Modern.az

Marneulidə Heydər Əliyevin 100 illik yubileyi qeyd edildi

Marneulidə Heydər Əliyevin 100 illik yubileyi qeyd edildi

Diaspor

13 Noyabr 2023, 17:42

Gürcüstanın Marneuli şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə mədəni tədbir keçirilib.

 

Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Komitənin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının təmsilçiləri, azərbaycanlı icmasının tanınmış ziyalıları, mədəniyyət xadimləri, icma təşkilat rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.

 

Tədbir iştirakçılarını Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adından salamlayan Komitənin şöbə müdiri Vüsal Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edildiyini xatırladıb. Bu il Azərbaycanda və soydaşlarımızın yaşadığı bütün ölkələrdə həmvətənlərimiz tərəfindən silsilə tədbirlərin, o cümlədən Gürcüstanın Tbilisi, Marneuli, Bolnisi, Dmanisi, Qardabani şəhərlərində ulu öndərə həsr edilmiş kitab təqdimatları, intellektual yarışları, idman turnirləri, ağacəkmə aksiyaları, konfrans və dəyirmi masaların keçirildiyini diqqətə çatdırıb.

 

Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi zaman – istər sovetlər dövründə, istərsə də 1993-cü ildə Azərbaycanda xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Gürcüstandakı soydaşlarımızın qayğılarını, problemlərini daim diqqətdə saxladığı, əslən Gürcüstandan olan görkəmli dövlət, mədəniyyət və ictimai-siyasi xadimlərin xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıqlar verdiyi yada salınıb. Onun siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Gürcüstanda yaşayan azərbaycanlılara diqqətin və qayğının davam etdirildiyi bildirilib.

 

Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V (Zəfər) Qurultayında Prezident İlham Əliyevin çıxışı zamanı Azərbaycan dilinin soydaşlarımız arasında istifadəsi ilə bağlı görülən işlərin intensivləşdirilməsi və həmvətənlərimizin təşkilatlanması barədə tövsiyələr verdiyi və bu baxımdan soydaşlarımız tərəfindən Gürcüstanda diqqətəlayiq işlərin həyata keçirildiyi vurğulanıb.

 

12 noyabr tarixinin Azərbaycanda Konstitusiya Günü olaraq qeyd edildiyinə, cari ilin 19-20 sentyabr tarixlərində ümumilikdə 23 saat davam etmiş antiterror lokal tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyinin bütün ölkə ərazisində bərpa olunduğuna diqqət cəlb edilib.

 

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Murad Muradov və başqaları çıxışlarında Heydər Əliyevin Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının, dostluğunun yaranması, inkişafı, möhkəmlənməsi və dərinləşməsində əvəzsiz rolundan, ümummilli liderin həyat və fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

 

Daha sonra tədbir yerli və Azərbaycandan dəvət edilmiş tanınmış musiqiçilərin təqdimatında konsert proqramı ilə davam edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir