzəyən bir qrup müəllifin gəlişi ilə Azərbaycan publisistika və ədəbiyyatına keçən əsrin sonlarından yeni fikir dalğası hakim kəsildi. Bu müəlliflər üçün heç bir dəyər mövcud deyil. Məntiqsiz mülahizələr yürüdür, özlərini ədəbiyyatın fövqündə hiss edirlər. Məfhum anlayışı bunlar üçün tamamilə yaddır. Özləri də anlamadığı cümlələri oxucuya sırıyırlar. Qatı skeptikdirlər. Baxmayaraq ki, bunu etiraf etməkdən çəkinirlər. Bunlar üçün mütləq yoxdu. Öz oxucusuyla məzələnir, istənilən cılız məsələyə radikal yanaşma sərgiləyirlər. Azərbaycan qadınının ismət, ləyaqəti belə, bu müəlliflər üçün gülüncdür. Bunlar azad seks tələb edirlər. Bunlara görə qadının istənilən kişiylə cinsi əlaqədə olmaq ixtiyarı var. Bütün görüşləri ilə Qərbə meyllidirlər. Şərqi sivilizasiyadan tamamilə silib atır, Şərq təfəkkürünü məsxərəyə qoyurlar. Mühakimələri məişət mövzularından kənara çıxmayan bu yazarlar bazar təfəkkürünü təbliğ edirlər.
Bu yazarları İngilis yazıçısı Oskar Uayldın "Dorian Qreyin portreti" romanındakı Lord Henri obrazı ilə müqayisə etmək olar. İlk baxışdan cəlbedici görünən şeytani fikirlərlə saflıq mücəssəməsi sayıla biləcək Dorianı yoldan çıxaran Lord, onu bütün hisslərdən məhrum edir. Dəyərlər arasındakı sərhədi itirən Dorian bir manqurta çevrilir.
Postmodern və müasir ədəbiyyatın uzağa getmədən, Şərq nümunəsinə nəzər salaq. Qarşımızda bir əfsanə canlanır; Orxan Pamuk! Bizim cızma-qaraçıların bəyənmədiyi, cılız ədəbiyyat adlandırdığı, yaşayan klassik, əsərləri ilə dünya oxucusunu özünə sevdirmiş Xalid Hüseyni! Orxan Pamuk "Mənim adım qırmızı" romanı ilə Şərq ədəbiyyatına yeni çalarlar gətirdi. Şərqin orijinallığını, individuallığını qorumaqla. İkinci dünya kitab bazarında lider sayılan, bəşəriyyət üçün aktual olan humanizm, insanlar arasındakı bağlılıq problemlərinə yönəlmiş əsərlərini ailəsinə- anasına, həyat yoldaşına həsr edir, bizim macərapərəst skeptiklər isə yaşamaq üçün üçün fahişə axtarır, nikaha qarşı çıxır, analarını bioloji çərçivəyə salıb, əsl ananı kənarda arayırlar. Hər hansı ictimai- siyasi hadisəyə konkret mövqe tələb olunanda isə ya susur, ya da psevdofikir yürüdürlər. Bu azmış kimi, bildirilən mövqeləri analiz edirlər.
Siz müəllif olaraq, yararsız, məramsızsınız. Və inanın ki, tarix sizi yaddaşında saxlamayacaq. Sizin imzanız ədəbiyyat tarixi və nəzəriyyəsi üçün gərəksizdir.