Modern.az

Azərbaycanlıların deportasiyası ilə bağlı cinayət işi açılıb - MÜSAHİBƏ

Azərbaycanlıların deportasiyası ilə bağlı cinayət işi açılıb - MÜSAHİBƏ

Müsahibə

2 Oktyabr 2023, 10:44

Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev AZƏRTAC-a  müsahibə verib. Modern.az həmin müsahibəni təqdim edir:

- Hörmətli Kamran müəllim, əvvəlcə Sizi milli prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Prokurorluq orqanlarının bu ilin əvvəlindən indiyədək gördüyü işlər barədə məlumat verməyinizi xahiş edirik.
 

- Təşəkkür edirəm. Bütün dövrlərdə olduğu kimi, ötən dövrdə də - bu ilin əvvəlindən indiyədək - prokurorluq orqanları qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə fəaliyyətlərini uğurla davam etdiriblər.

Belə ki, son bir il ərzində prokurorluq orqanları tərəfindən əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 15 qəsdən adam öldürmə cinayətinin daxili işlər və dövlət təhlükəsizliyi orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilməklə ibtidai istintaqın yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Eyni zamanda, ötən bir il ərzində qeyri-aşkar şəraitdə törədilmiş 22 qəsdən adam öldürmə cinayətinin isti izlərlə açılması təmin edilib.

Bağlı qalmış cinayət işlərinin açılmasında Daxili işlər orqanları və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının göstərdiyi əməliyyat dəstəyini xüsusi qeyd etmək istəyirəm.

Son bir il ərzində prokurorluq orqanlarında aparılmış istintaq tədbirləri ilə istintaqı tamamlanmış cinayət işləri üzrə 117 milyon 974 min manat məbləğində vurulmuş maddi ziyandan 34 milyon 226 min manat, həmçinin qanunvericiliyin tələblərinə əsasən cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 4 milyon 696 min manat vəsaitin ödənilməsinə nail olunub, eləcə də 4 milyon 196 min manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulub.

Prokurorluq orqanlarında normayaratma və hüquq tətbiqetmə fəaliyyətinin həyata keçirilməsi üzrə də ötən bir il ərzində səmərəli işlər görülüb, Baş Prokurorluq tərəfindən Konstitusiya Məhkəməsinə 7 sorğunun hazırlanaraq göndərilməsi, habelə Konstitusiya Məhkəməsində baxılan işlər üzrə 9 yazılı rəyin verilməsi təmin edilməklə konstitusiya icraatında iştirak edilib.

Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq tərəfimdən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Respublikanın 66 rayonunda (şəhərində) ümumilikdə 14 bölgədən 585 vətəndaş qəbul edilməklə müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun həlli barədə Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe prokurorlara müvafiq göstərişlər verilib.

Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədi ilə keçən ilin noyabr-dekabr aylarında Özbəkistan Respublikası Baş Prokurorluğunun Akademiyası və Türk Ədliyyə Təlim Şəbəkəsi ilə, eləcə də cari ildə Macarıstan Respublikası Baş Prokurorluğunun Avropa və beynəlxalq əlaqələr idarəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi arasında geniş və səmərəli əməkdaşlığı əhatə edən memorandumlar imzalanıb.

Beynəlxalq əməkdaşlıq sahəsində də ötən bir il uğurlu olub. Müxtəlif beynəlxalq tədbirlərdə iştirak edilib, o, cümlədən Bakı şəhərində mötəbər beynəlxalq tədbirlər təşkil edilib. Həmçinin, ötən bir il ərzində cinayət törətməklə istintaqdan gizlənmiş 31 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Eyni zamanda, cinayət işləri üzrə xarici dövlətlərdən daxil olan hüquqi yardım haqqında 124 sorğu müvəffəqiyyətlə icra edilib.

Xüsusi qeyd etmək istəyirəm ki, bu ilin mart ayından etibarən prokurorluq orqanlarında “Elektron prokurorluq” informasiya sistemi tətbiq edilməkdədir. Həmin sistemin cənab Prezident İlham Əliyevin 1 avqust tarixli Fərmanı ilə yaradılmış Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə, Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” İnformasiya Sisteminə inteqrasiya edilməsi ilə bağlı işlər görülür.
 

- Hesabat dövründə neçə nəfər prokurorluq işçisi mükafatlandırılıb, habelə vəzifədə irəli çəkilib? Dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları arasında gender siyasəti, qadın əməkdaşları vəzifədə irəli çəkilməsində prokurorluğun xüsusi yeri var...
 

- Hesabat dövründə 345 prokurorluq işçisi mükafatlandırılıb, habelə 49 prokurorluq işçisi vəzifədə irəli çəkilib. Onu qeyd edim ki, prokurorluq orqanlarında da ölkəmizdə aparılan gender siyasətinə uyğun olaraq qadın əməkdaşlar çalışmaqdadır. Belə ki, prokurorluq orqanlarında çalışan qadınlar prokurorluq işçilərinin 8,5 faizini təşkil edir. Qadın prokurorluq əməkdaşlarından 8-i rəhbər vəzifələrdə çalışır. Onlardan 1 nəfər idarə rəisi, 2 nəfər rayon prokuroru, 3 nəfər idarə rəisinin müavini, 1 nəfər rayon prokurorunun müavini, 1 nəfər şöbə rəisi vəzifəsində işləyir.
 

- Ötən müddətdə prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə neçə elan verilib və nəticədə neçə nəfər işə qəbul olunub?
 

- 2002-ci ildən bəri prokurorluğa qulluğa qəbulla bağlı 24 müsabiqə keçirilib, 24 müsabiqə üzrə 7001 namizəd müraciət edib və onlardan müvəffəqiyyət qazanmış 1 151 namizəd prokurorluq orqanlarında qulluğa qəbul edilib. Bu gün prokurorluq işçilərinin 88,3 faizini müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslər təşkil edir. 25-ci müsabiqə bu il elan edilib və hazırda davam edir. Oktyabrın 10-da ilkin mərhələ olan test imtahanının keçirilməsi nəzərdə tutulub.

Müsabiqə ilə bağlı müraciət edən Azərbaycan gənclərinin ümumi dünyagörüşü, nəzəri bilik səviyyəsi yüksək olmaqla, qəbul zamanı bu məsələlərə xüsusi önəm verilir. Qeyd etmək istəyirəm ki, ümumiyyətlə prokurorluq orqanlarına müsabiqə yolu ilə qəbul edilmiş gənclərin 158-i sonrakı dövrdə yuxarı təsnifat vəzifələrinə irəli çəkilib.
 

- Artıq uzun müddətdir ki, işğaldan azad olunmuş ərazilərdə dövlət qurumlarının inzibati binaları istifadəyə verilir. Bu sıraya prokurorluq orqanlarını da əlavə etmək olar. Ötən müddətdə işğaldan olunmuş rayonlarda açılışı olmuş prokurorluqların inzibati binaları və onların fəaliyyəti barədə də məlumat verməyinizi istərdik.
 

- Vətən müharibəsində zəfər əldə etdikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə ölkə başçısı cənab İlham Əliyevin bilavasitə rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə bütün dünyanı heyrətləndirən quruculuq və bərpa işləri gerçəkləşdirilir. Yeni-yeni yaşayış binaları, inzibati binalar tikilib istifadəyə verilib.

Cənab Prezident İlham Əliyevin 1 aprel 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” Sərəncamı ilə Qubadlı, Kəlbəcər Hərbi Prokurorluğu və Qarabağ Hərbi Prokurorluğunun əsasında Ağdam Hərbi Prokurorluğu yaradılıb, qısa zaman kəsiyində müasir tələblərə cavab verən Qubadlı və Kəlbəcər hərbi prokurorluqlarının müvəqqəti inzibati binaları istifadəyə verilib.

Eyni zamanda bu ilin iyun ayının 22-də işğaldan azad edilmiş Laçın şəhərində rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib, Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin Laçın rayon dislokasiyası yaradılıb. Qeyd etmək istəyirəm ki, prokurorluq orqanlarının ənənəvi tarixi fəaliyyəti, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasətə sadiqliyi və bu siyasətin həyata keçirilməsinə yüksək dəstəyi nəticəsində prokurorluq orqanları işğaldan azad edilmiş ərazilərdə hüquq qaydasının təmin edilməsi və möhkəmləndirilməsi, insan və vətəndaşların hüquq və azadlıqlarının qorunması, cinayətkarlıqla mübarizə üzrə digər orqanlarla əlaqəli şəkildə fəaliyyətini bundan sonra da yüksək səviyyədə yerinə yetirməklə, göstərilən etimadı daha da yüksək səviyyədə doğrultmağa, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən tam şəkildə gəlməyə davam edəcək.
 

- Bu il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin qanunsuz silahlı qruplaşmaları tərəfindən dövlət və özəl qurumların əməkdaşlarına, o cümlədən polislərə qarşı terror hadisələri törədilib. Hazırda həmin hadisələrlə bağlı başlanmış cinayət işinin istintaqı nə yerdədir?


- Qeyd etdiyiniz tarixdə Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən qanunsuz erməni silahlı birləşmələrinin terror əməlləri üzrə DTX-də istintaq aparılır və artıq cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Həmin cinayət əməllərinin törədilməsində hər hansı formada iştirakı olan bütün şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və məhkəmə qarşısına çıxarılmaqla ədalətli cəza alması təmin ediləcək.
 

- Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə aktiv iştirak edən, hazırda həbsdə olan Xaçaturyan Vaqif Çerkezoviçlə bağlı cinayət işinin istintaqı da ictimaiyyət üçün maraqlı olardı. İstintaq hansı mərhələdədir?
 

- Məlumunuz olduğu kimi, azərbaycanlılara qarşı qanunsuz erməni birləşmələri tərəfindən son 35 ildə amansız cinayətlər törədilib. Həmin cinayət əməlinə yol verən şəxslərdən biri də Xaçaturyan Vaqif Çerkezi olub.

Onun iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezi barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezi səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

22 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs Vaqif Xaçaturyana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və 29 sentyabr 2023-cü il tarixdə isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Vaqif Xaçaturyana cinayət qanunvericiliyinə uyğun olaraq ədalətli cəza verilməsi təmin ediləcək.
 

- Bir müddət əvvəl azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırıma məruz qoyulması faktları əsasında Baş Prokurorluqda cinayət işi başlanıb. Həmin iş üzrə istintaqın hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz?
 

- Öz doğma tarixi torpaqları olan Qərbi Azərbaycandan (hazırkı Ermənistan Respublikasının ərazisindən) Azərbaycan əsilli şəxslərin qovulmaları, təqib olunmaları, soyqırıma məruz qalmaları, xüsusi amansızlıqla qəsdən öldürülmələri, yaşadıqları ərazilərin adlarının qəsdən dəyişdirilməsi, məhv edilməsi, onlara məxsus tarixi-mədəni abidələrin dağıdılması faktları üzrə 30 mart 2023-cü il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 103 (Soyqırım), 107 (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (Təqib) və 120.2.4 (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanılıb, istintaq qrupu yaradılaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilib ki, Ermənistanın siyasi rəhbərliyinin “Böyük Ermənistan” ideyasının həyata keçirilməsi istiqamətində hazırda Ermənistan Respublikası adlandırılan ərazinin azərbaycanlılardan tamamilə təmizlənməsi planının həyata keçirilməsi üçün təşkil etdiyi qanunsuz silahlı birləşmələr tərəfindən 1905-1907, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə mərhələli şəkildə vahid qəsdlə hazırda Ermənistan adlandırılan ərazilərdə yaşayan azərbaycanlıların milli və etnik mənsubiyyətlərinə görə bütövlükdə məhv edilməsi məqsədilə onların milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən həyatdan məhrum edilib öldürülmələri, sağlamlıqlarına ağır zərər vurulması, azərbaycanlıların bütövlükdə fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaradılmaqla onlara qarşı soyqırımın törədilməsi, beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan onların qanuni yerləşdiyi yerlərdən qovulması və digər məcburi hərəkətlərlə tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiya edilib didərgin salınması, habelə beynəlxalq hüquq normaları ilə qadağan edilmiş milli, etnik, mədəni və digər əsaslara görə əsas hüquqlardan kobudcasına məhrum olunmaqla təqib edilmələri nəticəsində Zəngəzur, İrəvan, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə 1905-1907 və 1918-1920-ci illərdə çoxsaylı Azərbaycan əsilli şəxslər erməni silahlı qüvvələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib, mülkləri yandırılaraq məhv edilməklə əmlakları talanıb, 1918-ci ilin mart ayınadək təqribən 135.000 nəfər, 1948-1953-cü illərdə təqribən 100.000 Azərbaycan əsilli şəxslər öz doğma tarixi torpaqlarından – indiki Ermənistan ərazisindən zorla köçürülməyə, təqibə və deportasiyaya məruz qoyulmuş, 1987-1991-ci illərdə 250.000-dən artıq azərbaycanlı öz mülklərindən zorla qovularaq 216 azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilməklə həyatdan məhrum edilib.

Cinayət işi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Qərbi Azərbaycan İcması İctimai Birliyi və digər qurumlarla strateji koordinasiya yaradılıb, iş üzrə zəruri sübutların toplanması məqsədilə aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan əsilli şəxslərə qarşı cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri tədbirlər görülür.


- 2020-ci ildən etibarən prokurorluq orqanlarının fəaliyyətini nəzərdən keçirən zaman görürük ki, bu qurum cinayət işlərinin istintaqı, ibtidai araşdırmaya prosessual rəhbərlik və məhkəmədə dövlət ittihamının müdafiəsi kimi ənənəvi fəaliyyətlə paralel olaraq günümüzün ən aktual mövzularından olan ictimai maraqların qorunması, ekoloji hüquqpozmalara qarşı mübarizə, xüsusi müsadirə məsələləri, cinayət yolu ilə əldə olunan aktivlərin aşkarlanması kimi sahələrdə də böyük nailiyyətlər əldə etmişdir. Bu sahədə əldə olunan nəticələr və müsbət təcrübə barədə məlumat verərdiniz...
 

- Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Baş Prokurorluğun yeni strukturu təsdiq edilib və yeni Cinayət təqibindən kənar icraatlar idarəsi və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri təsis edilib. Həmin qurumların funksiyaları Baş Prokurorluğun “İşin Təşkili Qaydaları” ilə tənzimlənir. Həqiqətən də bu qurumların yaradılması vurğuladığınız sahələrlə bağlı irəliləyişlərə səbəb olub. Belə ki, ekoloji hüquqpozmalar, xüsusilə qanunsuz ağackəsmə cinayətlərinin aşkar edilməsi, dövlətə dəymiş ziyanın ödənilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində addımlar atılaraq təkcə ilkin araşdırma dövründə 1 milyon manatdan çox dəymiş ziyan ödənilməklə, 400-ə yaxın cinayət işi başlanıb. Bundan başqa, inzibati xətalar haqqında qanunvericiliyin düzgün tətbiq olunmasına prokuror nəzarəti gücləndirilməklə həm tabe prokurorluqlarda, həm də inzibati protokol tərtib etmək səlahiyyətinə malik olan qurumlarda inzibati icraatların aparılması ilə əlaqədar vahid təcrübəyə nail olunması və müsbət iş təcrübəsinin yayılması təmin edilib.

Eyni zamanda sosial təhlükədə olan və zorakılığa məruz qalan azyaşlıların qorunması ilə bağlı da müəyyən işlər görülməklə, bu sahədə qanun pozuntularına yol verən şəxslər barədə tədbirlərin görülməsi, o cümlədən qanunsuz hərəkətlərə yol verən valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və məhrum edilməsi ilə bağlı məhkəmələrdə iddialar qaldırılıb, zərərçəkmiş uşaqların sığınacaqlara yerləşdirilməsi təmin edilib.

Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi İdarəsinin yaradılmasında əsas məqsəd cinayət yolu ilə əldə edilmiş əmlakların müəyyən edilməsi, izlənməsi, üzərinə həbs qoyulması və müsadirəsi, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi sahəsində effektivliyin artırılmasından ibarətdir. Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və xüsusi müsadirənin təmin edilməsi üçün cinayət yolu ilə əldə olunmuş aktivlərin aşkar edilməsi, izlənməsi, üzərinə həbs qoyulması və müsadirəsi mühüm əhəmiyyət kəsb edir və beynəlxalq standartların tələbinə əsasən bu vəzifə ixtisaslaşmış əmlakın bərpası qurumları tərəfindən həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok