Modern.az

Separatçıların mühakiməsi Nürenberq məhkəməsindəki kimi olmalıdır! - MÜSAHİBƏ

Separatçıların mühakiməsi Nürenberq məhkəməsindəki kimi olmalıdır! - MÜSAHİBƏ

Müsahibə

30 Sentyabr 2023, 14:56

Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri, ermənilərin Qarabağdan könüllü surətdə kütləvi köçü, eləcə də Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın oktyabrda keçiriləcək görüşü və Rusiya sülhməramlılarının Qarabağdakı mövcudiyyəti kimi gündəm mövzuları sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müzakirə etdik.
 

Modern.az sabiq nazirlə müsahibəni sizə təqdim edir:
 

- Azərbaycan Ordusu sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda lokal antiterror tədbirlərinə başladı və öz missiyasını 24 saatdan az bir müddətdə uğurla başa çatdırdı. Necə düşünürsünüz, antiterror tədbirləri labüd idi?
 

- Antiterror tədbirləri labüd idi. Antiterror tədbirlərindən əvvəl terrorçuların müharibəyə başlamaq niyyəti göz qabağında idi. Polislərin şəhid olması, mülki insanların qətlə yetirilməsi... Separatçılar elə güman edirdilər ki, Rusiya sülhməramlıları onlara sipər olacaq. Onlar da terror müharibəsini illərlə davam etdiriləcəklər.  Azərbaycanın iradəli siyasəti nəticəsində həmişəlik məhv oldular. Müsadirə olunan silahların arasında partlayıcı maddələr var ki, onlar sırf terror aktları üçün hazırlanıb.
Xankəndidəki qanunsuz mitinqlərdə milyarder Ruben Vardanyan kimi cinayətkarlar zərərli fikirlər səsləndirirdilər. Orada qalıb vuruşacaqlarını deyirdilər, diplomatlara, məmurlara qarşı terrora əl atacaqlarını söyləyirdilər. Buna görə onların əlləri antiterror tədbirləri ilə kəsildi.
 

- Antiterror tədbirlərindən sonra Qarabağdan xeyli sayda erməni köçməyə başlayıb. Bunu necə qiymətləndirirsiniz?
 

- Humanitar yardımın özünə varlanmaq mənbəyi kimi baxırlar. Burada məqsədlərin çox olduğu aydın görünür. Ancaq yaddan çıxarmasınlar ki, bizdə hər bir maşının, insanların getməsi hesablanır. Axırda biz dəqiq rəqəmi deyəcəyik. Buradakı 8-10 min hərbçi və onların ailələri 25-30 min rəqəmi təşkil edir. Ermənilərin sivil "administrasiyası" da köçənlər arasında ola bilər. Bunlar hamısı Ermənistan büdcəsindən maliyyələşən şəxslərdir. Başa düşürlər ki, artıq onlara maaş verən olmayacaq. Onlar buranı tərk edir. Yaxşı başa düşürlər ki,  öz qonşularına qarşı nə qədər haqsızlıq ediblər. Öz günahlarını yada salarkən  düşünürlər ki, o qonşulara baxmağa üzləri olmayacaq. İşğal edilən əraziləri talan ediblər. Talançılıq ən böyük cinayətlərdəndir.
 

- Qarabağdakı erməni silahlı qüvvələri artıq tərk-silah edilib. Belə olan halda Rusiya sülhməramlılarının orada fəaliyyətinə ehtiyac varmı?
 

- Bizim məqsədimiz peoseslərin normal siyasi səpgidə keçməsidir. Bu zaman nə tələsikliyə, nə də gecikməyə yol verilməməlidir. Vəziyyətin əsas meyarı Qarabağda nə qədər erməni əhalisinin qalacağı ilə bağlıdır.
Sülhməramlıların missiyanın ilk vaxtlarda məqsədi hansısa “təmas xətti” və təhlükəsiz zona yaratmaq idi. İndi isə buna ehtiyac yoxdur. Bütün hərbi qruplaşmalar tərk-silah edilib. Artıq orada təhlükəsizliyin qorunması polis və hərbi polis tərəfindən həyata keçirilir. Buna uyğun olaraq sülhməramlı missiyasının vəzifələri, onların sayı müzakirə obyekti olacaq. Əgər ehtiyac yoxdursa, sayları azaldılacaq. Sülhməramlıların polis missiyasını aparması düzgün deyil. Dünyanın heç bir yerində belə bir praktika yoxdur. Vəziyyəti  təsəvvür etmək üçün polis missiyasının harda aparıldığına baxmalıyıq. 90-cı illərdən başlayaraq polis missiyası keçmiş Yuqoslaviya bölgəsində istifadə olunur. Bizdə yetərincə təcrübəli polislər var. Bəlkə də 2025-ci ilə qədər polis xidmətləri aparılacaq. Ermənilərin sayı lap az olsa, buna da ehtiyac olmayacaq.
 

- Ruben Vardanyan bu yaxınlarda Azərbaycan xüsusi xidmət orqanları tərəfindən həbs olundu. Ermənilər bununla bağlı Azərbaycanı müxtəlif beynəlxalq məhkəmələrə vermək istəyir. Onların bu hərəkətlərlə nəyəsə nail ola bilər?
 

- Heç bir məhkəmə bununla bağlı qərar verə bilməz. Çünki bura Azərbaycanın yurisdiksiyasıdır. Separatçılar  Azərbaycan ərazisində qanunları ciddi şəkildə pozduqlarına görə məsuliyyətə cəlb olunurlar.
Ermənistanın məhkəməyə müraciət etməyinə ehtiyac yoxdur. Biz özümüz onlara məhkəmə quracağıq. Onları ifşa edəcəyik. Törətdikləri cinayətləri sübuta yetiriləcək. Məhkəmə açıq olacaq. Biz axıra qədər gedəcəyik. Cinayətkarların mühakiməsi Nürenberq məhkəməsindəki kimi olmalıdır. Çünki onların millətçilik düşüncəsi faşist ideologiyasına əsaslanır. Onların ideologiyasının əsasını Nijde qoyub. 1930-cu illərdə İtaliyada olarkən Mussolonidən təsirlənib və bu ideologiyanı yaradıblar. Bu, Ermənistanın dövlət ideologiyasıdır. Bizim dövlətimiz bu faşist ideologiyasının qurbanı olub. Biz onları ifşa etməliyik və qanunlarımız əsasında məhkum etməliyik. Vardanyanla yanaşı, bütün cinayətkarlar mühakimə olunacaq. Nijde ideologiyası türklərə qarşı ideologiyadır. Mən şübhə etmirəm ki, mühakimə prosesinə beynəlxalq jurnalistlər də cəlb olunacaq. Antitürk ideologiyasını ifşa etmək üçün beynəlxalq mexanizmlərdən istifadə etməliyik.
 

- Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 5-də görüşəcəklər. Görüşdə nələr müzakirə olunacaq, hansısa razılıq ola bilərmiı?
 

- Sülh müqaviləsinin imzalanması istiqamətində 3-4 əsas problem var. Ermənilər əvvəl belə tələb irəli sürürdülər ki, “Qarabağ problemi” danışıqlarda beynəlxalq iştirakla öz həllini tapsın. Amma Azərbaycan bunu özünün daxili işi olduğunu bildirdi. O məsələ artıq həll edildi. İndiki mərhələdə bu əsa mövzu əsas deyil.
“Qarabağ problemi” Azərbaycan əsgəri tərəfindən gündəmdən çıxarılıb. 
Ortada kommunikasiyaların açılması və sərhədlərin bərpası məsələsi qalıb. 1991-ci ilin deklarasiyası artıq işləmir. Çünki ermənilər ondan imtina edib. Deyiblər ki, xüsusi düzəliş var. Guya onlar Qarabağı Ermənistana birləşdiriblər və təzə sərhədləri var. Hüquqşünaslar yaxşı bilirlər ki, iki sərhəd birdən ola bilməz. Onlar özləri öz sərhədini denonsasiya ediblər. Onlar sonuncu təkliflərində 1975-ci il xəritəsini istədiklərini deyiblər. Bu məsələdə müzakirələr ictimaiyyət tərəfindən açıq şəkildə baş verir. Bizim ictimaiyyətimiz də deyir ki, “Niyə 1975-ci il? 1920-ci il də ola bilər. Sizə Zəngəzur və Göyçə mahalını veriblər. Sovet hökuməti Azərbaycan xalqının rəyini almadan bu qərarı qəbul edib. Bu niyə əsas olsun? Burada uzunmüddətli müzakirələr olacaq.
Zəngəzur dəhlizi və digər kommunikasiyalarla bağlı da müzakirələr olacaq. Bizə dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsi məsələsi müzakirə oluna bilər. Müzakirələrin gündəmi fərqli olacaq. Yenə də mürəkkəb mövzular qalıb. Onların tez bir zamanda həllini gözləmirəm.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok