Modern.az
Qəzənfər Həmidoğlu Rikerin turnesi: sürpriz mesaj olacaqmı?

Qəzənfər Həmidoğlu

Rikerin turnesi: sürpriz mesaj olacaqmı?

5 İyun 2021, 10:15

Qəzənfər Həmidoğlu

Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip T. Riker 6-13 iyunda Gürcüstana, Azərbaycana və Ermənistana səfər edəcək. Səfərin məqsədi “ikitərəfli və regional prioritetləri irəlilətmək”, regionda demokratik və iqtisadi dəstək verməkdir.


Entoni Blinkenin köməkçisi öncə Tbilisidə olacaq, “Riker Gürcüstanın hökumət nümayəndələri, müxalifət və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək”. Məlumata əsasən, Ruker Tbilisidə hakim partiya ilə müxalifətin bir hissəsi arasında siyasi böhrandan çıxılması üzrə aprelin 19-da inzalanmış sazişin icrasını, “Rusiyanın davam edən aqressiyasını və Gürcüstanın işğalını” müzakirə etməyi planlaşdırır.


Analoji görüşlər Azərbaycan və Ermənistanda da keçiriləcək. ABŞ rəsmisi dövlət rəsmiləri ilə yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri, iş adamları ilə görüşlər keçirəcək, “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikitərəfli prioritetləri və sualları müzakirə edəcək”.


Rikerin Qafqaz turnesi əvvəldən planlaşdırılsa da, ABŞ və Rusiya prezidentlərinin iyunun 16-da Cenevrədə keçiriləcək görüşü ərəfəsində gerçəkləşməsi təsadüfi görünmür. Ağ evin mətbuat katibinin müavini Karin Jan-Pyer iki gün əvvəl keçirdiyi brifinqdə Bayden-Putin sammitini Vaşinqtonun “Rusiyanın plan və niyyətlərini anlamağın daha effektiv üsulu” kimi səciyyələndirmiş və yüksək tonla vurğulamışdı: “Bu sammit Rusiyaya hədiyyə deyil, amerikan maraqlarını qorumaq fürsətidir”.


16 iyun sammiti ərəfəsində Ağ evin yüksəkrütbəli məmur-diplomatını Cənubi Qafqaza göndərməsi, özü də turnenin 7 günlük olması özü-özlüyündə region dövlətlərinə və Rusiyaya ciddi geosiyasi mesajdır. Obama və Tramp dönəmindəki durğunluqdan sonra Bayden yenidən regionun ABŞ-ın maraq dairəsində olduğuna işarə edir. Rikerin turnesi Baydenin Putinlə görüşü ərəfəsində sadəcə regionun nəbzini tutmaqla məhdudlaşmayacaqsa və Cənubi Qafqaz daha yüksək statusda Cenevrə sammitinin gündəm maddələrindən biri olacaqsa, bu, artıq fərqli, Kremli məmnun etməyəcək geosiyasi situasiya üçün siqnal ola bilər. Hər halda, Ağ ev bildirir ki, Bayden Cenevrədə Amerikanın maraqları üçün həyati vacib məsələləri müzakirəyə çıxaracaq. Bu ssenari üzrə Bayden administrasiyası bütünlükdə regiona Rusiyanın “arxa bağçası” kimi baxmamaqda israrlıdırsa, hələ Trampın dönəmində Rusiyanı Qərb üçün əsas təhdid adlandıran Riker də adekvat və sürpriz mesajlarla Qafqaz paytaxtlarına gəlirsə və Cenevrədə Putinlə Baydenin sövdələşməsi alınmazsa, sərt nüfuz çəkişməsi aydındır ki, Azərbaycan-Ermənistan sülh danışıqlarını əngəlləyə bilər, eyni zamanda, supergüclərin qarşıdurması Azərbaycana postsavaş maraqlarına uyğun manevr imkanları açır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var