
Bu gün qızı Ləman ilk dəfə ad gününü atasız - Həsənsiz keçirir...
6 yaşlı qızcığaz bəlkə də atasızlığı tam olaraq dərk etmir, amma əminəm ki, bu gün ən çox hədiyyə almaq istədiyi insan o, olardı...
2008-ci ilin bu günü ikinci dəfə atalıq hissi yaşadı Həsən. Amma 2014-cü ilin bu günü Ləman onsuzluqla baş-başadır. Hələ sağlığında yaxınlarının “iki bacıya bir qardaş da lazımdır” deməsinə qarışılıq, “Ləman mənim oğlumdur, başqa oğlu neyləyirəm” deyərmiş...
Dəcəl balan, oğul balan, Ləman balan böyüyür, Vətən oğlu! Bir az sənsiz, bir az səssiz, bir az HƏSƏNSİZ...
Bu gün cismən balanın yanında olmasan belə, əminəm ki, bu rəsmdən baxdığın kimi bir yerlərdən baxırsan qızlarına... Baxdıqca Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbində anası, həm də müəlliməsi olan Vüsalə xanımın təlim-tərbiyəsi, nənə-baba qayğısı, əmi-bibi sevgisi ilə böyüyən qızlarınla fəxr edirsən. Qızlar da səninlə fəxr edir! Sən Vətəndə ölməklə, çoxlarına qəhrəmanlıq nümunəsi göstərdin!
İllər keçəcək, Ləman da böyüyəcək. Sənsizliyə alışsa da, yerin hər zaman görünəcək. Körpə yaddaşına qəhrəman kimi həkk olan Həsən hər zaman onun üçün yaşayacaq! Ləman sənin qızın olduğu üçün başını dik tutacaq. Adın bəs edəcək ona, SƏNSİZ olsa belə!





Gülşən RAUFQIZI