Modern.az

Britaniya “mədəniyyət səhrasına” çevrilə bilər - Risk

Britaniya “mədəniyyət səhrasına” çevrilə bilər - Risk

23 İyul 2020, 23:59

Böyük Britaniyanın parlament üzvləri koronavirus pandemiyası dövründə incəsənət işçilərinin işdən çıxarılması və mədəniyyət müəssisələrinin bağlanması səbəbindən ölkənin “mədəniyyət səhrasına” çevrilməsi təhlükəsindən danışıblar.

 

Modern.az “The Independent” nəşrinə istinadla xəbər verir ki, Britaniya parlamentinin rəqəmsal texnologiyalar, mədəniyyət, KİV və idman məsələləri komitəsi ölkədə mədəniyyət sahəsinin vəziyyəti ilə bağlı məruzə hazırlayıb. Məruzə müəllifləri hökumətin uzun müddət mədəniyyət müəssisələrinin başı üzərini alan təhlükənin miqyasını düzgün qiymətləndirmədiyini iddia edirlər. Onlar Nazirlər Kabinetinin mədəniyyət müəssisələrinə dəstək məqsədilə 1,57 milyard funt-sterlinq vəsait ayırmaq qərarını alqışlasalar da, bunu gecikmiş addım adlandırırlar. Belə ki, ölkədəki bir çox qalereya və mədəniyyət mərkəzləri böhrana tab gətirməyərək bağlanıb. Komitə üzvləri, həmçinin hökumətin peşəkar futbola yardım üçün xeyli səy göstərdiyi halda, teatrlara yetərincə diqqət ayırmadığını da tənqid edib.

 

Komitə rəhbəri, Britaniya parlamentinin Mühafizəkarlar partiyasından olan üzvü Culian Nayt deyib ki, bu məsələdə ehtiyatlı davranılmasa, ölkə “mədəniyyət səhrasına” çevrilmə riski qarşısında qalacaq. “Biz mədəniyyətə aid olan məsələlərdə dünyada ilk yerdəyik. Hazırda bu sahəyə dəyən zərərə qarşı lazımi addım atılmasa, bu, ölkənin mədəni və idman infrastrukturunun məhvinə səbəb ola bilər”, - deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et