Belə-belə işlər
Yaxşı qız idi. Qonşuluqda yaşayırdı. Gözümüzün qabağında böyümüşdü. Toyuna da getmişdik. Bəy də pis oğlan deyildi. Amma o gün eşitdik ki, boşanıblar.
Hərə bir söz danışırdı. İmanını yandıran da vardı, gümanını beş-on adresə göndərən də. Maraq isə hamını bürümüşdü. Belə gözəl-göyçək, ağıllı, tərbiyəli bir qız, bir-iki ilin gəlini niyə boşanıb axı?
Və günlərin birində baş vermiş bu dadsız hadisənin mənzərəsi qanımızı qaraltdı. Sən demə səbəb… reklamlar imiş.
Təzə gəlin köçən qız canla-başla ev-eşiyinin səliqə-səhmanıyla məşğul olurmuş. Amma günlərin birində islağa qoyduğu corabları əlinə alıb ovxalamaq istəyəndə gözü televiziyadakı reklamlara sataşıb. Ekrandakı qadın hikkə ilə qışqırırmış:
- Sən paltaryuyan deyilsən, qadınsan!
Gəlin riqqətə gəlib. Əlindəki corabları ərinin, qayınatasının, ağappaq köynəkləri ilə birgə paltaryuyan maşina atıb. Düyməni basıb və corabların qara rəngi ağappaq köynəkləri pis günə qoyub. Aləm qarışıb bir-birinə. Oğlanın anası qızın anasına zəng edib dişinin dibindən çıxanı deyib:
- Qızını gəlin köçürəndə ağ ilə qaranın fərqini öyrətsəydin biz də rahat olardıq.
… Qızın başqa qabiliyyətinə də söz yox idi. Bişmiş-düşmüşü hər kəsin iştahını açırdı. Əvvəl-əvvəl hamı onun yeməyini, təmizkarlığını tərifləyirdi. Amma… yenə bu reklamlar:
- Bəsdir! Sən qabyuyan, ətçəkən deyilsən! Qadınsan, marketlərdə yarımfabrikatlar satılır. Al, at qazana üstündən bir-iki diş «qalına blanka», vəsalam!
Yemək-içməyin də dadı qaçdı.
Hirsindən-hikkəsindən qıpqırmızı olan qayınana bir gün bomba kimi partladı:
- Neçə ildi gəlmisən, ağəz? Mən sağ ikən qucağıma bir nəvə alacağam, yoxsa gözüm açıq köçəcəm bu dünyadan?
Gəlin də istəyirdi. Hansı qadın ana olmaqdan imtina edər? Elə xəyalında dünyaya gətirəcəyi övladı sevib-əzizlərkən, ekrandakı həmin o qadın reklam dəqiqələrində ekranı işğal elədi:
- Unutma! Sən qadınsan, inkubator deyilsən!
Gəlin «inkubator» sözündən çox pozuldu. Axşam ərini dilə tutdu, yola gətirdi və qəşəng, balaca, ağappaq bir küçük aldırdı. Və… qayınana nəvə həsrəti ilə oğlunun evinə gəldi. Vəziyyəti öyrənmək üçün. Bu qəşəng, balaca, ağappaq küçük qapı açılar-açılmaz hürə-hürə arvadın üstünə necə cumdusa qadın tirtap yerə düşdü. Neçə saatdan sonra gözünü açdı və dili tutar-tutmaz oğluna dedi:
- Əgər mənim ölməyimi istəmirsənsə, o küçüyü ver o gəlinin qoltuğuna, göndər atasının evinə…
Və deyirəm axı, o qonşu qızı boşanandan bəri həyətlərindən küçük səsi gəlir…