Modern.az

Torontoda Zəfər və Bayraq günləri qeyd edildi - FOTOLAR

Torontoda Zəfər və Bayraq günləri qeyd edildi - FOTOLAR

Diaspor

14 Noyabr 2023, 17:04

Kanadanın Toronto şəhərində yerləşən “Markham Konqres Mərkəzi”ndə (“Markham Convention Centre”) Azərbaycanın Zəfər və Bayraq günlərinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət qurumlarının rəsmi şəxsləri,  parlament üzvləri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan icmasının və müxtəlif icmaların nümayəndələri iştirak ediblər. Qonaqlar arasında Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Türkiyə Cümhuriyyətinin Torontodakı Baş konsulu Can Yoldaş, Ruminiyanın Torontodakı Baş konsulu Oana Raluka Gerge, Ontario əyalət parlamentinin üzvü, Ontario əyaləti üzrə Mental sağlamlıq və asılılıqlar naziri Maykl Tibollo, 8-ci palata müşaviri İsa Li, 6-cı palata müşaviri Amanda Yunq Kolleççi olub.

 

Azərbaycan və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova açıb. Soydaşlarımızı bu əlamətdar tarixi günlər münasibətilə təbrik edən mərkəz rəhbəri bildirib ki, Azərbaycan həqiqətlərinin, xalqımızın haqq səsinin Kanadada eşidilməsi üçün soydaşlarımız yerli ictimaiyyət və müxtəlif icmalarla birgə səmərəli fəaliyyət göstərir.

 

Tədbirdə çıxış edən nazir Maykl Tibollo Azərbaycanın Dövlət Bayrağı Gününün əhəmiyyətindən bəhs edib və icmamızı bu münasibətilə təbrik edib. Nazir Maykl Tibollonun və Markham şəhərinin meri Frank Skarpitti adından Bayraq Günü ilə bağlı təbrik bəyannamələri “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinə təqdim edilib.

 

Tədbir musiqi gecəsi ilə davam edib. Kanadada yaşayan sənətçilər – Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü Həsən Enaminin (tenor), Əliheydər Mirzəbəyovun rəhbərlik etdiyi “Vətən” Azərbaycan instumental ansamblının, “Təbriz” Azərbaycan mahnı və rəqs ansamblının solistləri Şervin Şadpur və Polad Kaşefin ifalarında Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

 

Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin təqdim etdikləri “Qaval”, “Sarı Gəlin”, “Zəfər” rəqsləri və “Qarabağ” mahnısı xüsusi maraq doğurub.

 

Qeyd edək ki, məktəb şagirdlərinə milli rəqsləri Bakı Xoreoqrafiya Məktəbinin məzunu, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Orxan İslamov qısa müddət ərzində öyrədib.

 

Konsert proqramı qonaqların gur alqışları ilə qarşılanıb.

 

Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsini əks etdirən sərgi təşkil edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir