Modern.az

İqbal Ağazadə: “DTX arxivləri açılsın, cəmiyyət agentləri tanısın!” - MÜSAHİBƏ

İqbal Ağazadə: “DTX arxivləri açılsın, cəmiyyət agentləri tanısın!” - MÜSAHİBƏ

Müsahibə

1 May 2024, 13:38

"Xarici qüvvələrə çalışanlar anlamalıdırlar ki, hansısa dövlət qara qaşı və gözünə görə ona aşiq deyil. Anamız anadır, tərbiyəmiz xoşuna gəlməyəndə deyir ki, sənə verdiyim süd haramın olsun. Təsəvvür edin, Qərb verdiyi pulun hansısa formada geridönüşünü tələb edir. Hər kəs bir az da bunu düşünsün".

Bunu Modern.az-a müsahibəsində Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Siyasətçi ilə söhbəti təqdim edirik:


"Min il sonra da tarix İlham Əliyevə qiymət verəcək"

-  İqbal bəy, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Niyə budəfəki seçkilərdə namizədliyinizi irəli sürmədiniz?

 

- Biz milli məsələlərdə hər zaman dövlətçi mövqe ortaya qoymuşuq. Bizim üçün dövlətçilik və milli məsələ hər şeyin fövqündədir. Prezident seçkiləri müzakirə edildiyi vaxtda Azərbaycanın yeni dövrə gəlib çıxdığını etiraf etməliydik. 200 illik problem çözülmüşdü. 200 il Azərbaycanı təhdid edən erməni separatizmi, Azərbaycan ərazisində mərkəzi hakimiyyətə tabe olmamaq, zaman-zaman nisbətən sakitləşən, sonra yenidən alovlanan konflikt bir yerə çatmışdı, lakin yekuna varmamışdı. Azərbaycan-Ermənistan münasibətləri tənzimlənməmişdi. Artıq bu məsələ həllini tapdı. Probelmin həllinin memarı İlham Əliyevdir. Bu hadisənin memarına dəstək vermək lazım idi ki, o, növbəti mərhələdə başladığı işi sona çatdırsın.

Azərbaycanda çox qəribə bir tendensiya var. Bir nəfər hansısa işə başlayırsa, tez onun qabağını kəsirlər. Bütün güclərini səfərbər edirlər ki, qoy, yaxşı iş başa çatmasın. İlham Əliyev Azərbaycan tarixində ən ciddi problemi həll edib, yeni bir dövr başlayıb. Min il sonra da tarix İlham Əliyevə bu cür qiymət verəcək. Biz bu dövləti və milləti sevən  insanlar kimi hazırkı mərhələdə İlham Əliyevi dəstəklədiyimizi elan etdik. Xalqa da müraciətimiz oldu ki, əl-ələ verib kömək edək, bu problem sona çatsın. Bu, bizim müxalif mövqeyimizə zidd deyil. Bizim müxalifliyimiz dövlətə və milli maraqlara deyil. Biz hər zaman bu milləti və dövləti sevənlərlə bir yerdəyik.
Buna görə öz namizədliyimizlə çıxış etməyib İlham Əliyevin namizədliyini dəstəklədik. İndi danışmağa üzümüz ağdır. Çünki ölkənin milli problemləri yoxdur. Bizi təhdid edən, bəzən susmağa məcbur edən ayrı-ayrı elementlər mövcud deyil. Əvvəl deyirdik ki, Qarabağ məsələsi var, bəlkə buna görə susaq, səsimizi daha az çıxaraq, ehtiyat edirdik. Biz bunu düşmənə fürsət verməmək üçün edirdik. Allaha şükür, indi həmin problemlər yoxdur. İndi ölkənin iç məsələləri barədə danışmağa, tələb etməyə haqqımız var. Biz  ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən, milli, dövlət maraqları ortada olanda sağa-sola vuran insanlar, yaxud partiya olmamışıq. Biz milli mövqe ortaya qoymaq lazım olanda, hər şeyi yaddan çıxarıb hərbi forma geyinmişik və "bu dövlətin əsgəriyik"  demişik. İndi də dövlətimizin əsgəriyik. Hər zaman da belə olacaq.
 

- Qarşıdan növbəti parlament seçkiləri gəlir. Hətta son vaxtlar parlament seçkilərinin növbədənkənar olacağı ilə bağlı fikirlər də dolaşır. Siz növbədənkənar parlament seçkiləri barədə nə düşünürsünüz?
 

- Parlament seçkilərinin növbədənkənar keçirilməsi məntiqə uyğun gəlir. Konstitusiyaya görə, noyabrın 3-də keçirilməli olan seçkilər çox güman ki, COP29 tədbirləri ilə üst-üstə düşəcək deyə, bir qədər irəli çəkiləcək. Bu da təxminən avqustun sonu, sentyabrın əvvəlinə təsadüf edəcək. Amma noyabrın 3-dən sonra seçkilərin keçirilməsi Azərbaycan Konstitusiyasının pozulmasıdır. Buna da heç kim getməyəcək.
 

- Növbədənkənar parlament seçkilərində iştirak edəcəksiniz?
 

- Artıq 49 namizədimizin dairəsini müəyyənləşdirmişik. Ümumilikdə 75 namizəd Mərkəzi Aparatda qeydiyyatdan keçib ki, onlardan 26 nəfərin dairəsi hələ müəyyən olunmayıb.
 

- Bundan əvvəlki seçkilərdə sizin namizəd olduğunuz dairənin nəticələri ləğv olunmuşdu...
 

- Bu barədə qərarı biz vermirik. Mənim vəzifəm doğru məlumat vermək, seçicidən yaxşı nəticə almaqdır. 
 

- Seçkilərdə blok halında iştirak etmək barədə düşünürsünüz?
 

- Xeyr, belə bir planımız yoxdur.


"Agent məmurlardan azad olunmaq lazımdır"
 

- Son zamanlar baş verən bəzi hadisələrlə bağlı fikirlərinizi bilmək istərdik. Sülhməramlılar Azərbaycan ərazisindən çıxdı və Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı...
 

- Bütün bunlar təqdir olunan və Azərbaycan üçün yeni fürsətlər doğuran amillərdir. Təbii olaraq, məsuliyyətimiz daha da artdı. Bu gün gerçəkdən də, bütün sferalarda Cənubi Qafqazın lider dövlətiyik. İnsan haqları, söz-mətbuat azadlığı və sərbəst toplaşma kimi məsələlərdə indeksimiz aşağı ola bilər. Lakin region lideri olmağı şərtləndirən amillər yalnız bunlar deyil. İqtisadi və insan potensialımız, ordu gücümüz onlardan qat-qat irəlidə gəlir. Bundan sonra Cənubi Qafqazda sülhün olması üçün məsuliyyətimiz daha artıqdır. Biz bu məsuliyyətimizi dərk etməliyik. Cənubi Qafqazın sülh məsələsi bizdən soruşulacaq. Çünki Azərbaycan favorit olanda məsələlərə adekvat cavab verməlidir. Çox sağ olsun cənab Prezident ki, ümumi Cənubi Qafqaz birliyindən danışır. Ümid Partiyası olaraq, biz 2006-cı ildə Cənubi Qafqaz birliyi məsələsini gündəmə gətirmişdik. İndi Cənubi Qafqaz birliyinə nail olsaq, Avropa Birliyinin mini modelini Cənubi Qafqazda yaratmış olarıq. Bu da bizim təhlükəsizlik, yaxın qonşuluq, sülh və əmin-amanlıq içərisində yaşamağımız üçün çox böyük stimuldur.
 

- Milli Məclisin deputatı Rasim Musabəyovun Gədəbəy ərazisindəki Başkəndin Ermənistana verilməsi ilə bağlı çıxışına münasibətinizi bilmək istərdik.
 

- Əvvəla ərazi mübadiləsini şərtləndirən siyasəti nə icra, nə də qanunvericilik orqanı həyata keçirə bilər. Bu barədə qərar xalq tərəfindən referendum yolu ilə verilə bilər. Bəziləri Başkəndin anklav və Alma-Ata bəyannaməsinə görə, Ermənistan ərazisi olduğunu iddia edə bilər. Amma Başkənd daha əvvəllər Azərbaycan ərazisi olub. Sonra təəssüf ki, bu anklav yaradılaraq Ermənistana tabe edilib. Kərkinin və ya Qazaxın 3 kəndinin anklavlığı Başkəndin anklavlığından fərqlidir. Kərkinin ətrafında Naxçıvana birləşən istiqamətə qədər həmişə azərbaycanlılar yaşayıb. Sovet Rusiyası bu ərazini zaman-zaman boşaldıb Ermənistana verib. Başkənddə də ömürboyu azərbaycanlılar yaşayıb. Bir qisim erməninin orada yaşamasından istifadə edib idarəçiliyi Ermənistana veriblər. Başkəndin strateji əhəmiyyəti böyükdür. Bura 28 kəndin, o cümlədən Gədəbəyin mühafizəsi və kommunikasiyası üçün olduqca əhəmiyyətlidir. Buranın əhəmiyyətsizliyindən danışmaq ərazini tanımamaqdan irəli gəlir. Rasim Musabəyov və  başqaları belə fikir səsləndirə bilər.

Çox təəssüf ki, bir az Rusiya ilə yaxınlaşan kimi az qalırıq deyək ki, gəlin SSRİ-ni bərpa edək. Bir məscid açan kimi İranpərəst, məzhəbçi, təriqətçi oluruq. Demokratiyadan bir az artıq danışan kimi Qərbçi oluruq. Bu adamları qınamıram. Bunlar ömürlərinin yarısından çoxunu rusun yanında keçiriblər. Yeni cəmiyyət tərbiyə etmək də olduqca çətindir. Unutmayaq, belə təlatümlər, mövqelər olacaq.

Ona görə birinci növbədə DTX arxivləri açılmaldır. Lüstrasiya haqqında qanun qəbul olunmalıdır. İctimai-siyasi fəaliyyətlə məşğul olan partiya sədrləri, millət vəkillərinin hamısının arxivləri təmiz olmalıdır. Onlara sovet dönəmindəki kimi, cinayət işi açılsın demirəm. Əsla! Sadəcə olaraq, cəmiyyət agentləri tanısın. Artıq bundan sonra cəmiyyətin seçimi olacaq ki, o, agentə səs versin, yoxsa yox. Lüstrasiya haqqında qanun qəbul olunandan sonra aktiv insanları agentura şəbəkəsinə cəlb etmək çox çətin olacaq. Yoxsa demokratımız da, dinçimiz də, sosialistimiz və kommunistimiz də agent olur. Belə olmaz.

İndi Qarabağ məsələsi də bitib. Mən düşünürəm ki, arxivlər açılmalıdır. Azərbaycan hökuməti də bunu ciddiyə almalı, Milli Məclis məsələ ilə bağlı qərar qəbul etməlidir. Prezident və hökumətin tərkibinin böyük hissəsi buna etiraz etməyəcək. Çünki onların yaşı və dövrü SSRİ-yə xidmət etməyə yetmir. Bu dövlətin agentura şəbəkəsinə bağlı deyillər. Yaşlı nəsildən kimlərsə, buna mane olmaq istəyirsə, Landsbergisin taleyini yaşayacaqlar. O, Litvada hakimiyyətə gəldi. Məclisin tələbi ilə Landsbergisin etirazlarına baxmayaraq, arxivlər açıldı və "KQB"nin agenti olduğu üzə çıxdı. Belə məmurlardan azad olunmaq lazımdır. Cəmiyyət saflaşmalı və özünə qayıtmalıdır. Ritorika yavaş-yavaş yumşalmalıdır. Biz daha müharibə uşaqları böyütməməli, müharibə insanı düşüncəsi və təfəkküründə olmamalıyıq. Biz torpaqlarımızı işğaldan azad etmişik, qurucu insanlar olmalıyıq. Hakimiyyətin də insanlara münasibəti və ritorikası yumşalmalıdır. Xarici qüvvələrə çalışanlar anlamalıdırlar ki, hansısa dövlət qara qaşı və gözünə görə ona aşiq deyil. Anamız anadır, tərbiyəmiz xoşuna gəlməyəndə deyir ki, sənə verdiyim süd haramın olsun. Təsəvvür edin, Qərb verdiyi pulun hansısa formada geridönüşünü tələb edir. Hər kəs bir az da bunu düşünsün.
 

"İsaşünas deyiləm"
 

- İsa Qəmbər Musavat Pariyasına başqanlıq üçün namizədliyini yenidən irəli sürüb. Buna antidemokratik hərəkət deyənlər var. Əvvəllər birgə siyasi mübarizədə olmuş siyasətçi kimi buna münasibətiniz necədir?
 

- Mən İsaşünas deyiləm, bunu özü bilər. Müsavatın daxili işinə qarışmıram. Axan çaya mən bir dəfə girərəm.
 

- Prezident İlham Əliyev seçkilərdən sonra Azərbaycanın yeni dönəmə girdiyini elan etdi. Siz yeni dönəmi necə görürsünüz?
 

- Parlament seçkilərində görəcəyik. Prezident deyibsə, görünür istinad etdiyi, yaxud da fikrində tutduğu hansısa işlər var.
 

- Şeirə, ədəbiyyata marağınız məlumdur. Bilmək istərdik ki, hansı kitabları oxumağa üstünlük verirsiniz?
 

- Mən əlimə düşən hər bir kitabı oxuyuram. Yetər ki, vaxtım olsun.
 

- Müasir yazarlardan kimləri daha çox bəyənirsiniz?
 

- Bütün yazarları tanıyıram. Hamısını da sevirəm. Mənim üçün yaxşı müəllif yoxdur, yaxşı şeir və əsər var. Mən bir şairin bir şeirini sevə bilərəm. Amma mən şeiri sevərəm, şairi yox. Şairi sevməyə məcbur deyiləm. Mən şeiri sevməyə borcluyam. Hamının yazdığına baxıram. Hamının yazdığının içərisində sevdiyim nəsə var. Siz iki şeir yaza bilərsiniz. Birini bəyənərəm, birini bəyənmərəm. Səni 50 faiz sevirəm, 50 faiz sevmirəm deyə bilərəm? Belə bir şey ola bilər? Şeir ruh halıdır. Baxır hansı ruh halında sən şeir dinləmək istəyirsən.Tutaq ki, Məmməd Arazın 

“Vətən mənə oğul desə, nə derdim
Mamır olub qayasında bitərdim”

misralarını sevgi əhval-ruhiyyəsində dinləməyə heç kəsin həvəsi olmur.
 

"Memuar yazmaq məsələsinə baxacam"
 

- 19-20-ci əsrlərdə Azərbaycan ailələri az qala şairlərin yaratdığı ruhla bağlı olub. Siz bu gün Azərbaycan ailə institutuna necə baxırsınız?
 

Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!
 

İçi sənətə, ədəbiyyata, maarifçiliyə bağlı olan adam Vaqifin bu şeirini oxuyurdu… O vaxt internet, sosial şəbəkələr yox idi. İnsanlar ağızdan-ağıza keçən şifahi xalq ədəbiyyatı ilə tərbiyələnirdi. İndi insanlar üçün bir elektron variant var. Bu, TikTok-dur, sosial şəbəkə seqmentidir. Sənin nə deməyindən asılı olmayaraq, mütləq uşağın, yeniyetmənin, gəncin əlində olan telefon onun tərbiyəsinə təsir edir. Bu gün belə sosial şəbəkələri icad edən və orada informasiya ötürənlər bizlə bir yerdə valideyn funksiyası həyata keçirirlər. Bizim valideynlik funksiyamız onların "valideynlik funksiyası"ndan çox-çox aşağıdır. Çox təəssüf, onlardan bəzən pis şeylər götürürlər. Reallıq budur. Biz reallıqları qəbul etməliyik. TikTok-un, digər sosial şəbəkələrin qarşısına sədd qoymaqla insanları tərbiyə edə bilmərik. Bununla biz onları zombiləşdirir, texnologiyadan uzaqlaşdırırıq. Biz yeni dünyaya açıq verə bilmərik. Amma biz nədən narazıyıqsa, onu gətirənlər bu seqmentlərdir. Zaman keçəcək, alışacağıq. 2000-ci ilin əvvələrində Facebook yeni açılanda evdə ata qızını bu sosial şəbəkəyə girməyə qoymurdu. “Qız uşağısan, sənin Facebook-da nə işin var?” deyirdilər. Zaman keçdi. İndi Facebook ən mədəni platformalardan biri hesab olunur. İndi Azərbaycanda TikTok əleyhinə danışılır. İnsan belədir ki, yeni bir şey olanda bütün enerjilərini, mənfiliklərini ora tökür. Sonra yavaş-yavaş hər şey durulmağa başlayır. Darıxmayın…

İnsanlarımız zaman-zaman bu durumların içindən keçəcək. Bəli, televiziya startegiyamız fərqli olmalıdır. Biz nəyə üstünlük verəcəyimizi müəyyənləşdirməliyik. Məsələn, televiziyalar yaxşı ailə nümunələrini göstərmirlər. Gedib 50-60 illik evliləri tapıb, bunun necə olduğunu, ötən illər ərzində bir-birnin sözlərini necə qəbul etdiklərini televiziya vasitəsilə göstərmirlər. Əksinə, telekanallar gedib “xəyanət edən”i tapırlar və təqdim edirlər. Nəticədə, insanlar pisə öyrəşirlər. Yaxud soruşurlar ki, "necə müğənni oldun?". Qadın cavab verir ki, "boşandım, sonra müğənni oldum". Yəni bunun sənətə bağlılığı olmadığı, həyatda qalmaq üçün yer axtardığı görünür. Bəzən gedib kimlərisə Rusiyadan tapıb gətirirlər. Burada məlum olur ki, sən demə, Rusiyaya gedənlərin hamısı orada ailə qurub və uşaqları varmış. Bu, əks təbliğatdır. İnsanın tərbiyəsi üçün çox pis nəticədir. Bundan sonra kiminsə, qeyri-qanuni övladı olanda deyəcək ki, “görmürsünüz, hər gün birinin bir uşağı çıxır”.
 

- Siz Azadlıq hərəkatında olmusunuz, siyasi mübarizədə qalmaqallı hadisələr yaşamısınız. Siyasi fəaliyyətinizlə bağlı memuar yazmağı düşünürsünüz?
 

- Mən hələ qocalmamışam. Qocala bilsəm, imkan olsa, memuar yazmaq məsələsinə baxacam.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?