Modern.az

Özəl universitetlərdə plan yerlərinin SAYI

Özəl universitetlərdə plan yerlərinin SAYI

Təhsil

Bu gün, 07:07

2026/2027-ci tədris ili üzrə özəl ali təhsil müəssisələri üçün ayrılan qəbul planı ali məktəblər arasında ciddi fərqlərin olduğunu göstərir. Bəzi universitetlər bütün ixtisas qrupları üzrə qəbul aparsa da, digərlərində plan əsasən müəyyən istiqamətlərdə cəmlənib.

Modern.az saytı Dövlət İmtahan Mərkəzinin 2026-cı il üzrə “Abituriyent” jurnalının 4-cü nömrəsində dərc olunan məlumatlar əsasında özəl ali təhsil müəssisələrinə ayrılan plan yerlərini ixtisas qrupları üzrə araşdırıb.

Hesablamaya əsasən, araşdırılan özəl ali təhsil müəssisələri üzrə ümumilikdə 10 340 plan yeri ayrılıb. Bunun ən böyük hissəsi II və III ixtisas qruplarının payına düşür.

Bütün ixtisas qrupları üzrə plan yerləri cəmləndikdə, 2026-cı ildə qəbul aparan özəl ali təhsil müəssisələri arasında ən aşağı göstərici 423 yerlə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasındadır.

Akademiyada II ixtisas qrupu üzrə 280, III qrup üzrə isə 145 plan yeri nəzərdə tutulub. I, IV və V ixtisas qrupları üzrə qəbul planı yoxdur.

Növbəti ən aşağı göstərici isə 1155 yerlə Azərbaycan Universitetində qeydə alınıb. 

Universitetdə I ixtisas qrupu üzrə 130, II qrup üzrə 440, III qrup üzrə isə 585 plan yeri nəzərdə tutulub. IV və V ixtisas qrupları üzrə qəbul planı yoxdur.

Ümumi plan yerlərinin sayına görə növbəti pillədə Odlar Yurdu Universiteti qərarlaşıb. Ali məktəbə 1200 yer ayrılıb. Bunun 165-i I, 525-i II, 315-i III, 125-i IV, 70-i isə V ixtisas qrupunun payına düşür.

Bakı Biznes Universitetində ümumi qəbul planı 1290 yerdir. Universitetdə I qrup üzrə 130, II qrup üzrə 855, III qrup üzrə 305 yer ayrılıb.

Bakı Avrasiya Universitetinin qəbul planı 1515 yer təşkil edir. Burada I ixtisas qrupu üzrə 50, II qrup üzrə 725, III qrup üzrə 740 yer nəzərdə tutulub.

Azərbaycan Kooperasiya Universitetinə ümumilikdə 1545 yer ayrılıb. Bunun 360-ı I, 710-u II, 415-i III, 60-ı isə IV ixtisas qrupuna aiddir.

Qərbi Kaspi Universitetinin ümumi qəbul planı 1570 yerdir. Universitetdə I qrup üzrə 440, II qrup üzrə 390, III qrup üzrə 440, IV qrup üzrə 220, V qrup üzrə 80 yer müəyyənləşdirilib.

Araşdırılan özəl ali məktəblər arasında ən böyük qəbul planı isə Xəzər Universitetindədir - 1640 yer. Ali məktəbə I ixtisas qrupu üzrə 495, II qrup üzrə 360, III qrup üzrə 505, IV qrup üzrə 210, V qrup üzrə 70 yer ayrılıb.

Beləliklə, ən yüksək göstəriciyə malik Xəzər Universiteti ilə ən az plan yeri ayrılan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası arasında 1215 plan yeri fərq var.

I ixtisas qrupu üzrə araşdırılan özəl ali məktəblərə ümumilikdə 1770 plan yeri ayrılıb.

Bu qrupda ən aşağı göstərici Bakı Avrasiya Universitetindədir – cəmi 50 yer. Universitet I qrup üzrə yalnız informasiya texnologiyaları ixtisasına qəbul aparır.

“Azərbaycan” Universiteti və Bakı Biznes Universitetinin hər birinə I qrup üzrə 130, “Odlar Yurdu” Universitetinə 165, Azərbaycan Kooperasiya Universitetinə 360, Qərbi Kaspi Universitetinə 440 yer ayrılıb.

I qrup üzrə ən geniş qəbul isə Xəzər Universitetindədir – 495 yer. Burada kompüter elmləri, informasiya təhlükəsizliyi, kompüter, elektrik və elektronika, kimya, mexanika, neft-qaz, inşaat, radiotexnika və telekommunikasiya mühəndisliyi, memarlıq, eləcə də müəllimlik istiqamətləri üzrə qəbul nəzərdə tutulub.

Beləliklə, I qrupda ən yüksək və ən aşağı plan arasında 445 yer fərq var.

Özəl ali təhsil müəssisələrinin qəbulunda əsas ağırlıq II ixtisas qrupunun üzərinə düşür. Bu qrupa ümumilikdə 4285 plan yeri ayrılıb.

II qrup üzrə ən aşağı qəbul planı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasındadır – 280 yer. Xəzər Universitetində bu göstərici 360, Qərbi Kaspi Universitetində 390, Azərbaycan Universitetində 440, Odlar Yurdu Universitetində 525, Azərbaycan Kooperasiya Universitetində 710, Bakı Avrasiya Universitetində 725 yerdir.

Bu qrupda ən böyük plan Bakı Biznes Universitetinə - 855 yer ayrılıb.

Rəqəmlər göstərir ki, özəl ali məktəblərin qəbul planında biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə, marketinq, menecment, mühasibat və turizmlə bağlı ixtisaslar mühüm yer tutur. II qrup üzrə ən yüksək və ən aşağı göstərici arasında 575 yer fərq var.

III ixtisas qrupu üzrə ümumi plan 3450 yer təşkil edir. Bu da II qrupdan sonra özəl ali təhsil müəssisələrində ən çox yer ayrılan istiqamətdir.

Bu qrup üzrə ən aşağı göstərici Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasındadır - 145 yer. Bakı Biznes Universitetinə 305, Odlar Yurdu Universitetinə 315, Azərbaycan Kooperasiya Universitetinə 415, Qərbi Kaspi Universitetinə 440, Xəzər Universitetinə 505, “Azərbaycan” Universitetinə 585 yer ayrılıb.

III qrup üzrə ən yüksək qəbul planı Bakı Avrasiya Universitetindədir - 740 yer.

Universitetin bu qrup üzrə planında beynəlxalq münasibətlər, filologiya, regionşünaslıq, tərcümə və sosial iş kimi ixtisaslar geniş yer tutur.

III qrupda ən yüksək və ən aşağı plan arasında 595 yer fərq var.

IV ixtisas qrupu üzrə mənzərə fərqlidir. Araşdırılan özəl ali təhsil müəssisələrindən yalnız dördündə bu qrup üzrə plan yeri ayrılıb.

Ümumi plan 615 yer təşkil edir.

Ən aşağı göstərici Azərbaycan Kooperasiya Universitetindədir – 60 yer. Burada plan yalnız ekologiya ixtisası üzrə nəzərdə tutulub.

Odlar Yurdu Universitetinə IV qrup üzrə 125, Xəzər Universitetinə 210, Qərbi Kaspi Universitetinə isə 220 yer ayrılıb.

Beləliklə, IV qrup üzrə ən geniş qəbul planı Qərbi Kaspi Universitetinə, ən az plan isə Azərbaycan Kooperasiya Universitetinə məxsusdur.

Ən məhdud qəbul planı V ixtisas qrupu üzrədir. Araşdırılan özəl ali təhsil müəssisələrindən yalnız üçündə bu qrup üzrə qəbul nəzərdə tutulub və ümumi plan 220 yer təşkil edir.

Xəzər Universiteti və “Odlar Yurdu” Universitetinin hər birinə 70, Qərbi Kaspi Universitetinə isə 80 yer ayrılıb.

Bu baxımdan V qrup üzrə ən aşağı göstərici Xəzər və “Odlar Yurdu” universitetlərində eynidir.

Ümumi mənzərəyə baxdıqda özəl ali təhsil müəssisələri üçün ayrılan 10 340 plan yerinin 4285-i II, 3450-si III ixtisas qrupunun payına düşür. Başqa sözlə, yalnız bu iki qrup üzrə 7735 yer ayrılıb.

I qrup üzrə 1770, IV qrup üzrə 615, V qrup üzrə isə 220 plan yeri mövcuddur.

Bu rəqəmlər 2026-cı ildə özəl ali təhsil sektorunda qəbul planının daha çox iqtisadiyyat, idarəetmə, biznes, maliyyə, sosial və humanitar istiqamətlərdə cəmləşdiyini göstərir. Texniki istiqamətləri əhatə edən I qrupda plan yerləri nisbətən az, IV və V qruplarda isə daha məhduddur.

Yekunda ali təhsil müəssisələri üzrə qəbul planı belə formalaşır: Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası - 425, Azərbaycan Universiteti - 1155, Odlar Yurdu Universiteti - 1200, Bakı Biznes Universiteti - 1290, Bakı Avrasiya Universiteti - 1515, Azərbaycan Kooperasiya Universiteti - 1545, Qərbi Kaspi Universiteti - 1570, Xəzər Universiteti - 1640 yer.

Beləliklə, 2026/2027-ci tədris ili üzrə qəbul aparan özəl ali təhsil müəssisələri arasında ən az ümumi plan yeri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına, daha sonra isə Azərbaycan Universitetinə ayrılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!