Modern.az

Soydaşlarımız cüdo üzrə Kvebek Beynəlxalq Açıq Çempionatında

Soydaşlarımız cüdo üzrə Kvebek Beynəlxalq Açıq Çempionatında

Diaspor

14 Noyabr 2023, 17:50

Kanadanın Alberta əyalətində yaşayan gənc soydaşımız Emiliya Əliyeva Monreal şəhərində keçirilən cüdo üzrə 46-cı Kvebek Beynəlxalq Açıq Çempionatında uğurlu nəticə göstərib.

 

“Hiro's Judo Club”un təmsilçisi olan 70 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız çempionatın ilk günü U-18 yaş divizionunda tatami üzərinə çıxıb. 3 rəqibi üzərində üstünlük əldə edən cüdoçu yalnız finalda məğlub olaraq ikinci yeri tutub.

 

Ertəsi günü öz yaşına uyğun olaraq U-16 yaş divizionunda tatami üzərinə çıxan Emiliya Əliyeva bütün rəqibləri üzərində qələbə çalaraq çempion titulunu qazanıb.

 

Bundan başqa, Ontario yığma komandasını U-16 yaş divizionunda 66 kq çəki dərəcəsində təmsil edən gənc soydaşımız Yasur Əlizadə yarışda 3-cü yeri tutub. Beləliklə, iki soydaşımız öz komandalarına qızıl, gümüş və bürünc medallar qazandırıb.

 

Qeyd edək ki, Emiliya Əliyeva 21-22 oktyabr 2023-cü il tarixində Toronto şəhərində keçirilən “Hatashita 2023 Ontario Open Judo Championships” yarışında U-16 yaş divizionunda parlaq qələbə qazanıb. 6 yaşından cüdo ilə məşğul olan və 70 kq çəki dərəcəsində Kanadanın 8 ən yaxşı cüdoçu qızlarından biri hesab olunan Emiliyanın məşqçisi atası Vəsfi Əliyevdir.

 

Diasporla İş üzrə Dövlət Komitəsi gənclərimizi bu parlaq nəticələr münasibətilə təbrik edir, idmançı karyeralarında davamlı uğurlar əldə etməyi arzulayır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir