Qarabağ Universitetində “Qarabağda ilk dəfə tələbələrin beynəlxalq BMT Modeli konfransı” - QUMUN 2026 öz işinə başlayıb.
Modern.az xəbər verir ki, 23-25 may tarixlərini əhatə edən konfrans Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Gənclərin Beynəlxalq Dialoq Platforması” İB-nin təşkilatçılığı, Qarabağ Universitetinin ev sahibliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.
Layihə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına töhfə vermək, tələbə və gənclərin bacarıqlarını inkişaf etdirmək, onların qlobal proseslərə inteqrasiyasını təmin etmək, eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin və Qarabağ Universitetinin beynəlxalq akademik dialoq, təhsil və diplomatiya mərkəzinə çevrilməsini təşviq etmək məqsədi daşıyır.
Konfransda 20-dən çox ölkədən 100-dən artıq nümayəndə iştirak edir.
Açılış mərasimində Qarabağ Universitetinin prorektoru Rüstəm İsgəndərli, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə və Gənclərin Beynəlxalq Dialoq Platformasının sədri Əli Tağıyev çıxış ediblər.
QUMUN 2026 çərçivəsində iştirakçılar BMT-nin Təhlükəsizlik Şurası, UNESCO, İqtisadi və Sosial Şura və Beynəlxalq Ədalət Məhkəməsi qurumları üzrə simulyasiya sessiyalarında iştirak edəcəklər. Müzakirələr Azərbaycan, region və beynəlxalq arena üçün aktual olan sülh quruculuğu, şəhərsalma, urbanizasiya, mədəni irsin qorunması, dayanıqlı inkişaf, yaşıl texnologiyalar və süni intellekt kimi mövzuları əhatə edəcək.
Layihə çərçivəsində yerli və xarici iştirakçıların Şuşa şəhərinə səfərinin təşkili, onların Qarabağ bölgəsinin tarixi və mədəni irsi ilə bağlı maarifləndirilməsi nəzərdə tutulub.
Qarabağda ilk dəfə keçirilən beynəlxalq BMT Modeli konfransı regionun beynəlxalq akademik və gənclər əməkdaşlığı məkanı kimi mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.