Modern.az

AMEA-nın daha bir alimindən Ramiz Mehdiyevə istefa ÇAĞIRIŞI

AMEA-nın daha bir alimindən Ramiz Mehdiyevə istefa ÇAĞIRIŞI

Mədəni̇yyət

4 Fevral 2022, 15:34

“Azərbaycan Milli Elmlər Akademiyası elm məbədgahıdır və uzun illərdir elm məbədgahı kimi özünü cəmiyyətdə təqdim edib. Ola bilsin ki, AMEA-da ara-sıra hansısa müəyyən problemlər olub. Amma son aylarda bir az ürəkaçmayan məsələlər artıb”.


Bu fikirləri Modern.az-a açıqlamasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli bildirib.
 

Onun sözlərinə görə, AMEA-da elmi məsələlərin, diskussiyaların yerinə mətbuatda xoşagəlməyən məsələlərin müzakirə olunması təəssüf doğurur:


“AMEA -nın prezidenti Ramiz Mehdiyev təyin edildikdən sonra xoşagəlməyən məsələlərin artması hər halda təsadüfi deyil. Bunu müxtəlif yönlərdən izah edənlər var. Təbii ki, müəyyən məsələlərdə haqlı tərəflər var. Xüsusilə də elm məbədgahının “elmi dedi-qodular”a çevrilməsi və ümumiyyətlə, elmin inkişafını ləngidən, ona mane olan məsələlərin ortaya çıxması təəssüf doğurur. Biz elm nümayəndəsi, AMEA-nın işçiləri kimi ümid edirik ki, elm məbədgahı sayılan AMEA öz normal mühitinə qayıdacaq. İstəyirik ki, AMEA-da “elmi dedi-qodu”lar yox, elmi diskusiyalar, alimlərin inkişafı, onların dünya arenasına çıxması üçün məslələr müzakirə olunsun. Akademik Ramiz Mehdiyevin ətrafında gedən xüsusilə bu məsələlər bizi pessimistə sürükləyir. Akademiyanın əhval-ruhiyyəsini də bu kimi hadisələr korlayır”.
 

F.Ələkbərli bildirib ki, AMEA vaxtı ilə öz adına layiq olduğu kimi, bundan sonra da o cür davam etməlidir:


“Prosesin belə davam etməsi Azərbaycan cəmiyyətinə, dövlətinə çox zərərlidir. Ümid edirəm ki, bununla bağlı müəyyən addımlar atılar. Bu məsələlərə konkret bir aydınlıq gətirilər. Bizim elmi ictimaiyyət sözün açığı, çaşğınlıq içərisindədir. Məsələnin bu yerə gəlib çatmasının səbəbkarlarına qarşı müvafiq tədbirlər görülməlidir. Ramiz Mehdiyevin adı ətrafında bu məsələlərin hallandırılması görünür ki, müəyyən əsasları var. Buna hökmən aydınlıq gətirilməlidir. AMEA-nın prezidenti Ramiz Mehdiyev onunla bağlı institut direktorlarının, professorların səsləndirdiyi bu qədər fikirlərə aydınlıq gətirməli, ciddi məsələlər müzakirə olunmalıdır. Hadisələrin bu cür davam etməsi elmi ictimayyətə xeyir gətirməyəcək”.
 

Fəlsəfə doktoru vurğulayıb ki, yaxın günlərdə bu məsələ birdəfəlik öz həllini tapacaq:
 

“Akademiyanın elm məbədgahı kimi öz işini davam etməsi və burada digər məsələlərin, xüsusən də hansısa dedi-qoduların, umu-küsülərin, məhkəmə məsələləri müzakirə olmamalıdır. Akademiyanın prezidenti Ramiz Mehdiyev də ona yönəlmiş ittihamlara, bu məslələrə son söznünü deməlidir. Hər halda, bu ittihamların müəyyən hissəsinin səbəbsiz olmadığı ortadadır. Ümid edirəm ki, bütün bunlar dövlət səviyyəsində də izlənilir və bu cür xoşagəlməz vəziyyət çox çəkməyəcək. Konkret olaraq bununla bağlı ölçülər götürüləcək”.
 

F.Ələkbərli qeyd edib ki, akademik bu olaylara tutarlı cavab verə bilmirsə, ən yaxşısı postunu tərk etsin:
 

“Çünki bizi təkcə ölkə daxilində deyil, ölkə xaricində də izləyirlər və bu yaxşı qarşılanmır. Ramiz Mehdiyev onun haqqında deyilənlərə ya tutarlı, inandırıcı cavablar verməli, ya da istefasını bəyan etməlidir. Bununla da məsələ aydınlığa qovuşar. Mən başqa çıxış yolu görmürəm”.
 

“Bu məsələlər tam aydınlığa qovuşandan sonra AMEA-da yenidən sağlam mühit yaranacaq və akademiya öz əvvəlki imicini yenidən bərpa edəcək”, -deyə sonda fəlsəfə doktoru bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var