Modern.az

Qadınlara qarşı psixoloji təzyiq daha təhlükəlidir

Qadınlara qarşı psixoloji təzyiq daha təhlükəlidir

Parlament

Bu gün, 16:25

“Azərbaycanda ailədaxili münasibətlərdə qadınlara qarşı psixoloji təzyiq fiziki zorakılıqdan daha təhlükəlidir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatının müzakirəsi zamanı Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

O bildirib ki, hesabatda gender büdcəsi ilə bağlı geniş məlumat və anlayışın izahı yer alsa da, gələcək hesabatlarda Azərbaycan üzrə daha detallı göstəricilərin təqdim olunması məqsədəuyğun olar.

Adil Vəliyev qeyd edib ki, məişət zorakılığı yalnız fiziki təzyiqlə məhdudlaşmır:

“Bu gün Azərbaycanda ailədaxili münasibətlər sistemində qadınlara münasibətdə daha çox psixoloji təzyiq və iqtisadi diskriminasiya halları baş verir”.

Onun sözlərinə görə, psixoloji təzyiq davamlı təhlükə xarakteri daşıyır:

“Mən əminliklə deyə bilərəm ki, bu gün ailədaxili münasibətlərdə qadınlara münasibətdə psixoloji təzyiq fiziki təzyiqdən daha təhlükəlidir”.

Şöbə müdiri bildirib ki, gələcək hesabatlarda məişət zorakılığı statistikaları ayrıca istiqamətlər üzrə təqdim oluna bilər:

“Məişət zorakılığı statistikasında həm fiziki istismar, həm iqtisadi diskriminasiya, iqtisadi asılılıq və psixoloji təzyiqlə bağlı ayrıca göstəricilər olsa, çox yaxşı olar”.

Adil Vəliyev erkən nikahlarla bağlı vəziyyətin yaxşılaşdığını da qeyd edib:

“Qanunvericilikdə edilən dəyişikliklərdən sonra erkən yaşda nikahlar minimuma enir”.

O vurğulayıb ki, Dövlət Komitəsinin illik məlumatının may ayında təqdim olunması müsbət addımdır:

“Əvvəllər bu məlumatlar ilin sonunda təqdim olunurdu və hadisələr 18-20 ay sonra müzakirəyə çıxarılırdı”.

Şöbə müdiri əlavə edib ki, gender bərabərliyi ilə bağlı qanunvericiliyə edilən dəyişikliklərin hesabatlarda daha operativ şəkildə əks olunmasına ehtiyac var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı