Modern.az

“Bizim qəzet” layihəsi – Azərbaycanda 21 min tirajla çıxan ən bahalı qəzet

“Bizim qəzet” layihəsi – Azərbaycanda 21 min tirajla çıxan ən bahalı qəzet

Media

29 Sentyabr 2012, 10:14

Ölkəmizdə müxtəlif dövlət orqanlarının öz sahə qəzetləri nəşr edilir. Onlar əsasən abunə yolu ilə, bəzən də satış yolu ilə oxuculara təqdim edilir. Modern.az saytı“Bizim qəzet” rubrikası çərçivəsində həmin sahə qəzetləri barədə ətraflı məlumat verəcək.

Bu dəfə Səhiyyə Nazirliyinin mətbu orqanı olan “Tibb qəzeti” haqqında məlumat veririk.

“Tibb qəzeti” 1991-ci ilin yanvarın 5-dən nəşr edilir. İlk vaxtlar qəzet “Şəfqət” adı ilə A3 formatda, ayda bir dəfə çıxıb. Amma səhiyyə naziri postuna Oqtay Şirəliyev gələndən sonra, 2007-ci ilin yanvarından həm qəzetin adı, həm də fəaliyyətində dəyişiklik olub. Həmin vaxtdan qəzet “Tibb qəzeti” adı altında nəşr olunmağa başlayıb və  kollektivi tamamilə dəyişdirilib.

“Tibb qəzeti”nin məsul katibi Qurban Nuriyev bildirib ki, indi də qəzet A3 formatda, amma 16 səhifədə, bütün səhifələri rəngli və ayda 2 dəfə nəşr olunur. Onun sözlərinə görə qəzetin həmin vaxtdan baş redaktoru Nigar Məcidova, redaktoru Sevda Nəbiyevadır.

“Qəzetdə 11 nəfər işləyir və bu kollektiv qəzet yaranandan formalaşan kollektivdir. Aldığımız maaş isə yazdığımız yazılara görədir. Elə adam var ki, burada işləyir, eləsi var ki, rayona araşdırmalar aparmağa gedir. Ümumilikdə əmək haqqından heç bir narazılıq yoxdur. Burada işləyənlərin jurnalist olması ilə yanaşı, onun tibb sahəsində də savadı, biliyi olmalıdır. Və işə qəbul olarkən bu cür jurnalistlərə üstünlük verilir. Yəni qəzetə işçi əsasən müsabiqə yolu ilə seçilir”.

“Tibb qəzeti”nin hansı mövzuları əhatə etməsinə gəlincə isə Q.Nuriyev bildirib ki, rəsmi bölmədə prezidentin sərəncamları, əmr və fərmanları dərc olunur.

“Rəsmi bölmədə səhiyyə sahəsində dövlət sərəncamları öz əksini tapır. Bundan əlavə nazirin bu sahəyə aid səfərləri, əmr və göstərişləri də burada dərc olunur.

Eyni zamanda qəzetdə səhiyyə sahəsində aparılan işlər, tibbə aid bütün məlumatlar informasiyalar, araşdırmalar dərc olunur. Həm də dövlət tibb müəssisələrində hər hansı vakant yerlər olduqda, bu da qəzetdə elan kimi verilir və bir ay müddətində qüvvədə olur. Bundan əlavə,  səhiyyə nazirinin təşəbbüsü ilə qəzet əməkdaşları ölkədə fəlaiyyət göstərən dövlət tibb müəssisələrinə araşdırmalar aparmağa gedirlər. Nazir bizə bu səlahiyyəti verib ki, tibb sahəsində olan problemləri, neqativ halları tapıb üzə çıxardaq. İşçilər müəssisənin baş həkiminə heç bir şey demədən gedir və xəstəxanalarda olan vəziyyətlə tanış olur”.

Qurban Nuriyev qeyd edib ki, “Tibb qəzeti” ölkədə ən çox tirajla çıxan qəzetlərdəndir.

“21900 nüsxə ilə nəşr olunur. Əsasən abunə yolu ilə yayılır. Bütün dövlət tibb müəssisələrinə, eyni zamanda arzu etdikdə özəl tibb müəssisələrinə də “Tibb qəzeti” verilir. Metrolarda qəzetin satışı da həyata keçirilir. Qiyməti 60 qəpikdir. Bu da onun bütün səhifələrinin rəngli çıxması, eyni zamanda yayımı ilə əlaqədardır”.  

Məsul katib qəzetdə işləyən jurnalistlərlə yanaşı, kənar şəxslərin də əməkdaşlıq etdiyini vurğulayıb.

“Məsələn tibb sahəsində jurnalist hər hansı gözəl yazı yazırsa, onun yazısını qəzetimizdə veririk.

Amma bizdə kənar müəlliflər əsasən tibb sahəsində mütəxəssis olan həkimlərdir. Onlar hər hansı məsələ ilə bağlı fikirlərini bölüşür və məqalələr yazırlar. Bəzən biz onlardan müsahibə götürürük”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok