Modern.az

Qızı Fərman Kərimzadədən YAZDI

Qızı Fərman Kərimzadədən YAZDI

Ədəbi̇yyat

3 Mart 2022, 16:58

Bu gün dünyaya gəlmişdi Fərman Kərimzadə, canım atam. Xüsusi qeyd etmələri sevməsə də, anam və üç qızı pərvanə olub dayanmadan hazırlıqlar görərdik onun doğum günü üçün. Qonşu qadınlar da bizə qoşulardı. Bilirdik ki, axşama ev dolu olacaq, gələnləri çağırmağa ehtiyac yox idi, hamı 3 martın “Fərman günü” olduğunu bilirdi, özündən başqa. Özü çox vaxt unudardı bu günü, amma etdiklərimizi görəndə sevinirdi, çünki dostları, insanları çox sevirdi. Bu səbəbdən evimiz həmişə qonaqlı-qaralı olardı. Kimlər olmamışdı o evdə. Xatirələrimi oyatmağa belə qorxuram, o səslər yenidən əks-səda verib, geri - ata ocağımıza səsləyir...

Alimin səsini ilk dəfə evimizdə eşitmişəm onu eşidən hamı heyrətlənib, atamın gözləri dolub.

Həsən Məmmədovun sakit təmkinli, Şahmar Ələkbərovun unudulmaz səsi, Rasim Balayevin parodiyaları, Bayram Bayramovun, Abbas Abdullanın ağayana görünüşü, əmimin, dayılarımın, bibilərimin, xalalarımın doğma baxışları, qonşumuz Lumu xalanın “ləvəngilərimi bəyəndilərmi görəsən?” deməyi və daha nələr...

Ev telefonu da susmaq bilmirdi, Moskvadakı Ədəbiyyat Fondundan zəng edib təbrik edirdilər. Ukrayna, Qazaxstan, Qırğızıstan, Özbəkstandan tanınmış yazıçılar zəng vurub  təbrik edirdilər.

Ard-arda gələn məktublar, teleqramlar…
 
Onu çox sevirdilər. Onu çox sevirdik. Bir günümüzü atasız təsəvvür etmədiyimiz halda artıq 33 ildi onsuzuq. Evimiz onsuz tamam boşalmışdı...


Yeganə Kərimzadə
 

P.S. Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq üslubu ilə seçilən, ədəbiyyatımıza “Qarlı aşırım”, “Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Təbriz namusu”, “Qoca qartalın ölümü” kimi önəmli əsərlər bəxş etmiş görkəmli yazıçı, ssenarist Fərman Kərimzadə 3 mart 1937-ci ildə dünyaya gəlib.
F.Kərimzadə tarixi roman müəllifi kimi tanınır. Onun “Qarlı aşırım” romanı əsasında 1971-ci ildə rejissor Kamil Rüstəmbəyovun quruluş verdiyi “Axırıncı aşırım” filmi Azərbaycan kinosunun ən uğurlu ekran əsərlərindən biri hesab olunur. 


F.Kərimzadə 17 mart 1989-cu ildə vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü