Modern.az

Birlik ovqatını gücləndirən ƏFV

18 Mart 2021, 21:34

Elman Babayev

 

44 günlük Vətən Müharibəsində siyasi mövqeyindən asılı olmayaraq Azərbaycan xalıqının tək yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşməsi dövlət-xalq birliyinin elə bir modelini ortaya qoydu ki, hamı bu mənzərənin daimi olmasının vacibliyini dönə-dönə vurğulayırdı.

 

Müharibədən sonra davam etdirilən yeni islahatlar, Qarabağda təxirəsalınmadan başladılan quruculuq işləri, müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək üçün həyata keçirilən genişmiqyaslı tədbirlər, çözülən bir sıra problemlər siyasi islahatlarla tamamlanmaqdadır. Prezidentin Novruz bayramı ərəfəsində imzaladığı növbəti əfv sərəncamı məhz bu mənada xüsusi əhəmiyyətə malikdir.

 

Əfv edilənlər arasında bir sıra siyasi məhbus kimi qələmə verilən şəxslərin, həmçinin Nardaran hadisələrinə görə həbs olunanların bir qrupunun adlarının olması, xüsusilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi məhkumların cəzasının başqa cəza növü ilə əvəzlənməsi olduqca müsbət addımdır.
Ümumilkdə əfv olunanların əhatə dairəsi kifayət qədər genişdir. Statistikaya diqqət edək. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

 

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər isə cəzadan azad olunub.

 

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.

 

Qeyd olunanlar əfv qərarının təkcə əhatəliliyini deyil, həm də onun siyasi əhəmiyyətini göstərir. Təbii ki, bu da öz növbəsində ölkənin ictimai-siyasi həyatında mövcud olan birlik ab-havasının daha da güclənməsinə təsirsiz ötüşməyəcək.



- 625 ailəyə bayram sevinci bəxş edən əfv qərarı ictimai-siyasi müstəvidə müşahidə olunan müsbət atmosferin qorunub saxlanmasına xidmət edəcək;

 

  • Cəmiyyətdə olduqca müsbət əhval-ruhiyyə yaradan əfv sənədi müharibə dövrü və müharibədən sonra barış, dostluq, anlaşma ovqatına köklənən cəmiyyətdə bu xəttin inkişafına töhfə verəcək;
  • Hakimiyyətin başlatdığı yeni islahatların sözdə islahat olmadığı təsdiqlənməklə, dövlət-xalq birliyini daha da möhkəmləndirəcək.

Siyasi və ictimai yükü ağır olan bu əfv sərəncamı da daxil olmaqla, 2003-cü ildən bəri İlham Əliyev 10-larla belə sənədə imza atıb. Bununla yanaşı, çoxsaylı aministiya aktları ilə xeyli sayda insan azadlığa qovuşub.
Təbii ki, bu faktlar humanizmin, bağışlamağın Azərbaycan hakimiyyətinin ümdə dəyərlərindən olduğunu təsdiq edir və növbəti əfv sərəncamı ilk olmadığı kimi sonuncu da deyil...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı