Modern.az

Ukrayna daha uzaq məsafələri vura biləcək - ABŞ-dan mühüm dəstək

Ukrayna daha uzaq məsafələri vura biləcək - ABŞ-dan mühüm dəstək

3 Fevral 2023, 22:11

ABŞ yaz aylarında Rusiyanın yeni genişmiqyaslı hücumuna hazırlaşan Ukraynaya veriləcək yeni hərbi yardım paketini açıqlayıb. 2.2 milyard dollarlıq yardım paketinə hava hücumundan müdafiə sistemləri, tank əleyninə raketlər, pilotsuz uçuş aparatları, sursatlar və digər hərbi sistemlər daxildir.

 

Rəsmi Vaşinqton sonuncu hərbi yardıma uzaqmənzilli raketlər də əlavə edib. GLSDB (Ground Launched Small Diameter Bomb) adlı raketlər Ukraynaya 150 kilometr məsafədəki Rusiya hədəflərini məhv etməyə imkan verəcək. İndiyədək ABŞ-ın Ukraynaya verdiyi ən uzun mənzilli raketlər 77 kilometr məsafədəki hədəfləri vura bilən GMLRS raketləri olub.

 

Yeni raketlərlə Ukrayna ordusu Rusiya qüvvələrinə daha uzaq məsafədən hücum edə və ya potensial olaraq Rusiyanın nəzarətində olan ərazilərə daha dərindən zərbə endirməyə imkan verəcək. ABŞ və İsveçin birgə istehsal etdiyi raketlər naviqasiya sistemi sayəsində hədəfləri dəqiqliklə məhv edə bilir. Bu raketlərlə Ukrayna Krım yarımadasının bir hissəsinə də zərbələr endirə biləcək. Qərb mətbuatı bildirir ki, raketlər 2023-cü ilin yazına qədər Ukraynaya təhvil verilə bilər.

 

Ekspertlər isə deyir ki, yeni raketlər Rusiyanın yaz aylarında gözlənilən hücumunu ləngidə biləcək. Çünki, Rusiya ordusu artıq təchizat anbarlarını daha uzaq məsafələrdə yerləşdirmək məcburiyyətində qalacaq və hücum daha yavaş sürətlə həyata keçiriləcək.

 

Onu da qeyd edək ki, Ukrayna ABŞ-dan 297 kilometr mənzilli ATACMS raketləri də istəyib. Ancaq rəsmi Vaşinqton Kiyevin bu tələbini yerinə yetirməyib. Müşahidəçilər bildirir ki, tezliklə ABŞ Ukraynaya bu raketlərdən də verə bilər. ATACMS raketləri ilə Ukrayna Rusiyanın əməliyyatlarına mane ola və taktiki üstünlük qazana bilər.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub