Bosniya və Herseqovinada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti noyabrın 5-də paytaxt Sarayevoda Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə boşnak dilinə tərcümə olunan Çingiz Abdullayevin müəllifi olduğu “Avropanın opponentləri” və deputat Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitablarının təqdimat mərasimində iştirak ediblər.
Modern.az AzərTAC-a istinadən xəbər verir ki, tədbirə Bosniya və Herseqovina parlamentinin Yuxarı Palatasının (Xalqlar Evi) sədri Safet Softiç, Bosniya və Herseqovina -Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, səfirlər, hökumət üzvləri, professorlar, Bosniya və Herseqovina Yazıçılar İttifaqının üzvləri, tanınmış ictimai-siyasi xadimlər və diaspora üzvləri qatılıblar.
Çıxış edən Beynəlxalq Sarayevo Universitetinin rektoru professor Tahsin Erkan Türe bu tədbirin elm adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynayacağına, iki ölkə arasındakı dostluq münasibətlərinin daha da inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov boşnak dilinə tərcümə olunmuş “Avropanın opponentləri” kitabının peşəkar yazıçımızın qələmindən çıxmış növbəti maraqlı və aktual mövzulu detektiv əsər olduğunu deyib. Səfir bu əsərin Bosniya və Herseqovina oxucuları üçün xüsusi maraq doğuracağına əminliyini ifadə edib.
C.Feyziyevin “Türk Dövlətləri Birliyi. Qlobal İnteqrasiyanın Avropa modeli” kitabının fundamental əsər olduğunu bildirən diplomat bu tədqiqatla türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü məsələlərinə yeni elmi baxışın formalaşacağını qeyd edib.