Modern.az

Şəffaf vergi sistemi dövlətin gücünü ARTIRIR...

Şəffaf vergi sistemi dövlətin gücünü ARTIRIR...

İqtisadiyyat

11 Fevral 2022, 14:25

Bu gün Azərbaycanda vergi işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2005-ci il fevralın 1-də imzaladığı sərəncama əsasən, hər il fevralın 11-i vergi işçilərinin peşə bayramı kimi qeyd olunur. 

 

Məlumat üçün bildirək ki, ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar yeni iqtisadi münasibətlər şəraitində prinsipial cəhətcə yeni vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə çatacaq vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyulunda Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılıb.

 

1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılaraq müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 11 fevral tarixli Fərmanı ilə isə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradılıb.

 

2019-cu il oktyabrın 23-də isə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb.

 

İslahatlar keyfiyyət dəyişikliklərinə səbəb oldu...

 

 

Vergi sahəsində görülən işlər barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, son illər dövlət başçısı tərəfindən həyata keçirilən iqtisadi islahatların bir istiqaməti kimi vergi sahəsində aparılan islahatlar xeyli keyfiyyət dəyişikliklərinə səbəb olub.

 

Onun sözlərinə görə, vergi inzibatçılığında şəffaflığın təmin olunması, dövlət-sahibkar münasibətlərində xidmət-etimad modelinə keçirilməsi vergi yığımlarının, xüsusilə də könüllü vergi yığımlarının dövlət büdcəsində artmasına səbəb olub:

 

“Eyni zamanda, çətin və ağrılı bir dövr olan pandemiya şəraitində vergi qanunvericiliyinə edilən dəyişikliklər nəticəsində vətəndaşların və sahibkarların vergi yükünün azaldılması dövlət başçısının sosial siyasətinin mühüm təzahürlərindən biri olub. Şəffaflıq nəticəsində artan vergi daxilolmaları son nəticədə yenidən vətəndaşların sosial qayğısının daha da artırılmasına yönəldilib”.

 

Komitə sədri qeyd edib ki, vergi siyasətinin effektivliyi və icrasının şəffaflığı dövlətin gücünü artırır, vətəndaşların maddi rifah halının yaxşılaşdırır:

 

“Ölkəmizdə vergi xidmətinin fəaliyyəti hazırda bu istiqamətdədir, uğurludur. Mən onlara bu uğurlu fəaliyyətdə yeni-yeni nailiyyətlər arzu edirəm!”

 

İqtisadiyyatın formalaşmasında verginin xüsusi rolu var...

 

 

Deputat Vüqar Bayramov isə vurğulayıb ki, vergi iqtisadi inkişaf üçün vacib istiqamətlərdən biridir. Onun fikrincə, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında vergi daxilolmalarının xüsusi rolu var:

 

“Eyni zamanda, iqtisadi reinteqrasiya üçün də vergiyə daxilolmanın payının artırılması və büdcədə neftdən asılılığın azaldılması əsas prioritetlərdəndir. Digər tərəfdən vergi eyni zamanda qeyri-neft sektorunun inkişafı baxımından vacib alətlərdən hesab olunur. Çünki vergi güzəştlərinin tətbiq edilməsi, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin daha da yaxşılaşdırılması və liberallaşdırılması, elektronlaşdırılması bütövlükdə qeyri-neft sektorunun inkişafını stimullaşdıran səbəblərdən hesab olunur”.

 

Deputat vurğulayıb ki, bütövlükdə ötən illər vergi sektorunda aparılan islahatları qiymətləndirsək, birmənalı şəkildə şəffaflığın artırılması, hesabatlılığın yüksəlməsi, eyni zamanda vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin daha da sivilləşməsi, o cümlədən elektron xidmətlərdən daha çox istifadə olunması müşahidə edilir:

 

“Bu da özünü təbii ki, pandemiyanın təsirlərinə baxmayaraq, son illər vergi daxilolmalarının proqnozlaşdırılandan daha çox olmasında göstərdi. Praktik olaraq biz son illər vergi daxilolmalarının həcmində artımlar müşahidə edirik. Bu da birbaşa iqtisadiyyatın ağarması, həm də vergi sferasında şəffaflığın güclənməsi ilə bağlı aparılan tədbirlərlə əlaqədardır. Bu baxımdan etiraf etmək lazımdır ki, hazırda vergi sektorunda aparılan islahatlar, həm dövlət büdcəsinin daxil olmaları, həm də bütövlükdə qeyri-neft sektorunda vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin daha da təkmilləşməsinə gətirib çıxarır”.

 

V.Bayramov onu da qeyd edib ki, işğaldan azad olunan ərazilərin bərpasında, iqtisadiyyatın formalaşmasında verginin xüsusi rolu olacaq:

 

“Daha çox stimullaşdırıcı tədbirlər ilə sərmayələrin cəlb edilməsi hədəflənir. Artıq Ağdam və Cəbrayıl rayonlarında yaradılan sənaye parklarında vergi güzəştləri tətbiq edilməklə daxili sərmayə təşviq olunacaq. 2030-cu ilədək olan Milli Prioritetlər vergi sektoru üçün yeni imkanlar və çağırışlar formalaşdırmaqdadır. İqtisadiyyatın ağardılmasının dərinləşdirilməsi, qeyri-neft istehsal və ixracatının artırılması kimi hədəflər də verginin iqtisadi inkişafı stimullaşdırıcı alətlərindən daha sıx istifadə edilməsini zəruri edir.

 

Hər bir vergi işçisini peşə bayramı münasibətilə təbrik edir, iqtisadi inkişaf üçün vacib fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram!”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir