Modern.az

WUF13-ün əsas mövzusu nə idi?

WUF13-ün əsas mövzusu nə idi?

Aktual

Bu gün, 17:07

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal problemlərin müzakirəsində fəal iştirakının göstəricisidir. Forum çərçivəsində qlobal mənzil böhranının əsas mövzulardan biri kimi gündəmə gətirilməsi isə olduqca aktual məsələdir. Çünki bu gün dünyada urbanizasiya sürətlənir, sosial bərabərsizlik dərinləşir, müharibələr və iqlim dəyişiklikləri milyonlarla insanın yaşayış şəraitinə ciddi təsir göstərir.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova bildirib. 

O qeyd edib ki, mənzil məsələsi sosial təhlükəsizlik, insan hüquqları və sosial rifah məsələsinə çevrilib.

"Bu baxımdan WUF13-də səsləndirilən çağırışlar Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas prioritetlərindən biri vətəndaşların sosial rifahının yüksəldilməsi, onların mənzil təminatının yaxşılaşdırılması və həssas sosial qrupların müdafiəsidir.

Forum çərçivəsində vurğulanan inklüziv şəhərsalma yanaşmaları Azərbaycanın sosial inkişaf strategiyası ilə tam uzlaşır. Burada əsas məsələ insanların keyfiyyətli, təhlükəsiz, əlçatan və dayanıqlı yaşayış mühitində yaşamasının təmin edilməsidir. Xüsusilə postmünaqişə dövründə Azərbaycan bu istiqamətdə dünyaya nümunə təqdim edir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma proqramları çərçivəsində müasir şəhərsalma prinsiplərinə əsaslanan yaşayış məntəqələri yaradılır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, yaşıl enerji həlləri və dayanıqlı infrastruktur modelləri göstərir ki, Azərbaycan gələcəyin yaşayış modelini qurur".

Deputat həmçinin vurğulayıb ki, müasir sosial siyasətdə mənzil təminatı insanların həyat keyfiyyətinin əsas göstəricilərindən biridir:

"Təhlükəsiz və əlçatan yaşayış mühiti insanların məşğulluğuna, sağlamlığına, təhsil imkanlarına və ümumi sosial inteqrasiyasına birbaşa təsir göstərir. Əgər insan layiqli yaşayış şəraitinə malik deyilsə, onun sosial rifahından tam şəkildə danışmaq mümkün deyil.

WUF13 kimi beynəlxalq platformalar məhz bu məsələlərin yenidən gündəmə gəlməsi baxımından vacibdir. Belə tədbirlər müxtəlif ölkələrin təcrübələrinin paylaşılması, uğurlu sosial mənzil modellərinin müzakirəsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması üçün geniş imkan yaradır. Forumda sosial bərabərliyin gücləndirilməsi, qadınların, uşaqların, yaşlıların, əlilliyi olan şəxslərin və digər həssas qrupların yaşayış hüquqlarının qorunması xüsusi diqqət mərkəzində idi".

Onun sözlərinə görə, Azərbaycanda da  sosial müdafiə siyasətində həssas qrupların dəstəklənməsi prioritet istiqamət kimi müəyyən edilib:

"Şəhid ailələri və qazilərin mənzillə təminat proqramı ilbəil genişlənir, sosial ev layihələri, ipoteka mexanizmləri və regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi sosial bərabərliyin gücləndirilməsinə xidmət edir.
Eyni zamanda, müasir şəhərsalma modeli yeni məşğulluq imkanlarının yaradılmasına, sosial xidmətlərə çıxışın genişləndirilməsinə və regionlararası inkişaf fərqlərinin azaldılmasına kömək edir. Bu baxımdan forumun müzakirələri Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf prioritetləri ilə üst-üstə düşür. Xüsusilə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən işlər bu istiqamətdə mühüm nümunədir".

Nigar Məmmədova onu da nəzərə çatdırıb ki, WUF13-ün qlobal əhəmiyyəti olduqca böyükdür:

"176 ölkədən 58 min iştirakçının Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq etimad qazandığını və qlobal dialoq üçün mühüm platformaya çevrildiyini nümayiş etdirdi. WUF13 həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi multilateral siyasətin uğurlu nəticəsidir. Forum çərçivəsində ilk dəfə təşkil olunan Liderlərin Bəyanatları Sessiyası şəhərsalma məsələlərini siyasi müstəviyə çıxardı və bu sahənin qlobal təhlükəsizlik və sosial inkişaf baxımından əhəmiyyətini bir daha nümayiş etdirdi".

Deputat xatırladıb ki, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və yenidənqurma modelinə böyük marağın şahidi olduq:

"İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işləri, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, yaşıl enerji və dayanıqlı inkişaf prinsipləri beynəlxalq iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Eyni zamanda hesab edirəm ki, yaşıl təchizat zəncirləri XXI əsrin əsas strateji istiqamətlərindən biridir. Bu xüsusda Orta Dəhliz geosiyasi və ekoloji baxımdan da strateji platforma kimi çıxış edəcək. Bütövlükdə WUF13 kimi forumlar dövlətlər arasında yeni tərəfdaşlıqların formalaşmasına, innovativ ideyaların paylaşılmasına və dayanıqlı inkişaf gündəliyinin irəli aparılmasına mühüm töhfə verir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı