II Fəxri Xiyabanı ziyarət edərkən Azərbaycanın ictimai, siyasi, sosial həyatında imzaları olan bu şəxslərin mərmər və qranit daşlara həkk edilmiş soyuq baxışlarını üzərimdən heç cürə yayındıra bilmədikdə həyat və ölüm arasında qısa bir dialoqun iştirakçısına çevrildim. Yadıma bir məsəl düşdü: “Biri var ki, öləndə desinlər: “öldü getdi”, biri də var ki, desinlər: “öldü, eldən getdi”. Bəzi Xiyaban sakinlərinin adını oxuyub da xatırlamadıqda isə qərara gəldim ki, bu yazını hazırlayıb oxucularımızla bölüşüm. Dünyasını dəyişənləri bir daha xatırladaq.
Kimya fənninin respublikada ilk dəfə tədris edən
Azərbaycan dilçiliyinin yenilikçi alimi
Əbdüləzəl Dəmirçizadə. 1909-cu ildə Şəkidə anadan olub. Azərbaycan EA-nın müxbir üzvü, filologiya elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatıdır. O, 1929-cu ildə Bakı şəhərinə gəlib və ADU pedaqoji fakultəsinə daxil olub. Burada B. Çobanzadə, Ə. Haqverdiyev, Y.V. Çəmənzəminli, A. Şaiq kimi görkəmli alim və yazıçılardan dərs alıb. 1936-cı ildə “Türk dili” adlı ilk kitabı, aspiranturanı qurtardıqdan sonra, yəni 1938-ci ildə “Azərbaycan ədəbi dili tarixinin xülasələri” adlı ikinci kitabı işıq üzü görüb. 1940-cı ildə Ə. Dəmirçizadəyə filologiya elmləri namizədi alimlik dərəcəsi verilib. 1943-cü ildən ömrünün sonuna qədər isə APİ-də Azərbaycan dilçiliyi kafedralarına rəhbərlik edib. Onun 20-dən çox kitabı, 200-dən artıq elmi və elmi-metodik məqaləsi çap olunub. Bu əsərdə yenilikçi alim kimi daha çox Azərbaycan dilçiliyinin işlənilməmiş sahələri (fonetika, orfoepiya, etimologiya, üslubiyyat, dil tarixi və s.) araşdırılıb. Azərbaycan dilinin qrammatikası, sintaktik quruluşu, tarixi və s. sahələri əhatə edən Azərbaycan dilçilik elminin bazisi hesab ediləcək onlarla kitab və əsərin müəllifidir. Əbdüləzəl Dəmirçizadə 1979-cu ildə vəfat edib.
Ömrünü quyularda keçirib səmada həlak oldu
Qaraş İbrahim oğlu Əmirov. 26 sentyabr 1926-cı ildə anadan olub. Əmək fəaliyyətinə Bibiheybət rayonunun qazma kontorunda qazmaçı köməkçisi vəzifəsində işləməklə başlayıb. Faşist Almaniyasının üzərində qələbədən sonra neft sənayesini dirçəltmək, hasilatı artırmaq lazım idi. Azərbaycanın Neft Sənayesi naziri Süleyman Vəzirov bu məqsədlə respublikanın Şirvan zonasında kəşfiyyat quyuları qazmaq üçün nazirliyin ən bacarıqlı geoloqlarını və neft ustalarını bu işə cəlb etdi. Qaraş Əmirov respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib. O, VI-VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, partiya qurultaylarının nümayəndəsi olub. Çox dərin quyuların sürətlə qazılmasında və yeni yataqların kəşfində qazandığı müvəffəqiyyətlərə görə 1963-cü ildə o, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. 1971-ci ildə ona “Azərbaycan neft ustası” fəxri adı verilib. Qaraş Əmirov 1973-cü ilin mart ayının 22-də xidməti vəzifəsini yerinə yetirərkən vertalyot qəzasında həlak olub.
Molla etmək istədilər aktyor oldu
Həyatının 50 ilini Azərbaycan teatr sənətinə həsr edən Möhsün Sənani səhnəmizin görkəmli və məşhur aktyorlarından biridir. Sənani onun təxəllüsüdür. Əsl familiyası Cəfərovdur. Möhsün Sənani Cəfərov 19 iyun 1900-cü ildə Tiflisin Şeytanbazar məhəlləsində ruhani ailəsində anadan olub. O, 4-5 yaşında ikən ata-anasını itirib, nənəsinin himayəsində qalıb. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. Nənəsinin məqsədi Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki nənəsinin arzusu yerinə yetir. Səhnəyə marağı olan Sənani 1911-ci ildə birinci dəfə geniş izdiham qarşısına çıxır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəklərdə birpərdəli povestlərdə sınamağa başlayır. Möhsünün ilk rejissoru “Tiflis müsəlman artistləri dəstəsinin müqqədir komik aktyoru” Mirzəxan Quliyev olub. Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları, onun istedadına ümid edirlər. 1915-ci ildə M. Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli (“Arşın mal alan”), Hambal (“Məşədi İbad”), Rzaqulu (“Nadir şah”), Kasio (“Otello”) kimi məsul rollar tapşırılır. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M. Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır. M.Sənani 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan “Səbuhi”, “O olmasın, bu olsun”, “Sehrli xalat” və s. filmləri qeyd etmək kifayətdir. Aktyor 11 fevral 1981-ci ildə Gürcüstanda vəfat edib.
İlk peşəkar rəssam
Qəzənfər Xalıqov 1898-ci ildə anadan olub. Azәrbaycan Dövlәt Rәssamlıq Texnikumunda təhsil alıb. “Molla Nəsrəddin” jurnalında karikaturaçı kimi çalışıb. Xalıqov həmçinin teatr və kino dekorativ sənətkarı kimi fəaliyyət göstərib. Xalq rəssamıdır (1973). Abşeron rayonunun Qobu qəsəbəsində Q. Xalıqovun şərəfinə orta məktəb və küçəyə onun adı verilib. 1981-ci ildə vəfat edib.
Elçin Ağayev