Modern.az

2023-cü il gənc jurnalistlərin yaddaşında necə qaldı: Xankəndi, seçki və mədəniyyət

2023-cü il gənc jurnalistlərin yaddaşında necə qaldı: Xankəndi, seçki və mədəniyyət

Media

30 Dekabr 2023, 12:18

Bu il dünyada və ölkəmizdə olduqca mühüm hadisələr yaşanıb. 2023-cü ilin gənc jurnalistlərin yaddaşında necə qalması maraqlıdır. 

 

Modern.az bununla bağlı olaraq, gənc jurnalistlər arasında sorğu keçirib.

 

Saytımıza açıqlamasında Bizim.Media saytının əməkdaşı Nuranə Daxilqızı 2023-cü ilin jurnalistlər üçün olduqca məhsuldar olduğunu bildirib:

 

“Mənə görə, 2023-cü il ən maraqlı hadisələrin baş verdiyi il oldu. Bu il ərazi bütövlüyümüzün təmin olunması, Xocalının, Xankədinin, Xocavəndin, Əsgəranın, Ağdərənin separatçılardan təmizlənməsi xəbərini ictimaiyyətə çatdırmaq biz jurnalistlər üçün qürurverici hal idi. Eyni zamanda, Vardanyan, Xaçaturyan, Harutunyan kimi quldur dəstəsinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən tutulması və onların həbs edilməsi də bu ilin yadda qalan hadisələrindəndir. Media işçisi olaraq Vaqif Xaçaturyanın məhkəməsində iştirak edərək baş verənlərə şahid olmaq, cinayətkarın həbsini izləmək isə mənə görə ilin ən sevindirici hadisələrindən biri idi. Erməni diversantlardan birinin məhkəməsində isə növbədənkənar Prezident seçkilərinin keçiriləcəyi xəbərini aldıq. Bütün jurnalistlər məhkəmə zalında bu informasiyanı böyük təəccüb içində bir-birinə çatdırırdı. Hesab edirəm, bu da ilin maraqlı hadisələrindən oldu. 2023-ün sonuna yaxın Prezident İlham Əliyevin də iştirakı ilə Xankəndi şəhərində “Qarabağ” və Milli Ordu İdman Komandasının matçını isə sevinc göz yaşları içində izlədim. Bu tarixi günü yaşamaq, o emosiyaları hiss etmək çox gözəl idi. 2023-cü ildə aldığımız ən üzücü xəbər isə millət vəkili Qənirə Paşayevanın ani ölümü oldu. Allahdan Qənirə xanıma rəhmət diləyirəm. Ümumilikdə isə, 2023-ün jurnalistlər üçün kifayət qədər məhsuldar il olduğunu hesab edirəm”.

"ASAN Radio"nun əməkdaşı Elşən Həmzəyev 2023-cü ilin Azərbacanın növbəti və mühüm diplomatik uğurlara imza atması yaddaşlara həkk olduğunu söyləyib:

 

"Laçın yolu tam nəzarətə götürüldü. Daha sonra sentyabrda antiterror tədbirləri keçirildi. Heç 1 sutka tamam olmamış ordumuz qələbə qazandı. Ölkəmizin suverenliyi bərpa olundu. Bu gün bütün torpaqlarımızda şanlı bayrağımız dalğalanır. Zəfər günündə Xankəndi şəhərində keçirilən paradla Azərbacan bir daha qalib ölkə olduğunu dünyaya nümayiş etdirdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin! İllərdir ardıcıl olaraq avrokuboklarda iştirak edən “Qarabağ”la MOİK arasında Xankəndi şəhər stadionunda keçirilən qarşılaşma da tarixi bir hadisə idi. “Qarabağ”dan söz düşmüşkən Ağdam klubu tarixində ilk dəfə Avropa Liqasının qrupdan "pley-off"a yüksəlməklə Azərbaycan futbolunda yeni tarix yazdı. Bu il media ilə bağlı  vacib hadisələrdən biri də "Media haqqında" qanunun qəbulu idi.  Təəssüf ki, 2023-cü il həm də bir çox tanınmış şəxslərin dünyasını dəyişməsi ilə yadda qaldı. Xüsusilə də, millət vəkili Qənirə Paşayevanı, xüsusilə qeyd edə bilərəm. Gözəl münasibətimiz var idi,müsahibədən imtina etməzdi. Ümid edirəm gələn il xalqımız üçün uğurlu olar".

“Report” İnformasiya Agentliyinin müxbiri Aysel Aslanqızı isə belə düşünür:

 

"44 günlük Vətən müharibəsindən sonra keçən qısa müddət ərzində, ümumiyyətlə, Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq çox hadisələr yaşanıb. Lakin tarixi əhəmiyyətinə görə yadda qalan bir sıra hadisələri xüsusilə vurğulamaq yerinə düşər. Cari ildə mənim üçün ən yadda qalan hadisə Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını qaldırması oldu. Düşünürəm ki, sözügedən hadisələr ümumilikdə Azərbaycanın müasir tarixi üçün ən unudulmaz günlər idi.

 

Siyasətdən yazan müxbir olduğumu nəzərə alsaq, fikrimcə, ikinci ən yadda qalan hadisə 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar verilən qərar idi. Çünki son 30 ildə məhz ilk dəfə seçkilər Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsi şəraitində keçiriləcək ki, bu günün də müasir tariximizdə özünəməxsus yeri olacaq. 

 

Mən də öz növbəmdə hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzu edirəm".

 

"APA" İnformasiya Agentliyinin əməkdaşı Nihat Pir mədəniyyət sahəsində bir sıra uğurların olmasından danışıb:

 

"Şübhəsiz, 2023-cü il, birinci növbədə, hamımız üçün ölkəmizin suverenliyinin tam bərpa edilməsi kimi yadda qaldı. Bu möhtəşəm hadisənin canlı şahidi olmaq, onun Azərbaycan vətəndaşlarına, dünya azərbaycanlılarına çatdırılmasında pay sahibi olmaq qürurvericidir.

 

Ondan başqa, Araik Arutyunyan başda olmaqla, illərdir, Azərbaycan ərazisində qondarma rejimi quran, müdafiə edən, fəaliyyət göstərməsinə təşəbbüs göstərən kəslərin tutulması, zamanla məhkəmə qarşısına çıxarılması da, hesab edirəm, bu il üçün ən yaddaqalan hadisələrdəndir və tarixdir, tarixin özüdür.

 

Mən daha çox mədəniyyət sahəsindən yazıram deyə, mədəni sahədə olan islahatları da il üçün uğurlar içərisində qeyd eləməliyəm. Ən əsası isə, mədəniyyət naziri haqqında olan ümid dolu gözləntilər və onun yavaş-yavaş ümidləri doğrultması istiqamətində atdığı addımlar, – ən başda yaşlı nəsil mədəni portretlərin nazirliyin binasında deyil, məhz öz evlərində ziyarəti, onlara həm nazir kimi, həm vətəndaş kimi qayğısı, – ümidlərimizi daha da cücərdir.

 

Belə özüm üçün isə ilin başında siyahı tutmuşdum, qeyd etdiyim 20 məqsədin cəmi 5-ini həyata keçirə bildim. Bu da bir az vaxt darlığına görə oldu. Ümid edirəm, 2024-cü il bütün gözləntilərimizi qarşılayar və ən əsası sülh və dostluq ili kimi yadda qalar".

 

"News 24" xəbər saytının əməkdaşı Qumral Əliyeva da 2023-cü ilin media işçiləri üçün məhsuldar keçdiyini qeyd edir:

 

"Başa çatmaqda olan 2023-ci il bir sıra mühüm hadisələrlə yadda qaldı. Düşünürəm ki, jurnalistlər üçün də kifayət qədər məhsuldar il idi və jurnalistlər 2023-cü ildə bir çox mühüm hadisəyə şahidlik etdi. İl ərzində baş verən ən böyük hadisə oktyabrın 15-də Azərbaycan bayrağının Xankəndidə dalğalanması idi. Bu, 19-20 sentyabr tarixlərində Qarabağda aparılan hərbi əməliyyatlardan sonra mümkün oldu. Lokal antiterror tədbirlərindən sonra Prezident İlham Əliyev bununla da Azərbaycanın öz suverenliyini bərpa etdiyini bildirdi. Tanınmamış “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan etdi. Xankəndidə baş tutan tarixi oyun, Yevlaxda baş tutan tarixi görüş ilin ən vacib hadisələri idi. Müsbət hadisələrlə yanaşı bir mənfi hadisələrlə də yadda qaldı. Millət vəkili Fazil Mustafanın evinə gedərkən silahlı hücuma məruz qalaraq yaralanması isə 2023-cü ilin sui-qəsd hadisəsi idi. Bu, son illərdə siyasi-ictimai xadimə qarşı edilən ilk sui-qəsd idi.  Silahlı şəxsin Azərbaycanın İrandakı səfirliyinə hücum, Xətai rayonundakı "Bravo" marketdə baş verən silahlı hücum ilin qorxudan hadisələri idi. Bu il həm də böyük itkilər yaşandı. Düşünürəm ki, millət vəkili Qənirə Paşayevanın ölümü, Hacı Şahin Həsənlinin vəfat etməsi ilin ən kədərli hadisələri idi. Ümumilikdə isə media nümayəndələri üçün məhsuldar il olduğunu düşünürəm.

 

"Baku TV"nin əməkdaşı Mehri Qurban idman jurnalisti kimi "Qarabağ" Futbol Komandasının ilk dəfə "play off"a çıxmasının ən unudulmaz hadisə olduğunu düşündüyünü söyləyib:

 

"Mənim üçün ən unudulmaz hadisə “Qarabağ” Futbol Klubunun tarixində ilk dəfə Avropa Liqasının qrupundan çıxmasıdır. Həqiqətən də, çox möhtəşəm hisslər idi. “Qarabağ” ilk dəfə “play-off” mərhələsinə adlayırdı. İnşallah fevralda növbəti oyunlar olacaq. Digər  xatirə də “Qarabağ”la bağlıdır.  Komandanın ilk dəfə Xankəndidə MOİK-lə qarşılaşdı. İdman mediası üçün möhtəşəm bir hadisəydi. Prezident də Xankəndidəki oyunu stadionda izlədi.Topa ilk toxunuşu məhz cənab prezident etdi. Bu iki hadisə idman mediası üçün həqiqətən də, unudulmazdı. Nəinki media, eyni zamanda Azərbaycan futbolu üçün unudulmaz hisslər idi".

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir