Modern.az

Jurnalist hamını tanımalıdır? - RƏYLƏR

Jurnalist hamını tanımalıdır? - RƏYLƏR

Media

11 Yanvar 2024, 09:58

Yanvarın 8-də Əməkdar artist, mərhum müğənni Aygün Bəylərin nəşi ata evinə gətirilən zaman İTV-nin müxbiri Ləman Abbaslı ilə tarzən Elxan Müzəffərov arasında yaşananlar hələ də ictimaiyyətdə müzakirə edilir.
Hadisə zamanı tarzən Elxan Müzəffərov onun kimliyini bilməyən jurnalistə qarşı kobud rəftar edib, müsahibə vermək istəməyib. Onun bu hərəkəti jurnalistlər, eləcə də media ilə əlaqəsi olmayan bir çox şəxslər tərəfindən qınanılıb.

 

Bəs doğrudanmı jurnalist hər kəsi tanınmalıdır?

 

Məsələ ilə bağlı Modern.az-a danışan ARB24 telekanalının Baş redaktor müavini, Bakı Dövlət Universitetinin müəllimi Aynur Nəsirova bildirib ki, jurnalist heç də hamını tanımalı deyil:

 

“Əslində, jurnalist siyasi xadimləri, dövlət xadimlərini və digərlərini tanımalıdır. Bu, şərtdir. Lakin ayrı-ayrılıqda hansısa bir tarzəni, musiqiçini tanımamaq jurnalist üçün qəbahət deyil. Ola bilsin ki, həmin jurnalist mədəniyyət sahəsində yox, sosial və siyasi sahədə işləyir. Həmin müsahiblə üz-üzə gəlmədiyindən onu tanımır. Jurnalist onu tanıya da, tanımaya da bilər”.

 

A.Nəsirova jurnalistin səbirli davrandığını söyləyib:

 

“Həmin situasiyada jurnalist çox səbirli davrandı və müsahibinə heç bir şey demədən geri çəkildi. Nəzərə almaq lazımdır ki, bu, canlı yayımdır. Canlı yayım zamanı müsahiblər də jurnalistlərə qarşı səbirli davranmalıdırlar”.

 

 

Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli heç kəsin jurnalisti aşağılamağa ixtiyarının olmadığını söyləyib:

 

“Konkret olaraq Aygün Bəylərin hüzn mərasimində baş tutmayan müsahibə ilə bağlı deyə bilərəm ki, təbii olaraq, bu, müəyyən qədər ağrılı məsələdir. Ona görə ki, jurnalist toplaşanlardan mərhumla bağlı rəylər, xatirələr öyrənməyi borc bilir. Bu başadüşülən situasiyadır. Lakin belə məqamlarda hər kəsə yaxınlaşıb sual vermək bir az həssas məsələdir. Çünki insanlar dəfn mərasimində, hüzr yerində ənənəvi vəziyyətdən bir az fərqli, həssas olurlar. Əsəblər çox üzdə olur, gərginlik artır. Ona görə də belə məqamda jurnalist xüsusi yanaşma taktikası seçməlidir. Kiminsə kamera qabağında danışmaması onun hüququdur. Danışa da bilər, danışmaya da. Amma heç kimin jurnalisti aşağılamaq, ona kobud cavab vermək ixtiyarı yoxdur. Bu elementar etik davranış qaydasıdır. Məsləhət olan odur ki, jurnalistlər müsahib seçməmişdən əvvəl ekspromt işləməsinlər. Beləliklə, əvvəlcədən razılıq və yaxud başqalarının vasitəsiylə rəy soruşa bilərlər. Müəyyən hazırlıq olmalıdır ki, onlar xoşagəlməz, arzuolunmaz davranış nümayiş etdirməsinlər. Jurnalistin davranışı prinsip etibarı ilə doğrudur. Bəzi özəlliklər nəzərə alınmalıdır, amma kamera qarşısında da heç kimin jurnalisti aşağlamaq, onunla kobud davranmaq haqqı yoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü