Modern.az

Arif Hacılı Rüstəm İbrahimbəyovun istefasını Müsavatla bağlayanlara cavab verdi

Arif Hacılı Rüstəm İbrahimbəyovun istefasını Müsavatla bağlayanlara cavab verdi

Təhsil

29 Noyabr 2013, 12:13


“Rüstəm İbrahimbəyov kifayət qədər təcrübəli bir insandır. Görünür, öz fəaliyyət imkanlarını və Azərbaycandakı ictimai-siyasi vəziyyəti dəyərləndirərək belə bir qərar qəbul edib. Onun qərarına hörmətlə yanaşıram. İstefa vermək hər bir kəsin hüququdur. Bu hüququ heç kəs hər hansı bir şəxsin əlindən ala bilməz. Hesab edirəm ki, bütün məsələlər, o cümlədən bu məsələ Milli Şuranın sessiyasında müzakirə olunacaq”.

Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri, Milli Şuranın üzvü Arif Hacılı deyib. O, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun sədrlik postundan istefa verməsinin səbəblərini Müsavat Partiyası ilə bağlayanlara belə cavab verib:
“Bu, yanlış fikirdir. Müsavat Partiyasının Milli Şura ilə bağlı mövqeyi Azərbaycandakı reallıqları əks etdirən mövqedir. Hesab edirəm ki, ortaya çıxan nəticələr də mövcud reallıqlara görə olur”.

A. Hacılı qeyd edib ki, Milli Şuranın güclənməsi ona kimin sədrlik edəcəyindən asılı deyil: “Hesab etmirik ki, qurumun fəaliyyətinin güclənməsi yalnız ona kimin rəhbərlik edəcəyindən asılıdır. 9 oktyabr seçkilərindən sonra ölkədə fəal ictimai-siyasi vəziyyət yaranıb. Azərbaycanın aparıcı siyasi qüvvələri, ictimai təşkilatları, birlikləri Milli Şura yaradılanda olduğu kimi yenidən mövcud siyasi şəraiti müzakirə edərək, vəziyyətə uyğun hədəflər müəyyənləşdirməlidir. Bu hədəflərə çatmaq üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilməlidir. Bu hədəflər uğrunda birgə fəaliyyət göstərmək həvəsinə və gücünə malik olan siyasi qüvvələr, ictimai təşkilatlar öz fəaliyyətlərini ya Milli Şura çərçivəsində, ya da müxalifətin başqa koalisiyası çərçivəsində davam etdirməlidirlər. Bu qurumlara, o cümlədən Milli Şuranın digər strukturlarına kimlərin sədrlik edəcəyi məsələsi də önəmli məsələdir, amma ikinci dərəcəli məsələdir. Bu məsələlər yalnız ciddi razılaşmalara əldə olunduqdan sonra həyata keçirilməlidir”.

Qeyd edək ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov sədrlik postundan istefa verdiyini açıqlayıb. O, bu posta layiqli şəxs kimi qurumun prezidentliyə vahid namizədi olmuş Cəmil Həsənlini göstərib.

İlkin PİRƏLİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı