Modern.az

Qatil yazıçı

Qatil yazıçı

Ədəbi̇yyat

29 Dekabr 2022, 15:42

Hər cinayətin bir hekayəsi var


2000-ci ilin dekabrında Polşanın Vrotslav şəhəri yaxınlığında Oder çayında balıqçılar iş adamı Dariuş Yanişevskinin cəsədini aşkar edirlər.


Qatil işini ustalıqla görmüşdü. O, heç bir iz buraxmamışdı. Aparılan uzunmüddətli istintaq nəticə vermir, çünki polis qatilin şəxsiyyətini müəyyənləşdirməkdə çətinlik çəkirdi. Bu isə cəmiyyətdə cinayətkarın tapılacağına inam hissini hər keçən gün azaldırdı.


Məsələ onda idi ki, uğurlu iş adamı və olduqca istiqanlı şəxs kimi tanınan D.Yanişevskinin gözlə görünən düşmənləri yox idi. Onun öldürülməsi ilə bağlı müxtəlif versiyalar dolaşırdı. Qətl hadisəsindən sonra televiziyalara və istintaqa anonim məktublar göndərilir, cinayətin izləri müxtəlif istiqamətlərə yönəldirilirdi.

Və bir gün naməlum şəxsin polisə zəng edərək Kristian Balanın 2003-cü ildə nəşr olunan “Quduzluq” (Amok) romanını oxumalarını tövsiyə etməsi işin axarını dəyişir...


Bu məlumat hüquq-mühafizə orqanlarının uğursuzluqlarından sonra araşdırmalara qoşulan peşəkar əməliyyatçı Jacek Vrablevskinin diqqətini çəkməyə kifayət edir.  


"Quduzluq" romanını dəfələrlə oxuyan Vrablevski əsərdəki bəzi “təsadüflərin” heç də  təsadüfi olmadığı qənaətinə gəlir. Kitab ona daha çox cinayət hesabatı kimi görünürdü. Qətl çox təfərrüatlı təsvir edilmişdi, cinayətin motivi də hardasa üst-üstə düşürdü. Əsərin qəhrəmanı da həyat yoldaşından boşanır, içki alüdəçisidir, fəlsəfəni sevir və dünyanı gəzirdi.


Polis hesab edir ki, keçmiş həyat yoldaşının dostu Dariuş Yanişevskini vəhşicəsinə qətlə yetirən məhz Baladır.


İstintaq Balanın həyat hekayəsini araşdırır. Məlum olur ki, yazıçı həyat yoldaşını Dariuş Yanişevskiyə qısqanırmış və onu təqib edirmiş.


Dariuşu iş yerindən qaçıran Bala onu anbarda “həbs edərək” 4 gün işgəncə verir. Buna baxmayaraq, Dariuş yazıçının arvadı ilə əlaqələrinin olmasını qətiyyətlə rədd edir. Bala deyilənlərə və onun yalvarışlarına inanmır, aclıqdan və çoxlu qan itkisindən ölmək üzrə olan iş adamını əl-ayağı bağlı vəziyyətdə yaxınlıqdakı gölə atır.



Cinayətkarın izinə düşən əməliyyatçılar polisə anonim məktublar göndərənin də məhz Bala olduğu qənaətinə gəlirlər. Yazıçının həmin mesajları Cənubi Koreya və İndoneziyadan dalğıclıqla məşğul olduğu zamanlarda ünvanladığı üzə çıxır. Nə qədər qəribə səslənsə də, məktubları yazmaqla əsas məqsədi “Quduzluq” adlı romanının oxunmasına bu yolla diqqət çəkmək imiş...


Qətldə ittiham edilən Bala polisin ona iftira atdığını, təqsirsizliyini sübut etmək üçün yalan detektorundan keçməyə hazır olduğunu bildirir. O, testdən uğurla keçsə də, məhkəmə prosesi zamanı yazıçının test qeydləri deşifrə olunur. Mütəxəssislər dalğıclıqla məşğul olan yazıçının sınaq zamanı detektora cavab verərkən sakit qalmağa imkan verən xüsusi nəfəs texnikasından istifadə etdiyini sübuta yetirməyə çalışırlar.


Keçmiş həyat yoldaşı proses zamanı ondan boşanma səbəblərindən danışarkən Balanı hər şeyə nəzarət etməyə çalışan bir insan kimi qələmə verir. Onun sözlərinə görə, boşandıqdan sonra da yazıçı qadının sosial çevrəsini məhdudlaşdırmağa çalışıb. İstintaq bu nüansı da qətlin motivi kimi görür.


Təqsirləndirilən şəxs müdafiə çıxışında romanının süjet xəttinin törədilmiş cinayətlə üst-üstə düşməsinin sırf təsadüfi olduğuna polisi inandırmaq istəyir. “Quduzluq” ədəbi əsərdir. Əsərin məzmunu narkotikdə və spirtli içkidə təsəlli axtaran ziyalının yaşadıqlarından bəhs edir. Üslub və süjet xətti çox inandırıcı şəkildə qələmə alınsa da, bu, yalnız təxəyyül məhsuludur.


Son söz söyləyən Kristian Bala məhkəmədə bütün ittihamları rədd edərək romanını qətldən ilhamlanaraq yazdığını deyir. Yazıçının mühakimə olunduğu məhkəmədə ittihamçı ona 25 il həbs istəsə də, müdafiə tərəfi sübutların yetərli olmadığını iddia edib. Kristian Bala 20 dekabr 2007-ci ildə azadlığa buraxılıb. Lakin sonradan Dariuşun Balanın həyat yoldaşı ilə münasibətdə olduğuna dair sübutlar ortaya çıxanda Kristian 2009-cu ildə Apellyasiya Məhkəməsi tərəfindən həbs cəzasına məhkum edilir. Polşa Ali Məhkəməsi qərarı təsdiqləyir.

Səyyah, jurnalist və yazıçı Bala cəzadan qaça bilməsə də, əsas məqsədinə çatır. 25 il həbs cəzası alan qatil yazıçının romanı bestller kimi həm Polşada, həm də dünyada bu gün də maraqla ən çox oxunan detektivlər sırasındadır.
 

Ruslan Vəliyev,
polis baş leytenantı

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü