Modern.az

Kiçik adamların böyük problemlərinin sözçüsü SAİT FAİK

Kiçik adamların böyük problemlərinin sözçüsü SAİT FAİK

Ədəbi̇yyat

29 İyun 2023, 11:42

Ramazan SİRACOĞLU

Müasir türk ədəbiyyatının tanınmış nümayəndəsi Sait Faik (1906-1954) türk nəsrinin inkişafında dönüş nöqtəsi hesab olunur. Türkiyəli yazarlar onu “kendigel  yazar” adlandırırdılar. S. Faik türk hekayələrinin mövcud çərçivəsini qətiyyətli şəkildə qıraraq, sosial problemləri geniş oxucu kütləsinə çatdıra bilmişdir.  Sait Faik məşhur Avropa yazıçılarının təsiri altında qalmamış, həmişə öz orijinallığını qoruyub saxlamışdır. Ümumiyyətlə, o, heç vaxt heç bir ədəbi qrupun üzvü olmayıb. S. Faikin əsas ədəbi personajları adi, heç bir rütbəsi, mənsəbi, xüsusi iddiası olmayan insanlardır - küçə satıcıları, qayıqçılar, balıqçılar, evsizlər, işsizlər, dilənçilər, içki düşkünləri vb.  S. Faikin fikrincə, əsl yazıçı cğmiyyətə ayna tutmalıdır, yəni, reallığı ayna kimi əks etdirməlidir. Tərəddüd etmədən Sait Faiki Avropa səviyyəsində ilk türk nəsr nümunələrinin müəllifi və çağdaş  türk nasirlərinin  lideri  olaraq qəbul etmək olar. Sait Faik fövqəladə yaradıcılıq tərzi və fikirlərinin fərqli ifadə üsulları sayəsində sələflərini təkrarlamadan türk ədəbiyyatında öz ədəbi məktəbini yaratmağa nail olmuşdur. Ölümündən sonra çox böyük ədəbi irs qoyub, türk yazarları arasında gələcək nəsil üçün təqlid obyektinə çevrilib. Bu gün Sait Faikin əsərləri gənc yazarlar üçün böyük və ciddi ədəbiyyatın mahiyyətini, yaradıcılıq kredosunu tanıdan ilk mənbə hesab olunur. Demək olar ki, o, təkcə təhkiyyə tərziylə  fərqlənmir, eyni zamanda ədəbi personajların təsviri sahəsində də  qabaqcıl hesab olunur. Sait Faik öz müşahidələrinə əsaslanaraq kifayət qədər real surətləri təfərrüatı ilə təsvir edə bilmişdir. Sait Faik türk ədəbiyyatında ilk dəfə “kiçik insan” obrazını canlandırmış, onların sosial xarakterlərini açmağa nail olmuş; eyni zamanda öz qəhrəmanlarını hər hansı dini və siyasi dairələrlə əlaqələndirməkdən çəkinmişdir. Yazıçının məqsədi bütün ədəbi tipləri  real həyatda olduğu kimi təqdim etmək idi. Yəni, Sait Faik tipləri  öz istədiyi kimi təsvir etməmiş, onları olduğu kimi təqdim  etməyi bacarmışdır. Bu səbəbdən də yazıçının bütün ədəbi qəhrəmanları  realdır. Oxucular sanki onlarla yaxından tanışdırlar, haradasa bu ədəbi qəhrəmanlarla görüşüblər.  S. Faik bütün həyatı boyu ictimai problemlərə deyil, ictimai həyatda fərdin probleminə diqqət yetirmiş, bacardığı qədər onların faciəvi talelərinin mahiyyətini, fəlakətlərinin səbəblərini açmışdır. S. Faikin ədəbi həyatı 1930-cu illərdən başlayıb və 1954-cü ildə tamamlanıb. Qeyd edək ki, ədəbi cəmiyyət sağlığında gənc yazıçıya qarşı çox xoşagəlməz münasibət bəsləmişdir. Mühafizəkar düşüncəli  ədiblər onu müxtəlif adlarla çağırırdılar: “sərxoş balıqçı”, “xərabati  facir”, “nankor bədxərc”, “küfrbaz”, “vulqar şair”, “əyyaş” vs. Bütün ədəbi basqılara rəğmən,Sait Faik həyatı boyu öz yaradıcılıq yolundan və əqidəsindən dönməmiş, yaradıcı  müstəqilliyini qoruyub saxlamağı bacarmışdır.

XX əsr türk ədəbiyyatının əksər ədəbi növlərində uğurlu əsərlər yazmış Sait Faik Abasıyanık daha çox novellaları ilə tanınır. Çağdaş türk nəsrinin qabaqcıl simalarından olan Sait Faikin əsərlərində insansevərlik hər zaman ön planda olmuşdur.  Onun nəsrində fransız nasiri Andre Jidin ( 1869- 1951) güclü ədəbi təsiri duyulur. Sait Faik özü etiraf etmişdi ki, Andre Jide onu çox təsirləndirmişdir: “Birçok yazıcı okudum. Hepsinin tesirinde kaldım galiba, ama beni kendime alıştıran Andre Gide olmuştur.”

Sait Faik’in  hekayələrində hadisələr təbii axarı ilə cərəyan edir, təsvir olunan  tiplər heç vaxt realıq zəmnindən uzaqlaşmır. Onun hekayələrinin necə sonlanacağını öncədən təxmin etmək imkansızdır. Əsərlərindəki  nikbinlik daim oxucuya da sirayət edir, ondakı həyat eşqini, həyat tutqusunu artırır. Sait Faikin qəhrəmanları gündəlik məişət qayğıları ilə uğraşsalar da, minimal şərait əldə etmək naminə mücadilə etsələr də, heç vaxt ümidlərini itirmirlər. Bəlkə də Sait Faik şəxsi həyatından  çox fərqli olaraq, xəyali dünyada təsvir etdiyi qəhrəmanlarını xoşbəxt görmək istədiyindən belə davranmışdır. Onun hekayələri çox sadə, bədii təsvirlərdən mümkün qədər uzaqdır.  Novellalarında Divan ədəbiyyatının, “Serveti-fünun”, “Fecri-ati” ədəbi cərəyanlarının  nümayəndələrinin təmtəraqlı  üslubunu, ifadə tərzini bəyənməyən, “nesri-müzeyyen” adlanan  bər-bəzəkli təhkiyyədən nifrət edən Sait Faik xalq danışığını xatırladan cümlələrlə üstünlük vermişdir. Bu baxımdan özünə qarşı da  acımasız şəkildə davranmış,  eyni hekayəsini bir neçə variantda yazmış, qeyri-iradi olaraq işlətdiyi kitab cümlələrini öz hekayələrindən çıxartmışdır. Bu barədə onun   məlum qeydləri var: “Bak! Yine yapacağımızı yaptık işte. Dalgaları boyadık. Ufku mis gibi kızarttık. Biz böyleyiz. Kötü edebiyat terbiyesi aldık: Ne yapalım? Hemen şairleşmeye başlarız.” S. Faik yazdığı əsərlərinin hansı janrda olmasının fərqində olmamışdır. Onun üçün yazılarının janrı deyil, yazmanın özü önəmli idi. Sevdiyi qadına ünvanladığı bir məktubunda S. Faik bunu etiraf etmişdir: “Benim yazılarımın  hiçbiri öykü değil, röportaj değil, mektup değil, nedir ben de bilmem!”   

S. Faikin ədəbi qəhrəmanları cəmiyyətdə heç bir titulu , mənsəbi, iddiası olmayan, minimum həyat şəraitində həyatda qalmaq uğrunda çabalayan,  sosial baxımdan müdafiəsiz, hətta sağlamlıq baxımından zəif olan insanlardır. Bəzi hekayələrində S. Faik öz qəhrəmanlarına ad belə verməkdən imtina etmiş, onları sadəcə, “bir qadın”, “işsiz bir kişi”, “ümidsiz bir xəstə”, “birisi”, “gecekonduda oturan”  kimi ümumi təsvirlərlə təşxis etmişdir. Əslində, bu təşxislə müəllif qələmə aldığı ədəbi qəhrəmanının xarakter olmaqdan daha çox, tipik şəraitdə yaşayan bir tip olaraq tanıtmağa çalışmışdır. Başqa sözlə, yazıçı oxucuda ədəbi qəhrəmanın adı, yaşı, yaşayış yeri, bioloji cinsi  o qədər də önəmli deyil təəssüratı yaradır.  Türk yazıçısı Haldun Taner (1915- 1986) bu xüsusiyyətinə görə, Sait Faik’i “kiçik adamların böyük dostu” adlandırmışdır.

Sait Faikin qəhrəmanlarının əksəriyyəti “gecekondu” adlanan daxmalarda doğulan, böyüyən, daimi işi olmayan və çox vaxt bədbəxt hadisələr nəticəsində həyatını itirən insanlardır. Bir parça çörək tapmaq istəyi ilə öz doğma torpaqlarını tərk edərək böyük sənaye şəhərlərinə gələn, heç bir rahatlığı olmayan, qaçaq inşa olunmuş daxmalarda kirayənişin yaşayaraq arzusu gözündə qalan insanların fəci durumunu S. Faik gerçəkçi bir tərzdə qələmə alaraq həmin qəhrəmanların acı taleyini  çoxsaylı oxucuları ilə bölüşür. Məsələn,  “Kalorifer ve Bahar” adlı hekayəsində yazıçı qeyd edir ki, “kadınlar bu mahallede doğarlar, fakat başka bir sefil kulübede ölürler. Erkekler bu mahallede doğarlardı, katiyen bu mahallede ölmezlerdi. Kimisi hapishanede, kimisi denizde, bazısı cami avlusunda, ne bileyim başka yerlerde, kendi doğdukları yerden başka yerlerde ölürlerdi.” 

Eyni mənzərəni “Sur dışında hayat”, “Kaçamak, papağan, karabiber” hekayələrində də müşahidə etmək mümkündür. S. Faik balıqçılar haqqında silsilə hekayələr yazmışdır. Yazıçı fərqli tiplərin dili ilə günlük yaşayışını çox ağır şərtlər altında təmin etməyə məcbur qalmış balıqçıların acınacaqlı durumlarını real zəminə uyğun şəkildə əks etdirməyi bacarmışdır. Onun yazdığı “Papaz” hekayəsindəki Papaz surəti, balıqçılara xüsusi rəğbəti olan Sait Faikin fikirlərinin carçısıdır: “Ben dünyada balıkçıları, toprakla uğraşan rençberleri severim. Yalnız onları. O kadar.” Ümumiyyətlə, balıqçılar haqqında türk ədəbiyyatında da, dünya ədəbiyyatında da xüsusi yazan ədiblər olmuşdur. Məsələn, Ernest Heminquey, Tevfik Fikret, Halikarnas Balıkçısı belə ədiblərdəndir. Müxtəlif hava şəraitində, istidə, soyuqda əngin dənizin coşğun dalğaları ilə  mübarizədə günlük ruzisini qazanmağa çalışan balıqçılar S. Faikin sevimli ədəbi qəhrəmanlarındandır. “Bizim köy bir balıkçı köyüdür”, “İki kişiye bir hikaye”, “Bir kaya parçası gibi”, “Stelyanos Hrisopulos gemisi”, Balıkçının ölümü”, “Ağıt”, “Haritada bir nokta” vs.  hekayələrində S. Faik çətin və təhlükəli məslək sahiblərinin yaşayış uğrunda verdikləri mücadiləni, onların arzu və düşüncələrini səmimi tərzdə, inandırıcı lövhələrlə əks etdirmişdir. S. Faik üçün nə ədəbi qəhrəmanlarının, nə də tipik şəraitdə tipik çizgilərlə təsvir etdiyi ədəbi surətlərin etnik və sosial mənsubiyyətinin  fərqi vardır. Onun üçün önəmli olan insan amilidir. Məsələn, “Stelyanos Hrisopulos gemisi” hekayəsinin qəhrəmanı  qoca balıqçı Hrisopulos milli mənşəcə bir yunandır. Hrisopulosun yaşı yetmişi keçmiş, gözləri zəifləmiş, əlləri və dizləri gücdən düşmüşdür. İndi onun evdə rahat oturub istirahət etməli olduğu çağı olsa da qoca balıqçı hər gün dənizə çıxıb balıq tutmağa, tuta bildiyi balığı satıb evinə çörək almağa məcburdur. Hrisopulosun, əslində heç düz əməlli bir evi də yoxdur: “Zeminden üç merdivenle inilen küçük odasının tavanı insan boyundan yüksek olmasına rağmen insanı eğilmeğe mecbur bırakan bir karanlığı vardı.”  Qoca Hrisopulos illərə sinə gərmiş köhnə balıqçı qayığında açıq dənizə çıxarkən xəstə nəvəsi Trifona şalvar, bir kömbə təndir çörəyi, bir az şəkər, nefti tükənən lampası üçün bir-iki litr neft, bəxti getirib qalxan balıq tuta bilsə, qəssabdan hətta yarım kilo ət almaq barədə düşünür: “Trifon, kışa girerken hastalanmıştı. Köyde ilaç pahalıydı. Şehre inmek bir meseleydi. Trifon gerçi mektebe gitmiyordu.”

S. Faikin qoca Hrisopulosu məşhur amerikan yazıçı E. Heminqueyin Nobel mükafatına layiq görülmüş “Qoca və dəniz” əsərindəki qoca Santiaqonu xatırladır. E. Heminqeyin qəhrəmanı Santiaqo da 84 gün balıq tuta bilməmişdi: “Hrisopulos sabahtan beri çaparı hazırlıyordu. Tamir ettiği ağlar çoktan bozulmuş, yazın hazırladığı oltalar kopmuş, kayığın boyaları dökülmüş, evin içi çoktan karmakarışık olmuştu. Bu sene balık yoktu.”

“Krallık” hekayəsinin qəhrəmanı Ali Rızanın da taleyi Hrisopulosun taleyindən  fərqli deyildir. Türk olan Ali Rıza da ömrünü balıqçılıqda çürütsə də dünyada heç bir qazancı yoxdur. Onun da günü- güzəranı adi məişət qayğıları içində, əzab-əziyyətdə keçmiş, yarı qarını ac, yarı qarnı tox olmuş, bir gözü ağlamış, bir gözü gülmüşdür. Varı-dövləti “kırık bir masa, iki testi, bir testere, bir yıpranmış yorgan, bir kopuk balık ağı, bir nargile marpucu” idi. Sait Faikin təsvir etdiyi balıqçı Alı Rıza tanınmış şair Orhan Velinin “Kitabe-i Seng-i Mezar” şeirinin qəhrəmanı Süleyman əfəndiyə çox bənzəyir. Ömür boyu yoxsulluq içində yaşamış Süleyman əfəndi ölümündən sonra geriyə ancaq borclarını buraxıb getmişdi:

Duysalar öldüğünü alacaklılar, haklarını helal ederler elbet.
Alacağına gelince, alacağı yoktu zaten rahmetlinin…

S. Faikin ədəbii qəhrəmanı balıqçı Ali Rıza bütün ömrü boyu nə zamansa bir rütubətsiz, pəncərəsi günəşə açılan, içərisi dəniz qoxusu dolu, divarı boyalı, səliqəli bir otaqda yatmaq arzusu ilə yaşamış, röyalarında sürəkli olaraq qeyd olunan özəllikləri olan otağı görmüş, qocalmış, lakin heç vaxt yuxuları çin olmamışdı. “İki kişiye bir hikaye” əsərində S. Faik ömrünü yalnızlıqda keçirmiş, qaradinməz, kasıb, sərt mizaclı balıqçı Barbanın acı həyatından bəhs etmişdir. Daim insanlardan uzaq durmağa çalışan, gündəlik yaşayışını  böyük bir əziyyətlə qazanan Barbanın gerçək dünyada səmimi bildiyi bir varlıq bir qağayıdır. Qağayı da onu tanıyır, Barba dənizə, balıq ovuna çıxdığında qağayı da onun qayığının ətrafında uçur. Barba həmişə tutduğu balığın içalatını qağayıya verir. Sait Faik ədəbi qəhrəmanı Barbanın səssiz- səmirsiz davranmasını, qaradinməz olmasını onun balıqçılıq peşəsi ilə açıqlamışdır: “Balıkçının gevezesine hiç rastlamadım. Sonunda şöyle bir neticeye vardım: İnsan balıkçı ise geveze değildir. Geveze ise balıkçı değildir.” Balıqçı Barba insanlar arasında özünü tənha hiss edir. Ona elə gəlir ki, əslində, bütün insanlar, çiyin-çiyinə gəzən, hərəkət edən, izdihamda yaşayanların hamısı  yalnızdırlar. Bu baxımdan insanlar sanki bir-birinə bitişik kimi görünən, həqiqətdə isə, bir-birindən işıq ili məsafəsi qədər uzaq olan ulduzlar kimidirlər. Qəribədir ki, insanlardan qaçan Barba qağayını özünə yaxın bilir:  “Onu etrafımda görmediğim günler bir şey kaybetmiş de ne olduğunu bir türlü bulamayan, durmadan da o şeyi arayan insana dönerim. İnsana alışamıyorum ama şu deniz kuşuna alışmışım. İnsana alışsam evlenirdim.” Yazıçı bir gün Barbanın yaxasında matəm əlaməti olaraq taxdığı qara rəngli lent görür. Barbaya səbəbini soruşanda o da  uzaq bir əqrabasının öldüyünü söyləyir. Hekayədən anlaşılır ki, hər gün Barbanın qayığını müşayiət edən qağayı öldüyü üçün Barba kədərlənmiş və ağlamışdı. S. Faik öz oxucularını  balıqçı Barbanın səmimiyyətinə inandırır: “Ölüsünü burada bulunca ağladım, dedi. Sen hani geçen balığa gelişimizde hastalanmıştın, ben de öyle hastalandım. Balık tutmadan döndüm.”

“Haritada bir nokta” adlı hekayəsində S. Faik şahidi olduğu bir acınacaqlı  hadisədən bəhs etmişdir. Bir qarın yemək üçün gəlib balıqçılara yardım edən, onların qayıqlarını, torlarını təmizləyən, tutulan balıqları sahilə daşıyan bir zəif bədənli nabələd adamın haqqını kəsən, ona haqq etdiyi payı verməyən, onu müdafiə etməyən balıqçıların xəsisliyindən, qəddarlığından söz açan Sait Faik bu qənaətə gəlir ki, özünü müdafiə edə bilməyənlər taleyin ümidinə buraxılmış məhkumlardırlar: “Şimdi umduklarımdan birisi payına düşen balıktan birini, en küçüğünü adama doğru fırlatacak diye bekledim. Reis kahvenin önünde kahvesini öttürüyor, kayığın asıl tayfasına keyifle bakıyordu.”

Yazıçı qeyd olunan əsərində oxucularına  cəmiyyətin də dəniz qədər sərt və acımasız olduğu fikrini təlqin etmişdir. S. Faikin əsərlərində sevgi mövzusu da xüsusi diqqətlə işlənilmişdir. Məsələn, “Kıskançlık” hekayəsində yazıçı birinci şəxsin dilindən öz həyatını danışan kənd müəllimidir. Böyük ümidlərlə könüllü olaraq kəndə gəlib uşaqları maarifləndirməyi, onları  cəhalətə qarşı savaşan bir mücahid kimi yetişdirmək istəyən müəllim, işləməyə gəldiyi kənddə Fadimə adlı bir kəndli qızı ilə evlənmiş, ömürlük bu yerlərdə qalmağı xəyal etmişdi. Lakin kənd adamları onu başa düşə bilmirlər. Məsələn, kəndlilər müəllimin cümə günləri kənd məscidinə gedib kəndlilərlə bir yerdə cümə namazı qılmamasına təəccüb edirlər. Müəllim də yavaş-yavaş dərk etməyə başlayır ki, min bir ümidlə gəldiyi kənd tədricən onun üçün işgəncə məkanına çevrilir. Müəllimin həyat yoldaşı Fadimə də onu anlamır. Bir axşam müəllim öz həyat yoldaşı Fadimə ilə kənd çobanı Hüsrevin bağda  əl-ələ tutuşub səmimi söhbət etdiyinin şahidi olur. Çoban Hüsrev maraqla Qaragöz adlı qoçun sürüdəki bütün qoçları, o cümlədən Cəlil ağanın qoçunu qovduğunu, Fadimənin də eyni həyəcanla onu dinləməsinin şahidi olur: “Karagöz iyi döğüşüyor mu, bakalım? – Sorma Fadime. Geçen gün Celil Ağanın kara koçunu bir altüst etti, görseydin. Celil’in koçu bir kaçıyordu ki. – Kaçırır Karagözüm kaçırtır.” Müəllim anlayır ki, gəldiyi kənddə  o heç vaxt başa düşülməyəcək, qəbul olunmayacaq bir adam olaraq qalacaqdır. Müəllim səssiz-səmirsiz gəldiyi kimi, heç kimə heç nə demədən həmin kənddən və həyat yoldaşı Fadimədən ayrılmağa qərar verir. Doğrudur, S. Faik “Kıskançlık” hekayəsində bu fikri tam açıq şəkildə yazmayıb, lakin hekayənin sonluğundakı cümlələr bizə belə düşünməyə əsas verir. Belə ki, gecədən bir xeyli keçəndən sonra çoban Hüsrevlə bağdakı söhbətini tamamlayıb otağa ayaqlarının ucunda səssiz girən Fadimə, ərinə “yemek hazır, ağa” dediyində əri də “hiç iştahım yok, Fadimecik, sen otur ye, ben yatarken kendim bir şeyler bulur, yerim” cavabını verir.

Sait Faikin əsərlərində bəzən milyonlarca insanın diqqət etmədiyi, maraqlanmadığı, heç ağlına gətirmədiyi varlıqlar haqqında düşündürücü fikirlər irəli sürülür. Məsələn, S. Faik öz hekayələrində balıqlar haqqında   təfərrüatlı düşüncələrini qələmə alır. Onun  nəzərində, balıqlar da insanlar kimi sevinir, kədərlənir, ölüm təhlükəsi ilə qarşılaşdıqda vahimələnir vs. “Dülger balığının ölümü” hekayəsində yazıçı qəribə görünüşlü, zahirən digər  balıqlardan kəskin şəkildə fərqlənən, elmi adı “Zeus faber” olan, zorla öz stixiyasından ayrılmış, ölümə məhkum qalmış  dülgər balığının yaşam uğrunda son çırpınışları təsvir edilmişdir. Balıqçılar gündəlik ruzilərini qazanmaq üçün hər gün  balıq tutmağa məcburdurlar. Onlar üçün hansı balıq tutmanın  heç bir önəmi yoxdur. Başqa sözlə, tuta bildikləri, satıla bilən istənilən balıq növünü  heç acımadan tutmağa çalışan balıqçıların nəzərində kilkə, siyənək , xəşəm, kütüm, karp, sazanla bərabər dülgər balıqlar da ancaq pul əldə etmək üçündür. Balıqların  nadirliyi, zərifliyi, qeyri-adiliyi və görünüşü  balıqçılaarı qətiyyən düşündürməsə də, yazıçı S. Faiki çox düşündürür. Müəllif fikirləşir ki, insanlar öz xəbisliyi, acgözlülüyü və hiyləgərləyi ilə təbiətdə dominantlıq edir, zavallı heyvanlara, quşlara, balıqlara və bitkilərə dünyada yaşamaq imkanı vermirlər. Sait Faik oxucularını inandırmağa çalışır ki, tilova və ya tora düşmüş dülgər balığı çarəsizliyini anlayanda həyatdan küsür, ağlayır. Onun ağladığını eşidə bilən qulaqlar lazımdır. İnsanlar istəsələr o fəryad səslərini eşidə bilərlər, sadəcə dinləmək, eşitmək istəmirlər:  “Oltaya tutuldu muydu dünyasına, sulara küsüverir. Suyun yüzüne yamyassı serilir. Kocaman gözleriyle insana mahzun mahzun bakar durur. Sandala aldığınız zaman dakikalarca onun sesini işitirsiniz, sandalda ölünceye kadar ikide bir feryada benzer, soluğa benzer acı bir ses çıkarır.”

Dəniz və balıq mövzusunu xüsusi şövqlə işləyən  S. Faik ilk baxışdan çox adi, hətta adidən də adi görünən  məsələləri böyük bir ustalıqla qələmə alaraq bir göz qırpımında öz oxucusunu təsvir etdiyi məkana və zamana  götürməyi bacarır. Məsələn, “Balıkçısını bulan olta” hekayəsində bir tilov almağa  belə pulu olmayan yoxsul bir uşağın sahildə tilovla balıq tutanlara böyük qibtə və həsədlə baxması, inandırıcı lövhələrlə  təsvir edilmişdir. Hər gün böyük bir intizar və maraqla sahildə balıq tutanları izləyən, başqalarının uğuruna ürəkdən sevinən uşaq, röyasında da tilovla balıq tutduğunu görür. Bir gün  xoş bir təsadüf onu tilov sahibi edir. Bahalı tilov dəsti olsa da heç vaxt baıq tutmağı bacarmayan  bir nəfər şəxs öz tilovunu bir anlığına həmin uşağa  verir: “Şu oltayı biraz tutsana” dediöinde öyle şaşırdım ki, sevinmeyi dahi akıl edemedim. Gitti bir simit alıp geldi. Çok çabuktu, oltayı uzattım, “kalsın kalsın”- dedi, ben biraz dinleneyim.” Həyəcanından təşəkkür etməyi də unudan uşaq sevincindən titrəyən əlləri ilə tilovu alır və mahir bir balıqçı ədası ilə tilovu dənizə atır. Bəxtindən bir an sonra  tilovuna balıq düşür, eyni uğurlu cəhdlə bir neçə balıq tutan uşaq birdən fərqinə varır ki, tilov sahibi yanında yoxdur. Onun çıxıb getdiyini anlayan uşaq tilovu və tutduğu balıqları götürüb gedir. Öz-özünə düşünür ki, tilov sahibi gözəl adammış. Hekayənin  sonundakı “Ben tuttuğum balıkları yanıma sıralarken, pardüslü adam, hikayesini yazmak üzere rıhtım kahvesinin önünde çayını ısmarlamış, kalem kağıdı çıkarmıştı. Benim bir oltam, onunsa bir hikayesi olmuştu” cümlələrinə görə, yoxsul uşağa arzusunda olduğu tilov dəstini hədiyyə edən şəxsin yazıçı Sait Faikin olduğunu anlayırıq. Yoxsul uşağın qürurunu sındırmamaq üçün  yazıçı əvvəlcədən hazırladığı plan üzrə hərəkət edərək kiçik qəhrəmanını tilov dəsti ilə mükafatlandırmışdır. Ömrü boyu  uşaqlara qarşı həssas və şəfqətli olan S. Faik, bu hərəkəti ilə, bəlkə də, zəngin adamları ən kiçik, lazımsız bir əşyadan belə sevinən uşaqlara qarşı mərhəmətli davranmağa səsləmişdir.

S. Faikin ədəbi qəhrəmanları yoxsul insanlar, günəmuzd işçilər, mövsümi işlərdə çalışan marabalar, rəncbərlər, küçədə simit satan uşaqlar, bütün yaşayışını tutacağı balıqla təmin edən balıqçılar, iş tapmaq ümidi ilə kəndlərdən böyük şəhərlərə axın etmiş çarəsiz insanlar, Avropaya ümid yolçuluğuna yollanan gənclər, həyat uğrunda mübarizədə əldən düşmüş, təsəllisini şərab içməkdə görən sərxoşlar, səfillər, qədərin cilvəsinə buraxılmış yetimlər, ömrünü zindanlarda çürüdən məhkumlardırlar. Müəllif qeyd olunan insanların taleyinə bigan qala bilmir, mövcud sosial mənzərəni görməzdən gələn rəsmilərin diqqətini, ictimaiyyəti bu tragik problemi çözmək üçün səfərbərliyə dəvət edir. Sait Faikin qəhrəmanlarının zahiri görkəmi ilə daxili aləmləri arasında  üzvi bir  bağlantı, dərin əlaqə var. “Birtakım insanlar “adlı hekayədə qışda əynində paltosu,   ayağında ayaqqabısı, başında papağı olmayan, çarəsiz durumda olan bir adamın səssiz fəryadından, “Mürvet” hekayəsində əynindəki yırtıq-tırtıq nimdaş yaş paltarda tir-tir titrəyən talehsiz bir uşaqdan,  “Mavnalar”da isə əlacsızlıqdan çuval bezi geyməyə məcbur qalmış yoxsul qayıqçıdan  bəhs olunur. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, “Mürvet” hekayəsi ilk dəfə “nədənsə, “Şopar Hüseyin” adı ilə  yayınlanmışdır. Hekayədə iş qəzası nəticəsində bir qolunu itirmiş bədbəxt bir uşaqdan, onun təzminat almaq ümidi ilə müxtəlif instansiyalara müraciət etməsindən, ən sonda da əlil qaldığı üçün iş sahibinin ona birdəfəlik 150 lirə pul ödəməsindən bəhs olunur.  Bu xüsusda, Sait Faikin qəhrəmanlarının acı taleyi Orhan Vəlinin məşhur “Bedava” şeirindəki fikirlərlə ahəng təşkil edir:

Bedava yaşıyoruz, bedava:/ Hava bedava, bulut bedava,
Dere- tepe bedava, /Yağmur, çamur bedava.
Kelle fiyatına hürriyet. Esirlik bedava…

Sait Faikin ədəbi qəhrəmanlarının ömür-gün çürütdükləri məkanlar da onların üst-başlarından əsla fərqlənmir, “simsiyah, karanlık, rutubetli, avluya bakan pencereden gün ışığının zor girdiği bir yer”  olaraq oxucuya təqdim olunur.

S. Faik ilkin yaradıcılıq  dövründə daha çox uşaqlardan bəhs etmiş, valideyn qayğısından, ata nəvazişindən, ana sevgisindən məhrum, çox erkən yaşlarından işləməyə məcbur qalan, əməyi, sağlamlığı, gələcəyi istismar olunan, çox vaxt əməyinin qarşılığını ala bilməyən, döyülən, söyülən, işgəncə görən uşaqları  ədəbi qəhrəman səviyyəsinə yüksəltmişdir. Məsələn, “Bir küçük satıcı”, “Tüneldeki çocuk” və “Dondurmacının çırağı” hekayələri qeyd olunan səpkidə işlənmiş dəyərli sənət əsərləridir. İlk dəfə  “Hür gazete”də  dərç olunmuş “Bir küçük satıcı”  hekayəsinin qəhrəmanı  12 yaşlı, “daşdan pul çıxarmağı bacaran, zirək  bir yetim uşaqdır. Yazıçı hər gün əlində müxtəlif əşya  satan uşağın  adını bildirmir: “Kimi çocuklar,  şimdiden ahlaksızlığa alışmıştır, alıştırılmıştır: Barbut oynar, hatta  rakı,  esrar  içer. Amma bu  çocuk öylesi değil.” Bələdiyyə  məmuru Hasan çavuş bu 12 yaşlı yetim uşağa qənim kəsilir, onu döyür, satdığı saqqızları, şokoladları, ayaqqabı iplərini, qəpik-quruşunu  əlindən alır, uşağa göz verir, işıq vermir.  Hekayədən məlum olur ki,  bələdiyyə məmuru Hasan çavuş bütün əzazilliyi 12 yaşlı uşaqdan  rüşvət almaq üçün edir. Bələdiyyə məmuru son günlərdə nümayişkaranə şəkildə qılınc balıqları satılan yerdə  dayanır və bununla da 12 yaşlı  uşağa eyhamlar edir: “Bu  hafta  da  onu  bir  balık merakı  sardı. Sardalya falan olsa  neyse ... Kılıç balıklarının yanından ayrılmıyor.  Önüne gelene saldırıyar,  ha bire  tokat,  ne yapacağım şimdi ben, amca?”

Türk  ədəbiyyatında kiçik adamların böyük problemlərinin sözçüsü kimi bilinən,  realist novellalar ustadı olaraq  tanınan Sait Faik bütün ictimai-siyasi qurumları haqqı çeynən insanlara, xüsusən uşaqlara qarşı mərhəmətli olmağa, sosial ədalət prinsipinə riayət etməyə, qanunlarla onların hüquqlarının qorunmasına çağırış var. Onun əsərlərindəki problemlər bu gün də öz güncəlliyyini qorumaqdadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı