Qələminə və şəxsinə hörmət etdiyim iki dəyərli insanın-Fazil Mustafa və Rəşad Məcidin bu həftəyə təsadüf edən, nurçuluqla ilgili kifayət qədər oxşar mövqeyinin yalnız aysberqin görünən tərəfini əhatə etməsi, doğrusu təəssüfləndirici oldu. Çünki adı bu və ya digər dərəcədə nurçuluqda hallananlar susduqları, yaxud, çox lokanik təkzib cavabı verdikləri halda, ortaya bir qədər geniş və açıq tekstlə mövqe ortaya qoyuldu, o da beləcə yarımçıq. Təriqət, yoxsa, virtual siyasi ideologiya kimi dərk edilməsi çətin olan nurçuluq Türkiyədə baş verən bunca həngamədən sonra da, yalnız elmə və təhsilə xidmət dini cərəyanı kimi təhlil edilməkdədir. Dünyanın bir neçə yerində təhsil ocaqları yaratmaq onun memarlarının “bakirə duyğular”ından qaynaqlanan niyyətlər kimi görünməklə paralel, niyə bir az da başqa mümkün səbəblər axtarışı tələb etməsin?!Axı Amerikada təhsil alan əcnəbi gəncin beyni necə yuyulursa, Amerikanın hansısa formada dəstəyi ilə başqa coğrafiyalarda yaranan təhsil ocaqları da yeni beyin yaratmağı hədəfləməmiş deyildir. Fətullah Gülənin Amerikada oturub, müsəlman və türk dünyasının parlaq sabahı üçün fədakarlıqlar göstərməsi o qədər paradoksaldır ki, bu mübarizənin gerçək olmasını müsəlman və türk coğrafiyasından yürüdülən siyasət daha inandırıcı edəbilərdi. Başqa tərəfdən, niyə Atatürk liseyləri fəaliyyət göstərdikləri məkanlarda Gülən məktəblərinin malik olduğu imkanlara və reytinqə sahib deyil? Üstəlik, bu məktəblərdə kimlər təhsil alır? Söhbət 3000-5000, hətta bəzi fakültələr üçün 7000 təhsil haqqından gedirsə, hazırlıq kursları kasıbın balası üçün hazırlanmanı təmənnasız etmirsə, orta və ali məktəblərdə, kurslarda bəyənmədiyimiz Azərbaycan müəllimləri də çalışırsa, Gülən məktəblərini şişirtməyin mənası nədir?O məktəblər ki, bizim pullar sayəsində ayaq üstə qala bilir, onların özümüzün özəl təhsil müəssisələrindən ciddi fərqi nədir? Fərq dini dərslərə saat ayrılmasıdırsa, nəticə bəllidir: müsəlman gəncliyi islamı monolit din kimi qavramaq yerinə, ona çoxsaylı təriqətlərdən, məzhəblərdən ibarət bölücü bir din olaraq yiyələnir. Bundan başqa, o məktəblər ki, aşağı sinifdən savadlı uşaqları seçib aparır, onun yuxarı siniflərdə və qəbul imtahanlarındakı yüksək nəticələri niyə yalnız Gülən məktəblərinin səviyyəsinə bağlanmalıdır? İstedadlı və hazırlıqlı uşağı bir kənd məktəbində belə, yetişdirmək mümkündür. Deyin: Gülən məktəblərinin reytinqi süni şəkildə qalxmayıb?!
Türkiyədən Azərbaycana, Türküstana, Afrikaya, hətta Avropaya uzanan təhsil şəbəkəsini, bu qədər nəhəng bir layihəni bir türk mühacir, kövrək dindar, xeyriyyəçi fəaliyyətinin maddi mənbəyi bəlli olmayan “mesenat”, qoca və xəstə bir kişi dünyanın güc mərkəzində oturub necə həyata keçirir? Belə düşündürücü sualların ardı da var. Elmin, təhsilin inkişafı nöqteyi-nəzərindən humanitar bir siyasəti dünya miqyasında genişləndirmək istəyirsə, necə olur ki, birdən-birə Türkiyənin siyasətinə bomba kimi düşür? Türkiyədə irili-xırdalı bütün məmurların, hətta baş nazirin telefon dinləmələrini reallaşdıran müasir texniki imkanlara hansı maddi mənbələr hesabına nail olunur və ümumiyyətlə, siyasətə hansı maraqla nüfuz etməyə çalışır? Üstəlik, dövlət içində dövləti hansı gücüylə yarada bilir? Bütün bunlar ahıl yaşlı , aciz görkəmli, tərki-dünya, əldən düşmüş, hücrəsinə sığınıb, dini kəlamlarla öz siyasətini hazırlayan bir kişinin təkbaşına hünəri çatan işlərdirmi?
Dil-ağıza sığmayan bu qaranlıq təhsil siyasəti faktoloji materiallarla, əsaslı təəssüratlarla elə ardıcıl şəkildə ifşa olunmağa başlayıb ki, qalxıb bunda sonra da nurçuluğu yalnız faydalı təhsil anlayışı ilə yanbayan qoymaq, təriqətin zərərli cəhətləri haqqında düşünmək istəməmək aysberqin görünməyən tərəfinə keçməkdən qaçmaq demək olardı. Nurçuluğun gerçək mahiyyəti və əsl hədəfləri haqqında daha çox nəsə öyrənməyə bu gün artıq içimizdə bir acgözlük olmalıdır.Türkiyədə ona məxsus hazırlıq kurslarının bağlanmasından sonra hərəkətə keçən Gülən faktiki özü-özünü ifşa edib- məktəb quruculuğu ilə təhsil simvoluna çevrilən Gülən, əslində humanitar siyasət adı altında böyük siyasətlə məşğuldur;arxasındakı himayədarlarla birlikdə siyasi hakimiyyətləri dəyişmək və yenisiniinşa etmək roluna malik sirli bir qüvvədir.
Gülən Amerikanın qınında saxlanan qılıncıdır - sözünü eşitdirə bilmədiyi qüvvənin hakimiyyətini sona çatdırmaq üçün. O, dünyanın müsəlmanlar və türklər yaşayan yerlərində Amerikanın dəstəyi ilə təhsil və media sferasını özəlləşdirib, orada əslində ideoloji batalyonlar yaradır. Bu batalyonlar Amerikanın hədəflərini şüurlu və təhtəlşüur əsasda lazımı məqamda müdafiə edən və onun tərəfindən döyüşəcək qüvvələrdir. Gülən nurçuluq təriqətinin alt qatında bir səksəkədir, qorxulu rüzgardır. Bu gün Türkiyə üçün əsirsə, sabah Türküstan, Azərbaycan, Afrika üçün də əsə bilər. Saysız-hesabsız məktəblər, dəbdəbəli və millət naminə keçirilən beynəlxalq konfranslar, ilahi ədaləti təbliğ edən verilişlər, dini ovqata köklənmiş televiziyalar, nəşrlər, Gülənin tez-tez əlinə dəsmal alıb ağlaması, bəzən əzabkeş, bəzən fədai bir obrazda görünməsi əvəzolunmaz bir məhəbbət torudur ki, illərdir, Gülən öz çevrəsini, dəstəkləyənlərini məhz bu sevgi torunun köməyi ilə “ovlayır”.
Türkiyədə Gülən fırtınası qopmamışdan öncə onun təriqətinə bağlı məktəblərin fəaliyyəti arxasında şübhəli məqamların olduğunu bir çoxlarına öz fəhmidiqtə edirdi. Çevrəmizdə yetərincə ailə tanıyırdıq ki, bu məktəblərin səviyyə parıltısı gözünü qamaşdırsa da, müəyyən təsirlər altına düşməkdən qorxur və onların cazibəsindən qopub, dəbdəbəsi olmayan, təhlikəsini xəyal etmədiyi qeyri-nurçu məktəblərinə sarı gedirdi. Mömindən çox, siyasətçi kimi davranan , duyğusallığın ifrat həddi ilə göz yaşı ovucunun içində olan, bununla da aciz bir görkəm alan Gülən Türkiyənin başının bəlasına çevrilməklə, özünün təhsil təəssübkeşi, rəiyyətin adamı, yetimin himayədarı imicini dağıdıb, yeni bir obraz qazandı.
Türkiyədə nurçuluq xətti ilə düzənlənən konfranslarda iştirak edən, elə bu baxımdan adı mətbuatda dolayısı ilə nurçularla əlaqədə hallananların, övladları nurçu məktəblərində təhsil alanların bu təriqətə təhsil prizmasından yanaşması, Gülənin Türkiyənin siyasi həyatını yerlə bir etməsinə susqunluq, başqa sözlə, nurçuluğun alt qatlarında nələrin olduğuna maraq göstərilməməsi, böyük siyasətə baş vuran möminin yeni obrazı haqqında bircə kəlmə də danışılmaması şəxsən məndə suallar doğurur: Gülənin siyasətində və ictimai portretində qara rəng bu qədərmi görünməzdir?!.