Modern.az

Şöbə müdirindən hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ - “Bununla ciddi məşğul olmağın vaxtıdır”

Şöbə müdirindən hüquq-mühafizə orqanlarına ÇAĞIRIŞ - “Bununla ciddi məşğul olmağın vaxtıdır”

13 Mart 2020, 12:44

“Şayiə yayanlara nəinki xəbərdarlıq etmək, onları tapıb cəzalandırmaq lazımdır. Bu kimi yanlış informasiyaların yayılması bizim işimizi çətinləşdirir”.

 

Modern.az-ın məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi” verilişində deyib.

 

Y.Qarayevanın sözlərinə görə, yanlış məlumatlar həm camaatı panikaya salır, həm də proseslərin gedişinə mane olur:

 

“Gün ərzində bu şayiələrlə bağlı onlarla telefon zənginə cavab verməyə, açıqlamalar yaymağa məcbur oluruq. Mən bilmirəm, vətəndaşlar hansı məqsədlə belə məlumatlar yayır. Düşünürəm ki, artıq bununla ciddi məşğul olmağın vaxtıdır. Bir az savadı, dünyagörüşü olan adam başa düşər ki, şəhəri havadan dərmanlamaq mümkün deyil. Mümkün olsa belə bu formada edilmir”. 

 

Şöbə müdirinin sözlərinə görə, hazırda Çin koronavirusu lokallaşdırmağa doğru egdir:

“Pandemiya Avropada artan istiqamətdə yayılmağa davam edir. Sevindirici haldır ki, artıq Çində yeni yoluxmaların sayı kəskin surətdə azalmağa başlayıb. Artıq ölkə bu epidemiyanı lokallaşdırmağa doğru gedir. Ancaq başqa ölkələrdə, xüsusilə də, Avropa ölkələrində hər gün yoluxmaların sayı artır. O cümlədən, ölüm sayları da. Qonşu İranda da yoluxma halları artan istiqamətdədir. 

 

Həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də Çin alimləri təsdiq edib ki, virus mutasiya olur. Virusun iki növü var. Biri daha ağır xəstəliyə səbəb olur, o biri növü yüngül keçir. Belə məlumatlar da var ki, ikinci dəfə xəstəliyə tutulma mümkündür. Virus yenidir, hələ ki, araşdırmalar gedir”.

Twitter
Sizə yeni tvit var
Keçid et