Modern.az

Kəlbəcərli şair Bəhmən Vətənoğlunun 90 illik yubileyi - VİDEO

Kəlbəcərli şair Bəhmən Vətənoğlunun 90 illik yubileyi - VİDEO

Mədəni̇yyət

20 Dekabr 2022, 13:35

Ötən gün Azərbaycan Yazıçılar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşkilatçılığı ilə mərhum kəlbəcərli şair Bəhmən Vətənoğlunun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov, Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov, Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid və rayonun tanınmış şairləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçıları mərhum şairlə bağlı xatirələrini bölüşüb, onun sənət yolundan söz açıb, dillər əzbəri olmuş şeirlərini səsləndiriblər. Bildirilib ki, yüzlərlə şeirin müəllifi olan Bəhmən Vətənoğlu, vaxtı ilə Kəlbəcərdə müəllim kimi fəaliyyət göstərsə də, yazdığı şeirlərə görə hər kəs onu şair kimi tanıyıb.

 

Tədbirdə çıxış edən nazir müavini Cavid Qurbanov deyib ki, Bəhmən Vətənoğlu nikbin ruhlu şair olub:

 

"Ancaq Kəlbəcər işğal olunduqdan sonra şairin şeirlərində nisgil, həsrət var idi. Çox şadam ki, bu tədbirdə iştirak edirəm. Bu gün onu kiçik məclislə yad edirik. Ancaq Gəncədə 90 illik yubileylə bağlı böyük tədbir təşkil olunacaq".

 

Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov bildirib ki, Bəhmən Vətənoğlu Azərbaycanın görkəmli şairlərindəndir: “Xoşbəxtəm ki, bu cür şairlə gənc yaşlarımda tanışlığım baş tutub. Bəhmən Vətənoğlu bütün türk dünyasında tanınan, milyonlarla insan tərəfindən sevilən bir şairdir. Onun şeirlərini hər kəs kitabdan oxumur, poeziyası, şeirlər o qədər cilalanmış və gözəldir ki, dildən dilə düşərək insanlar arasında yayılır”.

 

Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov bildirib ki, Bəhmən Vətənoğlunun Gəncədə keçiriləcək 90 illik yubileyində iştirak etməkdən məmnunluq duyar:

 

"Onu tək kəlbəcərlilər yox, bütün Azərbaycan tanıyırdı. Vətənə olan həsrətini sözlərə, şeirlərə tökürdü. Kaş Bəhmən sağ olaydı, Kəlbəcərin azad olunduğunu görəydi, gedib o torpağı ziyarət edəydi. Amma bu gün onun ruhu şaddır, çünki vətəni azaddır".

 

AYB-nin sədr müavini Rəşad Məcid Bəhmən Vətənoğlunu şəxsən tanımasa da, onun şerlərilə böyüdüyünü vurğulayıb:

 

"Xalqımız onun şeirlərini heyranlıqla oxuyub, dinləyib. Yazdığı hər misra, sətr bir-birinə bağlı olub. Bəhmən də, Şücaət də Kəlbəcərin, Azərbaycanın unudulmayacaq ziyalıları, şairləridir".

 

Video: Əjdər İbrahimov

 

 
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok