Modern.az

Ermənistanla hərb, yoxsa sülh?..

20 May 2021, 15:48

Ən geci bu gün bölgənin taleyini həll edəcək hadisələr gözlənilir. Ermənistanda seçkilərin olacağını bilən Azərbaycan tərəfi Azərbaycan- Ermənistan və Rusiya arasında dövlətlərarası sənədin imzalanmasını tələb edir.

Bu sənəddə Ermənistanla sərhədlərimizin demarkasiya prinsipləri, Qazaxın işğal altında olan kəndləri, Zəngəzurdan keçəcək 2 dəhlizin: Meğridən dəmiryolu və Sisiandan avtomobil yolu (hər biri 5 km enində) məsələri öz əksini tapmalıdır.

Məhz buna görə bizim əsgərlər 1974-cü il Sovet xəritələrinə uyğun mövqelərə çıxdılar. Ermənistan isə öz sərhədlərini bu sənədə əsasən deyil, daha yeni xəritəyə görə aparmaq istəyir və məhz bu  səbəbdən artıq 8-ci gündür Ermənistanın ərazisinin işğal edildiyinə dair hay-şivən salır.

Paşinyan bu 8 gündə Rusiyaya və müttəfiq ölkələrə tək-tək hərbi yardım üçün müraciət etdi və hamısından rədd cavabı aldı. Paşinyan bu hərəkəti ilə Rusiya ilə müttəfiqliyin mənasız olduğu fikrini erməni cəmiyyətinə yeritdi. İndi orada bir həngamə başlayıb, gəl görəsən.

Ermənistan cəmiyyətində dəhlizin açılması əleyhinə aparılan təbliğatı bir az sındırmaq üçün Rusiya tərəfi öz adamları (Aram Qabrelyanov) araçılığı ilə "dəhliz o qədər də pis bir şey deyil" dedirtdi və...bununla da Köçəryanı batırmış oldular. Faktiki olaraq dəhliz məsələsində Rusiya dalana dirənmişdi; özü dəhliz istəyir, amma onun Ermənistandakı adamları dəhlizə qarşı təbliğat aparırdılar. Rusiya dəhlizə qarşı hissləri bir az yumşaltmağa çalışanda, sanki Köçəryanı batırdı.


Nə isə.


Paşinyan hökumət iclasında Azərbaycanla bu sənədi müəyyən şərtlərə imzalayacağını bildirdi.

Və...


Ya Köçəryan, digər müxalif qüvvələr və xalq höküməti böyük mitinqlərlə bu sənədi imzalanmaqdan vaz keçirməlidir.


Bu zaman Azərbaycan ordusu artıq Ermənistanın içində müxtəlif yüksəklikləri ələ keçirməyə başlayacaq və faktiki müharibə başlanacaq.

Ya da heç kəs Paşinyana etiraz etməyəcək və nəhayət ki Ermənistanla sülhdən danışa biləcəyik.


Doğrudur, gələcəkdə də erməni tərəfi cığallıq edəcək, amma əldə belə sənəd olandan sonra onları dinləyən kim?!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir