Modern.az

Bu sözlər beynəlxalq siyasi leksikondan silindi

Bu sözlər beynəlxalq siyasi leksikondan silindi

Aktual

30 Dekabr 2021, 16:25

2021-ci il ölkəmizin tarixində işğaldan azad etdiyimiz torpaqlarımızın dirçəlişinin başlanğıcı, Azərbaycan xalqının və dövlətinin milli birliyi və həmrəyliyi, Prezident İlham Əliyevin diplomatik məharəti nəticəsində maneələrin dəf edilməsi, “Dağlıq Qarabağ” və “münaqişə” sözlərinin beynəlxalq siyasi leksikondan silinməsi ili kimi qalacaq.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Deputatın sözlərinə görə, bu il ərzində ölkəmizin sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Ordusunun döyüş gücünün daha da artırılması, ölkəmizin regional maraqlarının qorunması istiqamətində də çox mühüm addımlar atılıb: “Şübhəsiz ki, 2021-ci ilin ən önəmli hadisələrindən biri Azərbaycan və Türkiyə liderlərinin iki dövlətin strateji müttəfiqlik münasibətlərini ən yüksək səviyyəyə çatdıran Şuşa Bəyannaməsini imzalamaları olub. Şuşada “Xarı bülbül” Festivalının və Vaqif Poeziya Günlərinin keçirilməsi də ilin önəmli hadisələrindəndir. Bu sırada, şübhəsiz ki, Füzuli Beynəlxalq Hava Limanının açılışı, həmçinin Zəngəzur dəhlizinin təməlinin atılması da var”. 

 

Azər Kərimli qeyd edib ki, Türk dövlətləri başçılarının Zirvə Görüşü və qurumun Türk Dövlətləri Təşkilatı adlandırılması ilin ən əhəmiyyətli hadisələrindəndir:

 

“Azərbaycan Prezidentinin bu il ərzində həyata keçirdiyi çoxsaylı səfərlər, o cümlədən “Şərq tərəfdaşlığı”na üzv olan dövlət başçılarının zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. NATO-nun Şimali Atlantika Şurasının toplantısında Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına birmənalı dəstəyin ifadə olunması, həm sözügedən təsisatın yekun sənədində, həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin yekun bəyanatında  “Dağlıq Qarabağ” və “münaqişə” ifadələrindən istifadə olunmaması, ölkəmizin ərazi bütövlüyünün bərpasının beynəlxalq miqyasda və bütün qütblər tərəfindən qəbul olunduğunu təsdiqləyir”.

 

Bütövlükdə 2021-ci ilin dövlətimiz və xalqımız üçün uğurlu keçdiyini bildirən Azər Kərimli yeni ildə bütün Azərbaycan vətəndaşlarına və dünya azərbaycanlılarına möhkəm cansağlığı, firavan və təhlükəsiz həyat diləyib, Azərbaycanın daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı