Modern.az

İlham Əliyev və Paşinyan nələri müzakirə edəcək... - Elmar Məmmədyarovla MÜSAHİBƏ

İlham Əliyev və Paşinyan nələri müzakirə edəcək... - Elmar Məmmədyarovla MÜSAHİBƏ

Müsahibə

2 Oktyabr 2023, 10:24

Azərbaycan ordusunun ötən ay həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri regionda vəziyyəti tamamilə dəyişib. Artıq Azərbaycan ordusu Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər yaşayış məntəqələrində möhkəmlənir.

 

Qarabağda Azərbaycanın reinteqrasiya təklifi ilə razılaşmayan erməni sakinlər könüllü şəkildə Ermənistana gedir. Qalan ermənilər isə artıq Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə əlaqələr qurub, qeydiyyatdan keçirlər.

 

Bu hadisələrin fonunda İspaniyanın Qranada şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcəyi ehtimal edilir. Bir neçə gün öncə Azərbaycan və Ermənistan rəsmiləri görüşün təşkili ilə bağlı danışıqlar aparıb. Görüşdə Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı da gözlənilir.

 

Gündəm mövzularını sabiq xarici işlər naziri Elmar Məmmədyarovla müzakirə etdik.

 

Modern.az sabiq nazirlə müsahibəni təqdim edir:

 

-Azərbaycan Ordusu sentyabrın 19-da Qarabağda lokal antiterror tədbirlərinə başladı və 24 saat keçmədən missiyasını uğurla həyata keçirdi. Siz lokal antiterror tədbirlərinə olan zərurəti necə qiymətləndirirsiz?

 

- 44 günlük Vətən müharibəsindən 3 il keçir. Bu müddət ərzində ermənilərin destruktiv mövqeyi ilə üz-üzə qaldıq. Həm İrəvanda, həm də Qarabağda yaşayan ermənilər gülməli və təhlükəli bəyanatlarla çıxış edirdilər. Məhz bu səbəbdən məsələnin toqquşmasız həlli mümkün deyildi. Mən əvvəldən belə bir toqquşmanın olacağını gözləyirdim. Bir də diplomatiyada sülh üçün məcburetmə anlayışı var. Biz də bu diplomatiyanı uğurla həyata keçiririk.

 

-Antiterror tədbirləri uğurla başa çatdıqdan sonra Qarabağ iqtisadi rayonunda məskunlaşan ermənilərin çox hissəsi könüllü şəkildə ərazini tərk etməyə başlayıblar. Bunun səbəbi nədir?

 

- Bu məsələdə Azərbaycanın mövqeyi elə ilk gündən məlum idi. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul edə, ölkəmizdəki digər xalqlar kimi rahat yaşaya bilər. Bu barədə dəfələrlə cənab Prezident bildirib. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində Azərbaycanın müxtəlif yerlərində, eləcə də Bakı və Gəncədə erməniəsilli vətəndaşlar yaşayırdılar. 30 minə yaxın erməni yaşayırdı.Onlar Azərbaycan konstitusiyasına əməl edirdilər. İndi Qarabağda yaşayan erməniəsilli əhalidən ərazini tərk etmək istəyənlər ola bilər. Bu,onların hüququdur. Onların Ermənistanda qalacağı, yaxud Rusiyaya gedəcəyi bilinmir. Bir sözlə, burada heç bir problem yoxdur. Getmək istəyən gedəcək, qalmaq istəyən qalacaq.

 

-Terrorçuların rəhbəri Samvel Şahramanyan Qarabağ bölgəsindəki qondarma qurumun özünü buraxması ilə bağlı “qərar” qəbul edib. Bunu Qarabağ məsələsinin sona çatması kimi qiymətləndirə bilərikmi?

 

- Ermənilərin özlərinin “Artsax respublikası"nın “dövlət” kimi ləğv olunması ilə bağlı qərarını alqışlayıram.Bu, mühüm və hüquqi qərardır. Qarabağ məsələsi başa çatıb. Tezliklə Xankəndidə bayrağımız dalğalanacaq. Buna da çox yaxınıq.

 

- Oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Sizcə, bu görüşdə hansı məsələlər müzakirə olunacaq?

 

- Ermənistanda müxtəlif uydurma fikirlərlə yaşayardılarsa, indi məsələləri tam şəkildə anlayırlar. Azərbaycan dəfələrlə, sülh sazişi imzalamağa hazır olduğunu bildirib. İndi əsas məsələ Ermənistanın buna hazır olub-olmamasıdır. Ermənistan üçün əsas problemlərdən biri Qarabağ idi. İndi Qarabağ məsələsi çözülüb. Cənab Prezident demiş, status məsələsi cəhənnəmə getdi. Məhz buna görə də, oktyabr görüşündə sülh müqaviləsi müzakirə olunacaq. Eləcə də, Zəngəzur dəhlizinin açılması müzakirə olunacaq. 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatda 9-cu maddə var. Orada Azərbaycandan Naxçıvana yolun açılmalı olduğu qeyd edilir. Ermənistanın Baş naziri öhdəlik götürübsə, o, öhdəlik sülh sazişində də qeyd olunmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok