Modern.az

AZƏRTAC-ın təşkilatçılığı ilə konfrans keçirilib - FOTOLAR

AZƏRTAC-ın təşkilatçılığı ilə konfrans keçirilib - FOTOLAR

Media

27 Dekabr 2023, 13:18

Dekabrın 27-də Bakıda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

 

Konfransdan əvvəl “Heydər Əliyev-100” fotosərgisinə baxış olub.

 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Modern.az xəbər verir ki, konfransda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda bütün sahələrin inkişafında silinməz izlər qoyub. O, Ulu Öndərin söz azadlığı və mətbuatın inkişafı sahəsində gördüyü işlərdən bəhs edib.

 

İdarə Heyətinin sədri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin mətbuatın fəaliyyətinə necə qayğı ilə yanaşdığını Dövlət İnformasiya Agentliyinin timsalında görmək olar. Ulu Öndərin AZƏRTAC-a xüsusi diqqət və qayğısından danışan Vüqar Əliyev deyib: “Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Agentliyin maddi-texniki bazasını və kadr potensialını, onun müasir avadanlıqla təchiz edilməsini möhkəmləndirən 5 fərman və sərəncam imzaladı, xaricdə müxbir məntəqələri yaradıldı, əməkdaşların iş şəraiti yaxşılaşdırıldı. Onu da qeyd etməliyəm ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə də Agentliyimizə qayğı ilə yanaşırdı. Məhz Heydər Əliyevin nüfuzu sayəsində və onun təkidi ilə sovet dövründə AZƏRTAC, - həmin vaxt “Azərinform” adlanırdı, - 1980-ci ilin sonlarında keçmiş sovet respublikalarının informasiya agentlikləri arasında birincilər sırasında kompüterlərlə təchiz olunub”.

 

Vüqar Əliyev Ümummilli Lider Heydər Əliyevin media sahəsində əsasını qoyduğu ənənələrin uğurla davam etdirildiyini vurğulayaraq deyib: “Ulu Öndərin fəaliyyəti və ideyaları gələcəyə işıq salır, bizi məsuliyyətli olmağa sövq edir, medianın ölkədə fəaliyyəti üçün yaradılan münbit şəraitdən istifadə edərək üzərimizə Azərbaycan reallıqlarını, bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini, regional və qlobal səviyyədə konstruktiv əməkdaşlıq və faydalı tərəfdaşlıq üzrə təşəbbüsləri dünya ictimaiyyətinə çatdırmaq, respublikanın müsbət imicini formalaşdırmağa davam etmək vəzifəsini qoyur”.

 

Konfransda çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov diqqətə çatdırıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoyub, dövlətimizin idarəçilik mexanizmləri formalaşdırılıb, ölkəmiz müstəqil dövlət olaraq beynəlxalq birliyə uğurla inteqrasiya edib, mətbuatın inkişafında mühüm dəyişikliklərə nail olunub. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamızda söz, fikir və məlumat azadlığı ilə bağlı konkret müddəalar əksini tapıb.

 

Əhməd İsmayılov bildirib ki, zəngin və şərəfli yol qət etmiş Azərbaycan mətbuatının azadlığının və müstəqilliyinin hüquqi-mənəvi təminatçısı olan, cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynayan, hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirən Ulu Öndər jurnalist peşəsinə dərin hörmət bəsləyib, jurnalistlərlə yaxın təmasda olub, onların problemləri ilə maraqlanıb və heç vaxt köməyini əsirgəməyib. Ümummilli Lider media subyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onlara müvafiq güzəştlərin təyin edilməsi istiqamətində ardıcıl qərarlar qəbul edib, müvafiq fərman və sərəncamlar imzalayıb.

 

“Dövlətimizin yürütdüyü modernləşmə kursu, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə, informasiyalı cəmiyyətə keçid, ölkəmizin dünya informasiya məkanına daxil olması dövlətin və cəmiyyətin qarşısında yeni vəzifələr müəyyənləşdirib. Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı Prezident İlham Əliyevin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin möhtəşəm Zəfərə imza atması bütün sahələrdə olduğu kimi, medianın da fəaliyyətində dönüş yaradıb”, - deyə Əhməd İsmayılov əlavə edib.

 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva Ulu Öndər Heydər Əliyev ideyalarının daim yaşadığını və aktuallığını itirmədiyini söyləyib. O deyib ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın həqiqətlərinin informasiya təminatında mətbuatın rolunu artırmağa böyük ehtiyac var idi.

 

Həmin dövrdə Azərbaycanın tanınması, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məsələsində problemlərin olduğunu bildirən deputat deyib: “Bəzən Azərbaycanın harada yerləşdiyini belə bilmirdilər, o ki qaldı, Qarabağ münaqişəsindən xəbərdar olsunlar. O zaman bütün dünya ermənilərin uydurma xəbərləri ilə tanış olurdu. Ona görə də Azərbaycan tərəfinin düzgün informasiyanı təqdim etməsi çox önəmli idi. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev sözün əsl mənasında informasiya mübarizəsi aparırdı. O, bütün xarici səfərlərində, ikitərəfli görüşlərində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırdı. Ümummilli Liderin yerli və xarici media ilə təmaslar qurması, onlara açıq və sərbəst şəkildə ölkə həqiqətlərini təqdim etməsi həmin dövr üçün informasiya mübarizəsinin ən səmərəli üsullarından biri idi”.

 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin mediaya böyük önəm verməsi onun bütün müsahibələrində açıq şəkildə görünür. 1998-ci ilin avqust ayı mətbuat üçün əsl bayram oldu. Ümummilli Lider Heydər Əliyevin həmin il avqustun 6-da imzaladığı tarixi Fərmanla senzura ləğv edildi. Bu hadisə dünya mediasında böyük sensasiya doğurmuşdu. Senzuranın ləğvindən sonra mətbuat-məmur qarşıdurması daha da artmışdı. Ümummilli Lider o zaman da mətbuatı müdafiə edirdi.

 

Rəşad Məcid xüsusi vurğulayıb ki, Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin xarici mətbuata müsahibələri jurnalistika tədrisi üçün bir vəsaitdir. O, Şuşada keçirilən Qlobal Media Forumunun ənənə halı alacağına əminliyini ifadə edərək bildirib: “Növbəti illərdə də bizim dünyanın müxtəlif ölkələrindən gələn məşhur jurnalistlərlə görüşlərimiz olacaq, Prezident İlham Əliyev də onların suallarına bizi qürurlandıracaq şəkildə cavablar verəcək”.

 

Tədbirdə çıxış edən rejissor Fariz Əhmədov Ümummilli Liderin Birinci Qarabağ müharibəsində hər şeyini itirmiş insanların ümidinə, pənahına çevrildiyini deyib. “Biz Ulu Öndərin 100 illiyinə həsr olunan “Heydər Əliyev Azərbaycandır” ikihissəli filmini çəkəndə məhz bu amili qabartmağa çalışdıq, onun həyat və fəaliyyətinin 100 böyük faktına ekran ömrü verdik. 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Qələbəsi 101-ci faktla filmə öz möhürünü vurdu. Bu filmin çəkilişləri təxminən 7 ay davam etdi. Onun hazırlanmasında çox güclü komanda iştirak edirdi. Biz demək olar ki, ölkənin hər yerində olduq, Heydər Əliyevin adı ilə bağlı olan yerləri gəzdik və çəkilişlər etdik. Bir daha əmin olduq ki, Azərbaycan Heydər Əliyevin şah əsəridir”, - deyə Fariz Əhmədov vurğulayıb.

 

Sonda “Heydər Əliyev Azərbaycandır!” filmindən 10 dəqiqəlik hissə nümayiş etdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir