Modern.az

"İtirdin məni", "Bir sən varsan", "Səndən ayrı" - Abbas Əliyevin lirik şeirləri

Ədəbi̇yyat

12 Avqust 2023, 10:00

Modern.az Abbas Əliyevin lirik şeirlərini təqdim edir:

 

İtirdin məni…

 

Ömür kitabımı qoydum qarşıma
Haradan haraya gətirdin məni.
Bir bahar fəslində bəznövşə idim
Kol edib yollarda bitirdin məni
Beləcə itirdin, itirdin məni.

 

Qış olub sazağa çəkmisən hərdən
Yol olub uzağa çəkmisən hərdən
Lüzumsuz sınağa çəkmisən hərdən
Nə yaman sonladın, bitirdin məni
Beləcə itirdin, itirdin məni.

 

Gur ocaq altinda kor olan közəm
Bu qədər ağrıya çətin ki, dözəm
İndi dodağında daşlaşmış sözəm
Nəğməmdə ən gözəl sətrimdin mənim
Beləcə itirdin, itirdin məni.

 

Sənə ulduz dedim sayrışammadın
Bir eşqin yükünü daşıyammadın
Bu boyda sevgini yaşıyammadın
Əlimi həsrətə yetirdin mənim
Beləcə itirdin, itirdin məni.

 

Mənim eşqim boyda günahsan indi
Dilimdə qarğışsan, bir ahsan indi
Üzü qaranlığa sabahsan indi
Nələri dilimə gətirdin mənim
Beləcə itirdin, itirdin məni.

 

Silib tulladığın yersiz yaddaşam
Kənara atdığın quru bir daşam
Belə dünya üçün doğulmamışam
Nə erkən əcələ götürdün məni 
Beləcə itirdin, itirdin məni.

 

***


Bir sən varsan...


Dünya darmış, hara baxdım, sən idin
Bu dünyada bir sən varsan, bir də mən.
Dosta baxdım, yara baxdım, sən idin 
Bu dünyada bir sən varsan, bir də mən.

 

İllər seldi, yaman axır üstümə
Bilmirəm ki, niyə durub qəsdimə
Yandırırsan, boğulsam da tüstümə
Bu dünyada bir sən varsan, bir də mən.

 

Tənhalıqdı ağır dərdi dünyanın
Çox ağrını gözü gördü dünyanın
Mən yananda gözü kordu dünyanın
Bu dünyada bir sən varsan, bir də mən.

 

Qıyma gülüm, tənha qalım mən indi
Dözəmmərəm, dərdin alım, mən indi
Həsrətin də, vüsalın da mənimdi
Bu dünyada bir sən varsan, bir də mən.


****    


Səndən ayrı...

 

Dalğasısan lal dənizin
Vüsalınla bal dənizin
Nəğmə olsan, ay əzizim
Dilə dönnəm, səndən ayrı.

 

Sən yandıran bir odam mən
Odu necə ovudum mən?
Bu mümkünmü-unudum mən
Belə dönüm, səndən ayrı?

 

Belə ömür dönər heçə
Bu gədər ki, həsrət içə.
Yollarından əsib keçən
Yelə dönnəm, səndən ayrı

 

...Sənsiz bir quru budağam
Suyu çəkilmiş bulağam
Bu dünyada bir qonağam
Köçəmmirəm, səndən ayrı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir