Bir qrup Kəlbəcər sakini sentyabrın 2-də doğma yurduna səfər edib.
Modern.az xəbər verir ki, onların arasında Milli Qəhrəman Şahlar Şükürovun bacısı, Başlıbeldə şəhid olan 13 nəfərin ailə üzvləri və tunel faciəsinin şahidləri olan şəxslər də var.
İşğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən keçmiş məcburi köçkünlər təəssüratlarını bölüşüblər.
"Cənab Ali Baş Komandanın, Müzəffər Azərbaycan ordusunun sayəsində biz bu gün Kəlbəcərdəyik. Mən həm də ona görə sevincliyəm ki, Kəlbəcəri İkinci Qarabağ müharibəsində şəhid vermədən aldıq. Əgər müharibə olsaydı, Kəlbəcərdə hazırda olan şəhidlərimizin sayı qədər şəhid verərdik. Bu gün sevincimizin həddi-hüdudu yoxdur", - deyə Kəlbəcərə səfər etmiş Milli Qəhrəman Şahlar Şükürovun bacısı Elmira Şükürova deyib.