Modern.az

TV-lərin bayağı şou proqramları ilə nə etməli... - Teletənqidçi CAVAB VERİR

TV-lərin bayağı şou proqramları ilə nə etməli... - Teletənqidçi CAVAB VERİR

Media

11 Mart 2024, 17:18

Bir neçə gün əvvəl ATV, "Xəzər", ARB və "Space" telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Onların iştirakı ilə keçirilən iclasda bu telekanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.

 

Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.

 

Belə verilişlər cəmiyyətimiz və televiziyaya hansı ziyanları vurur? Bu verilişlərin bağlanmasına zərurət varmı?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Dövlət Universitetinin professoru, televiziya tənqidçisi Qulu Məhərrəmli son bir-iki il ərzində şou verilişlərin səviyyəsinin aşağı düşdüyünü bildirib:

 

"Televiziyada şou verilişlərin özünəməxsus çəkisi var. Belə verlişlərin auditoriyası aktiv olur. O baxımdan bu cür verilişlər cəmiyyətə də müəyyən təsirlər göstərir. Söhbət insanlara həqiqətən normal, faydalı, maraqlı informasiya verən, onların əylənməsinə xidmət edən, zövqünü formalaşdıran şou proqramlardan gedir.

 

Təəssüf ki, bizim TV-lərdə faydalı, gərəkli şou proqramların sayı çox azdır. Halbuki, müstəqilliyin ilk illərində istər dövlət, istərsə də özəl kanallarda çox maraqlı şou proqramları və aparıcılar olub. Maraqlı şou proqram və aparıcılar indi də var. Sadəcə olaraq, son illərdə şou proqramlarının səviyyəsi kifayət qədər aşağı düşüb. Şəxsi həyata müdaxilə, insan heysiyyatını aşağılayan bayağı proqramların sayı həddindən artıq çoxalıb. Adıçəkilən proqramlarda bu cür məsələlər qoyulur. O cür davranışlar, etik qaydaların pozulması və şəxsi həyata müdaxilə istər-istəməz cəmiyyəti qıcıqlandırır və haqlı narazılıqlar yaradır".

 

Q.Məhərrəmli bayağlı verilişlərin qarşısının necə alına biləcəyinidən də danışıb:

 

"Bu verilişlər nə üçün lazımdır? Təbii ki, telekanallar bunu öz maddi vəziyyətləri ilə əlaqələndirirlər. Onlar məsələyə belə verilişlərin yüksək reytinq gətirməsi, maliyyə mənbələrinə çıxışının olması və tamaşaçıların çox izləməsi ilə haqq qazandırırlar. Halbuki, bu fikirlər cəmiyyətdə həmin verilişlərə olan yanaşmalarla ziddiyət təşkil edir. Ona görə də həm izləyici auditoriyasında, həm cəmiyyətdə, həm də parlament iclaslarında bu cür verilişlərdən narazılıqlar çoxalır. Bu cür bayağı verilişlərin qarşısının alınmasının ən yaxşı yolu televiziya kanallarının maddi problemlərinin həll edilməsidir. Dövlət müəyyən məbləğdə maliyyə ayırmaqla zəif verilişlərin efirə çıxmasının qarşısını müəyyən dərəcədə ala bilər. Bununla da kanallar daha keyfiyyətli şoular hazırlaya və peşəkarlıq daha yüksək səviyyədə ola bilər. Beləliklə də, narazılığın da miqyası kifayət qədər azalar. Yaxşı şou hazırlamaq, televiziya tamaşaçılarını razı salmaq üçün yaxşı dramatrugiyası, məqsədi olan maraqlı verilişlər hazırlamaq mümkündür. Hesab edirəm ki, televiziyalar bunları etməlidir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var