2013-cü il elm xərclərinə 129,1 milyon manat, 2012-ci illə müqayisədə 5,7 milyon manat və ya 4,6 % çox vəsait ayrılması proqnozlaşdırılıb. Bu barədə Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib. Həmin xərclər fundamental elm tədqiqatlarının maliyyələşməsinə yönəldiləcək. Bu sırada Elmin İnkişafı Fonduna 7 milyon manat vəsait ayrılıb.
Səhiyyə xərcləri üçün isə 2013-cü ilin dövlət büdcəsindən 666,3 milyon manat ayrılacaq. Bu, 2012-ci illə müqayisədə 3,6 milyon manat və ya 0,5% çoxdur. Ayrılan vəsaitin 326,8 mln. manatı və ya 49,0 faizi xəstəxanaların, 98,0 mln. manatı və ya 14,7 faizi poliklinikalar və ambulatoriyaların saxlanılması xərclərinə, 232,4 mln. manatı və ya 34,9 faizi səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 9,1 mln. manatı və ya 1,4 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar və səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcək. Son 5 ildə (2009-2013-cü illər) dövlət büdcəsinin cari xərclərində səhiyyə xərcləri 263,9 mln. manat və ya 65,6 faiz artıb.