Cəbrayılın Cocuq Mərcanlı kəndində yaşamaq üçün kəndə üz tutan insanların sayı çoxalır. Prezident İlham Əliyevin həmin ərazinin yenidən bərpa olunması barədə imzaladığı sərəncamdan sonra kənddə təmizlik işlərinə start verilib.
Kəndin hazırda yeganı sakini olan Oqtay Həziyev Modern.az-a açıqlamasında ANAMA əməkdaşlarının ərazinin minalaradan təmizləmə işləri apardığını deyib.
“Hal-hazırda Cocuq Mərcanlı kəndində minalardan, partlamamış hərbi sursatlardan təmizləmə işləri aparılır. Ərazinin bir hissəsi təmizlənib. Yeni evlərin bərpası üçün ayrılan ərazi ki var, bu dəqiqə də orada işlər davam etdirilir. ANAMA əməkdaşları ərazidə təmizlik işləri aparır”
Oqtay Həziyevin sözlərinə görə, kəndə müxtəlif yerlərdən insanlar gəlir.
“Prezidentin sərəncamından sonra Cocuq Mərcanlıya axın edən insanların sayı çoxdur. Hələlik, iş gedən əraziyə giriş etməyə icazə yoxdur. Salınacaq evlər üçün ayrılan ərazidə təmizlənmə işlərinin aparılmasından sonra insanları oralara da buraxacaqlar.
Rayonun icra başçısı Kamal Həsənov mütəmadi olaraq mənimlə əlaqə saxlayır. Gün ərzində 5 dəfə telefon edib aparılan işlərlə maraqlanır. Təmizləmə işləri tam yekunlaşandan sonra evlərin tikintisinə başlanacaq”.
Namidə BİNGÖL